İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Paşinyana "həddini aşma" mesajı göndərdi: Qərb Ermənistanı Rusiyadan müdafiə etməz

4752 29.12.2022 17:03 Analitika A A

Azərbaycan kimi güclü regional liderlə düşmənçiliyə bir də Rusiya ilə qarşıdurma mühitinin əlavə olunması Ermənistan diplomatiyasının iflasından xəbər verir... Kremlə qarşı bütün "qırmızı cizgiləri" aşan rəsmi İrəvana mümkün cavab reaksiyası Ermənistanın enerji resurslarına olan ehtiyaclarında, sosial-iqtisadi sisteminə vurula biləcək priventiv zərbələrdə, hətta Rusiyanın hərbi fəallığında belə, özünü büruzə göstərə bilər...

Ermənistan geri dönüşü olmayacaq bir "geopolitik cığır"la irəliləməkdə davam edir. Rəsmi İrəvan bütün addımlarını yalnız regional gərginliyin artırılması istiqamətində atır. İndiki situasiyada belə bir "xaos siyasəti"nə bağlı qalmaq əslində, Ermənistan üçün intihar variantından başqa heç nə vəd etmir.

Məsələ ondadır ki, son dövrlərə qədər rəsmi İrəvan daha çox Azərbaycanla sülh prosesini pozmağa, mövcud anlaşmalardan yayınmağa çalışırdı. Bu səbəbdən də, Azərbaycan-Ermənistan münasibətləri normallaşmaq əvəzinə daha da gərginləşirdi. Son vaxtlar isə Ermənistanın siyasi dairələri gərginlik faktorlarını artıraraq, situasiyanı ifrat şəkildə qəlizləşdirməyə başlayıblar.

Belə ki, indi rəsmi İrəvan Azərbaycanla yanaşı, Rusiya ilə də qarşıdurma mühiti yaratmaqda davam edir. Ola bilsin ki, erməni siyasi zehniyyəti vərdişli olduğu "siyasi kapriz" və şantaj taktikasının hələ də effektiv ola biləcəyi qənaətindədir. Yəni, zamanın nə qədər sürətlə dəyişdiyini, məkana nəzarətin hansı tərəfin əlinə keçdiyini anlamaqda açıq-aşkar çətinlik çəkir.

Ona görə də, Azərbaycan kimi güclü regional liderlə düşmənçiliyə bir də Rusiya ilə qarşıdurma mühitinin əlavə olunması erməni diplomatiyasının iflasından xəbər verir. Rəsmi İrəvan hazırda Ermənistanın problemlərini həll etmək əvəzinə onların sırasına yenilərini əlavə etməklə məşğuldur. Və Ermənistanın əsas himayədarı olan Kremlə qarşı sərt ittihamlarla buna nail ola bilirlər.

e04f4bcde80ae850e5ed7019be646517.jpg (219 KB) 

Nə qədər qəribə də olsa, Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşdükdən sonra belə, baş nazir Nikol Paşinyan bu taktikaya sadiq qalıb. Rəsmi İrəvanın Rusiya ilə qarşıdurma cəhdlərinin Qərbdən gələn sifariş olduğu qətiyyən şübhə doğurmasa da, Ermənistan üçün nə qədər təhlükəli xarakter daşıdığı da inkaredilməz reallıqdır. Hər halda, Kreml belə intensiv ittihamlara qətiyyən vərdişli deyil. Hətta rəsmi İrəvanın "cahil cəsarəti" Rusiya siyasi dairələrində müəyyən mənada, çaşqınlıq yaratdığı da diqqətdən yayınmır.

Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə Rusiyanı hədəfə almaqdan özünü saxlaya bilməyib. Onun fikrincə, Rusiya obyektiv, yaxud subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi təmin edə bilmir: "Ona görə də, Rusiya özü BMT Təhlükəsizlik Şurasında sülhməramlı kontingentin BMT mandatı alması və ya bölgəyə əlavə çoxmillətli sülhməramlı kontingentin göndərilməsi barədə məsələ qaldırmalıdır”.

Erməni baş nazir Kremlə yönəlik bu ittihamlarını Şuşa-Xankəndi yolunda Azərbaycan vətəndaş cəmiyyəti fəallarının aksiyasının davam etməsi ilə əsaslandırmağa çalışıb. Baş nazir Nikol Paşinyanın qənaətinə görə, 18 gündür ki, Rusiya üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: "Azərbaycan isə 18 gündür ki, Üçtərəfli Bəyanatın 6-cı bəndini kobud şəkildə pozur".

Göründüyü kimi, erməni baş nazir Azərbaycana və Rusiyaya qarşı eyni absurd ittihamları irəli sürür. Birincisi, Şuşa-Xankəndi yolu bağlı deyil və hər hansı "blokada"dan danışmaq tamamilə yersizdir. Orada sadəcə, Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı dinc etiraz aksiyası keçirilir. Və bu, üçtərəfli anlaşmalarla qadağan olunmayıb.

Digər tərəfdən, üçtərəfli anlaşmalar məhz Ermənistan və erməni separatçı-terrorçular tərəfindən pozulur. Çünki erməni tərəfi Laçın yolundan humanitar məqsədlərlə deyil, məhz hərbi və iqtisadi cinayətlər üçün istifadə edir. Oradan Azərbaycanın Xankəndi və ətraf bölgəsinə silah-sursat, əks istiqamətə, yəni Ermənistana ölkəmizin təbii sərvətləri daşınır.

05be602560b6c4fde518f83889cbb60a.jpg (119 KB) 

Nəhayət, erməni baş nazir nədənsə, üçtərəfli anlaşmanın yalnız 6-cı bənddən ibarət olmadığını da unudur. Əks halda, rəsmi İrəvan Azərbaycanın Xankəndi və ətraf bölgəsindən Ermənistan ordusunun tör-töküntülərini çıxartmaq barədə və s. öhdəliklərini yerinə yetirmək haqda da düşünərdi.Və rəsmi İrəvanın belə absurd, məntiqsiz mövqeyi situasiyanın daha da gərginləşdirilməsindən başqa heç nəyə yaramır.

Üstəlik, erməni baş nazir hələ də anlamaqda çətinlik çəkir ki, Xankəndi və ətraf bölgə beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Yəni, Azərbaycanın Qarabağ regionunda hər hansı fəaliyyət yalnız rəsmi Bakının siyasi iradəsi və ölkəmizin suveren hüquqları çərçivəsində mümkün ola bilər.

Eləcə də, Azərbaycanın Qarabağ regionundakı Rusiya "sülhməramlılar"ına BMT mandatının verilməsi, beynəlxalq qüvvələri cəlb olunması da yalnız rəsmi Bakının razılığına bağlıdır. Halbuki, rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünə aid heç bir məsələni xarici qurumlarla müzakirə etmək niyyətində deyil, heç rus "sülhməramlılar"ın mandatı da bu səbəbdən təsdiqlənməyib. Və heç bir beynəlxalq qurum, xarici dövlət Azərbaycanın daxili işlərinə qarışa bilməz.

Erməni baş nazirin absurd ittihamlarına Rusiyanın reaksiyasına gəldikdəsə, Kreml artıq rəsmi İrəvanın ənənəvi xarakter almağa başlayan hücumlarından qıcıqlandığını gizlətmir. Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova rus "sülhməramlılar"ın tənqid edilməsinin yolverilməz olduğunu vurğulayıb. Və Kremlin təmsilçisi üçtərəfli anlaşmalarla bağlı erməni baş nazirin ittihamlarına cavab olaraq, rəsmi İrəvana olduqca önəmli bir məqamları da xatırladıb.

Mariya Zaxarova erməni baş nazirin diqqətinə çatdırıb ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Rusiya ən yüksək səviyyədə üçtərəfli sazişlərin bütün spektrinə arxalanır: "Biz həm Ermənistan, həm də Azərbaycanla müttəfiq öhdəliklərimizlə bağlı olduğumuzu nəzərə alırıq. Ona görə də vasitəçi kimi biz həmişə bu funksiyanı səmərəli yerinə yetirməyə imkan verən mövqe tuturuq. Ümid edirəm ki, Ermənistan bundan xəbərdardır”.

233991ab74f783e3c4e2d2eae50d5a38.jpg (109 KB) 

Belə anlaşılır ki, Kreml rəsmi İrəvana üçtərəfli anlaşmalarla manipulyasiya cəhdlərinin vəziyyətdən çıxış yolu olmayacağını başa salmağa çalışır. Erməni baş nazirin diqqətinə çatdırılır ki, mövcud problemləri həll etmək üçün üçtərəfli anlaşmaları tam şəkildə yerinə yetirmək lazımdır. Bu baxımdan, Ermənistan ordusunun tör-töküntülərinin hələ də Azərbaycanın Qarabağ bölgəsində qalması rəsmi İrəvanın öz öhdəliklərindən yayıldığını birmənalı şəkildə təsdiqləyir.

Digər tərəfdən, Kreml erməni baş nazirə onu da xatırladır ki, Rusiya yalnız Ermənistanla deyil, həm də Azərbaycanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə malikdir. Yəni, Kremlin yalnız Ermənistan deyil, Azərbaycan qarşısında da müttəfiqlik öhdəlikləri mövcuddur. Bu isə o deməkdir ki, Kreml rəsmi İrəvana qarşılıqlı münasibətlərin və üçtərəfli anlaşmaların sadəcə, Ermənistanın maraqlarından ibarət ola bilməyəcəyini izah edir.

Bütün bunlar onu göstərir ki, Rusiya Ermənistanın ittihamlarına mümkün qədər səbrlə yanaşmağa çalışa da, rəsmi İrəvanın "qırmızı cizgiləri" aşması Kremli qəzəbləndirməkdədir. Ona görə də, Kreml rəsmi İrəvana növbəti dəfə "həddini bil" mesajı vermək məcburiyyətində qalıb. Və Ukrayna savaşında nə qədər çətin duruma düşmüş olsa da, Rusiyanın Ermənistanın davranışlarına uzun müddət səbr göstərməyəcəyi də qətiyyən şübhə doğurmur.

Böyük ehtimalla Kreml Paşinyan hakimiyyətinin Rusiyaya qarşı davranışlarının əsl məqsədinin rəsmən ortaya çıxmasını gözləyir. Rəsmi İrəvan əsas hədəfini, məsələn, Qərbin sifarişini icra edən Ermənistan hər hansı bəhanə ilə KTMT-dan çıxmaq barədə qərarını bəyanladıqdan sonra Kremlin cavab reaksiyasının daha konkret xarakter daşıyacağı gözlənilir. Bu reaksiya Ermənistanın enerji resurslarına olan ehtiyaclarında, sosial-iqtisadi sisteminə vurulan zərbələrdə, hətta Rusiyanın hərbi fəallığında belə, özünü göstərə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR