İnsanlara hürriyət, millətlərə istiqlal!

"Putin NATO-su"nun türk baş katibindən və rus səfirdən iddialar - Bakıya asilik... 

1588 14.04.2023 09:30 Siyasət A A

KTMT baş katibi “təşkilata üzv ölkələrdə sabitliyin pozulması risklər yaranır” deməklə İrəvana jest edib, Kopırkin də Rusiyanın sərhədə KTMT missiyasını göndərməyə hazır olduğunu sevincək dilə gətirib

44 günlük müharibədən sonrakı dövrdə Ermənistanla Azərbaycan arasında bir neçə dəfə ciddi insident olub. Bu hadisələrin hər biri baş verən günlərdə və ondan sonrakı dövrdə Ermənistan ən yüksək səviyyədə KTMT-yə müraciət edərək təşkilatı qəti tədbirlər görməyə çağırıb. KTMT isə öz nizamnaməsi çərçivəsində hərəkət edib, təmkinli davranıb və İrəvanın avantürasına getməyib.

“Yeni Müsavat” bildirir ki, ancaq son vaxtlar bu təşkilat Ermənistana yönəlik manevrlər edir. KTMT-nin yeni türkəsilli baş katibi İmanqali Tasmaqambetov bəyan edib ki, Qarabağda vəziyyət gərgin olaraq qalır və bu, KTMT ölkələrində destabillik, sabitliyin pozulması riskləri yaradır: “Ermənistan və Azərbaycan arasında uzun illər davam edən ziddiyyətlər nəticəsində Qafqaz regionunda gərginlik davam edir”. O əlavə edib ki, KTMT mövcud və yaranan çağırışlara, təhdidlərə qarşı mübarizə mexanizminin təkmilləşdirilməsi üzərində daim çalışır. Hərbi ekspert Üzeyir Cəfərov isə vurğulayıb ki, bu təxribat Ermənistan və ona havadarlıq edənlər tərəfindən həyata keçirilib:

“Mən konkret olaraq Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin dünənki açıqlamasına əsasən demək istəyirəm ki, bu təxribatın həyata keçirilməsində əsas məqsədlərdən biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistan-Azərbaycan sərhədinə gətirilməsi idi. Rusiya səfiri onun dərhal həyata keçirilməsi üçün artıq hazır olduqlarını bildirdi”.

Rusiyalı politoloq Sergey Markov da hesab edir ki, silahlı təxribat Ermənistan üçün çox faydalıdır: “Ermənistan Aİ-nin monitorinq missiyasını öz tərəfinə çəkib. Ermənistanın müdafiə naziri NATO-nun Brüsseldəki qərargahına gedir və orada Ermənistanla Azərbaycan arasında baş verənlərdən danışır. Belə bir məqamda belə silahlı təxribat Ermənistan üçün çox sərfəlidir. Belə olan halda İrəvan daha çox Avropa İttifaqını, Fransanı və NATO-nu öz tərəfinə çəkir. Eyni zamanda Ermənistanın Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısını almaq imkanı var”.

Ümumiyyətlə, Qarabağda gərginlik yaradan Ermənistanın əsas məqsədi KTMT üzvlərini Azərbaycanla hərbi qarşıdurmaya sürükləməkdir. Həmçinin İrəvan bu təşkilatdan uzaqlaşmaq üçün bəhanələr axtarır. Amma KTMT baş katibinin “KTMT ölkələrində destabillik riski yaradır” iddiasının arxasında nə dayanır? Bu, Bakıya, sadəcə, xəbərdarlıqdırmı, yoxsa Ermənistanın sürüşkən mövqeli hakimiyyətini yeni təxribatlara həvəsləndirmək cəhdidir?

 Seriallar düşüncəmizə necə təsir edir - psixoloq şərhi - 24.03.2019,  Sputnik Azərbaycan

 Azad İsazadə

Hərbi ekspert Azad İsazadə “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistan razılıq versə, istənilən missiya sərhəddə yerləşə bilər: “Azərbaycan isə buna razılıq verməyəcək, amma Ermənistan tərəfində ola bilər. Avropa İttifaqının missiyası mülki xarakter daşıyır, yəni silahı yoxdur, hərbi formada deyil. Amma KTMT missiya göndərsə, bu təşkilat hərbi birlikdir, deməli, hərbi qrup  olmalıdır. Bəs kimi göndərəcəklər? Ermənistandakı hərbi bazadan qüvvələr yerləşdiriləcək? Qazaxıstan inanmıram ki, bu işə qoşulsun, Belarus qalır, bu mümkündür, Tacikistan və Qırğızıstanın qoşulması da istisna deyil. Amma bütün hallarda KTMT-nin Ermənistanla sərhəddə olacaq missiyası əsasən ruslardan təşəkkül tapacaq”. Hərbi ekspert qeyd etdi ki, Azərbaycan Ordusu Ermənistan ərazisinə daxil olmur və sərhəddə mühəndis-istehkam işlərini aparır: “Hər hansı təxribat olacaqsa, Ordumuz cavab verəcək və bu zaman KTMT hərbçiləri də atəş altına düşəcəklər. Eyni zamanda bu missiya sərhəddə yerləşsə, o halda Avropa İttifaqının missiyası fəaliyyətini donduracaq və bölgəni tərk edəcək. Elə Rusiyanın istəyi də odur ki, Avropa Birliyinin mülki missiyası regionu tərk etsin. Bu gün Rusiyanın və KTMT-nın Azərbaycanla hər hansı problemi yoxdur, onlar Qərbi bölgədən sıxışdırıb çıxarmaq istəyirlər və bu səbəbdən vəziyyət gərginləşir”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu məsələyə fərqli yanaşaraq təmas xəttindəki son toqquşmada Ermənistanın Avropa İttifaqına olan ümidlərinin puça çıxdığını düşünür. Analitikin fikrincə, Paşinyan və onun nazirləri Avopa İttifaqının bir neçə yüz nəfərlik missiyasını iki illiyinə təmas xəttində ona görə yerləşdirdi ki, onlara arxalanaraq sərhədi öz bildikləri kimi formalaşdıracaqlarını və Azərbaycana qarşı təxribat etdikdə əks-zərbə ilə üzləşməyəcəklərini zənn edirlər. “Yəni İrəvan hesab edirdi ki, Azərbaycan Avropa missiyasının bölgədə varlığını nəzərə alaraq Ermənistanın təxribatına cavab verməyəcək. Yanıldılar. Avropa İttifaqının təmas xəttindəki missiyasının simvolik xarakter daşıdığı son toqquşma zamanı üzə çıxdı. Avropa İttifaqı prosesləri kənardan izləməyə üstünlük verməklə nə Ermənistanın təxribatlarında pay sahibi olmaq, nə də Azərbaycanla üz-üzə qalmaq istədi. Doğru qərardır”, - deyə siyasi şərhçi dəyərləndirir.

E.Şahinoğlu hesab edir ki, İrəvan Avropa İttifaqının missiyasının Brüssel üçün hazırladığı hesabatdan xəbərsizdir: “Ermənistanda missiya ilə bağlı başqa bir mövzu da gündəmi zəbt edib. Ermənilər ondan şübhəlidirlər ki, missiyanın Brüsselə göndərdiyi hesabatlar daha sonra tanışlıq məqsədilə Azərbaycana təqdim edilir. Ermənistan müxalifəti bu qənaətə gəlib ki, Avropa İttifaqı missiyasının təmas xəttindən hazırladığı hesabatlar daha sonra Bakıya ötürülürsə, bu, Azərbaycanın Ermənistanla bağlı məxfi məlumatlarla tanış olması anlamına gəlir. Elə bu məqamda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova təmas xəttindəki son toqquşma ilə bağlı İrəvana bu səpkili mesaj göndərib: "Avropa İttifaqı missiyasını bölgədə yerləşdirəndə sonu belə olmalıydı..."

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, baş verən toqquşmanın nəticələri - erməni tərəfinin verdiyi itkilər, Rusiyanın Aİ missiyası haqda proqnozunun doğru çıxması və missiyanın sərhəddə gərginliyin aradan qaldırılmasında nəticə əldə etməməsi diqqəti Moskvanın üzərinə yönəldir: “Ruslar erməni ordusunun daxilində onlara bağlı olan "beşinci kolonu" hərəkətə keçirib, Maralçyan təxribat hücumunu təşkil edib, nəticə etibarilə toqquşma yaşanıb və Aİ missiyası uğursuz olub, Rusiya haqlı çıxıb. Nikolun “beşinci kolon”la bağlı dediyi buna işarədir və Zaxarovanın sözləri “daşları yerinə qoyur”. Lakin təxribatın siyasi hədəfləri fonunda erməni baş nazirin hücumda Rusiyanı işarə etməsi bunun İrəvanın yeni gedişi ola biləcəyini də istisna etmir. Təxribatla hərbi eskalasiya yaradılır və Rusiyanın Ermənistanın təhlükəsizliyində rol oynamadığı yenidən aktuallaşır". Ekspertin fikrincə, Avropa İttifaqına baş verənlərə görə günahkarın Ermənistan hakimiyyəti yox, Rusiyanın “beşinci kolon”u olduğu mesajı verilir: “Aİ missiyasının zəruriliyi bir daha nümayiş etdirilir və istisna deyil ki, mülki missiyanın hərbiləşdirilməsi məsələsi də aktuallaşa bilər. Ermənistanın Rusiyanın yerini Aİ ilə yanaşı, İranla da doldurmaq istədiyi unudulmamalıdır. Paşinyan baş verənlərdən orduda təmizləmələr üçün də istifadə edə bilər. Proseslər göstərir ki, Azərbaycan-Ermənistan sərhədində çoxtərəfli oyun gedir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR