İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin “Batka”ya “xəstəlik hüququ” vermədi: Kreml Belarusdan Ukraynaya hücum tələb edir

2924 19.12.2022 19:31 Analitika A A

Vaxtilə devrilmək təhlükəsi ilə üzləşmiş “Batka” savaşa qatılmaq istəməsə də, Kreml sahibinin Belarusa təzyiq mexanizmləri kifayət qədər genişdir… Əgər, rəsmi Minsk savaşdan imtina edib, müqavimət göstərərsə, Belarusun Rusiya ilə münasibətlərində qarşıdurma və çevriliş ehtimalı da qətiyyən istisna deyil… 

Ukrayna savaşı ətrafında hələlik nisbi sakitlik hökm sürür. Ancaq bu sakitliyin uzun müddət davam edəcəyi qətiyyən inandırıcı deyil. Bəzi ehtimallara görə, hazırda hər iki tərəf qoşunların yenidən qruplaşdırılması, silah-sursat təchizatının təmin edilməsi ilə məşğuldur. Və bu proses yekunlaşdıqdan sonra hərbi əməliyyatların yenidən intensivləşəcəyi gözlənilir.

Ukrayna və Rusiyanın üzləşdiyi durum arasında da kifayət qədər ciddi fərqlərin olduğu açıq-aşkar nəzərə çarpır. Belə ki, rəsmi Kiyev Uktayna ordusunun döyüş qabiliyyətinin daha da gücləndirilməsi, müxtəlif hərbi texnika ilə təchizatında ilk növbədə ABŞ və Qərbin yardımlarına ümid bəsləyir. Ukrayna hərbi dairələrindən verilən məlumata görə, rəsmi Kiyev ordunun say tərkibini qısa müddətdə bir milyon nəfərə çatdırmaq imkanlarını artıq təmin edib.

Ukrayna ordusunun bundan sonrakı əsas hərbi hədəfi isə Rusiya qoşunlarının işğal edilmiş bütün ərazilərdən çıxartmaqdır. Rəsmi Kiyev açıq şəkildə bəyan edir ki, Ukrayna savaşı yalnız Krim yarımadasının geri qaytarılmasından sonra yekunlaşa bilər. Və savaşdan sonra imzalanacaq sülh sazişində Rusiya qoşunlarının Ukrayna sərhədlərindən ən azı 50 kilometr uzaqlaşdırılması ilə bağlı tələb mütləq yer almalıdır.

24d70acd8d1b6f62b68acce5b853356c.jpg (164 KB)

Rusiyanın durumu isə daha ağırdır. Rusiya ordusu da, Kremlə yaxın siyasi dairələr də artıq savaşdan əvvəl planlaşdırılan “parlaq hərbi qələbə”yə demək olar ki, inanmır. Rusiya ordusunun silah-sursat və hərbi texnika ilə təchizatı isə savaş uzandıqca, daha da pisləşir. Savaş meydanın öz hərbi potensialının əhəmiyyətli hissəsini tükəndirən Rusiya silah-sursat çatışmazlığını məhz Şimali Koreya və İran kimi ölkələrdən idxal hesabına qapatmağa çalışır.

Digər tərəfdən, Kreml şaxtalı qışla “müttəfiqlik” ümidlərini də hələ itirməyib. Rusiyada hesab edirlər ki, əgər, Ukrayna ordusunun hücumlarının qarşısını bir neçə ayda almaq mümkün olarsa, Avropa ölkələri şaxtalı qışın təsiri altına çətin vəziyyətə düşə bilərlər. Hər halda, Kremldə Avropa dövlətlərində enerji böhranının kütləvi iğtişaşlara yol aça biləcəyini də ciddi şəkildə diqqətə alırlar.

Ancaq Rusiya siyasi dairələrində hazırda əsas hədəflərdən biri Ukrayna savaşının əhatə dairəsinin mümkün qədər genişləndirilməsinə nail olmaqdır. Xüsusilə də, Kreml Rusiyanın hərbi müttəfiqlərinin Ukrayna savaşına bulaşdırılmasına xüsusi cəhdlər göstərir. Və bu baxımdan, ilk intensive təzyiqlər məhz Belarusun üzərinə yönəldilmiş kimi görünür.

Məsələ ondadır ki, Belarus hazırda Rusiyaya ən yaxın hərbi müttəfiq ölkədir. Üstəlik, rəsmi Minskin Rusiya-Belarus İttifaq dövləti çərçivəsində Kreml qarşısında müəyyən qarşılıqlı öhdəlikləri mövcuddur. Rusiya prezidenti Vladimir Putinin məhz həmin qarşılıqlı öhdəliklər üzərindən Belarusa təzyiq göstərdiyi bildirilir. Və Kreml sahibinin Minskə rəsmi səfəri çərçivəsində bütün bu məsələlərin geniş şəkildə müzakirə ediləcəyi vurğulanır.

589a5d6b-1529-49b3-a780-2aafa6e86dde.jpg (110 KB)

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Belarus və Rusiya arasındakı münasibətlərdə də müəyyən problemlərin olduğu iddia edilir. Xüsusilə də, Belarusun Qərblə körpü rolunu oynamağı bacaran xarici işlər nazirinin qəflətən həyatını itirməsindən sonra rəsmi Minsk və Kremlin münasibətlərində ziddiyyətlərin yarandığı bildirilir. Bəzi Belarus mənbələrinin iddialarına görə, prezident Aleksandr Lukaşenkonun yaxın ətrafında heç bir sağlamlıq problem olmayan xarici işlər nazirinin vəfat etməsində Rusiya kəşfiyyatının “barmağı” ola biləcəyindən şübhələnirlər.

Digər tərəfdən, “Batka”nın da bu məsələdən ciddi şəkildə narahat olduğu bildirilir. “Batka”nın son vaxtlar mərhum xarici işlər nazirinin ardınca yola salına biləcəyini düşünərək, daha ehtiyatlı davranmağa çalışdığı vurğulanır. Hətta Belarus prezidentinin Kreml sahibi ilə kontaktlardan yayınmağa cəhd göstərdiyi barədə məlumatlar da mövcuddur. Və bu baxımdan, prezident V.Putinin Minskə rəsmi səfəri ərəfəsində “Batka”nın müxtəlif manevrlər etdiyi bildirilir.

Bəzi iddialara görə, “Batka” Rusiya prezidenti V.Putinin Belarus səfərini pozmağa çalışıb. Belə ki, Belarus rəsmi dairələri Kremlə prezident A.Lukaşenkonun “qripə yoluxduğu” və hazırda xəstə olduğu barədə məlumat veriblər. Yəni, bununla dolayısı ilə prezident V.Putinin Belarus səfərinin məqsədəuyğun olmadığını anlatmağa çalışıblar.

Ancaq təbii ki, Kremldə buna inanmayıblar, şübhə ilə yanaşıblar. Prezident V.Putin “Batka”nın səhhəti ilə bağlı vəziyyəti alternativ kanallar üzərindən dəqiqləşdirməyi tapşırıb. Nəticədə “Batka”nın yaxın ətrafında olan və Rusiyaya xidmət edən yüksəkrütbəli məmurlar Belarus prezidentinin tamamilə sağlam olduğunu bildirib. Və ona görə də prezident V.Putin Belarus səfərini təxirə salmağa qətiyyən ehtiyac duymayıb.

1cf6e0c95b575d3b365e04c55f507f53.jpg (77 KB)

Belə anlaşılır ki, Kreml sahibi “Batka”ya “xəstələnmək hüququ” tanımaq niyyətində deyil. Prezident V.Putinin Minsk səfəri zamanı Belarusun Ukrayna savaşına qatılmasını təmin edəcəyi gözlənilir. Kreml sahibinin bu məqsədlə “Batka”ya qarşı bütün təzyiq mexanizmlərindən istifadə etməyə çalışacağı ehtimal olunur.

Onu da qeyd edək ki, hazırda Belarusun savaşa qatılması Rusiya üçün böyük önəm daşımağa başlayıb. Kremldə hesab edirlər ki, bu halda, Ukraynanın hərbi qüvvələrinin parçalanması qaçılmaz olacaq. Nəticədə Donbasın və Krımın Rusiyanın nəzarətindən çıxarılması qeyri-müəyyən müddətə təxirə düşə bilər.

Əgər, “Batka” Kreml sahibinin savaşa qoşulmaq tələblərinə qarşı çıxarsa, bu halda, Rusiya-Belarus münasibətləri yenidən gərginləşə bilər. Belarusda keçirilmiş sonuncu prezident seçkiləri ərəfəsində də analoji gərginlik yaranmışdı. Həmin dövrdə ABŞ və Qərblə gizli şəkildə yaxınlaşmağa çalışan, Rusiyanı açıq şəkildə Belarusun suveren hüquqlarını pozmaqda suçlayan “Batka” Kreml sahibinin qəzəbini öz üzərinə çəkmişdi. Və Qərbdən gözlədiyi dəstəyi vaxtında ala bilməyən, devrilmək təhlükəsi ilə üzləşən “Batka” Kreml sahibinin siyasi iradəsi altına qayıtmaq məcburiyyətində qalmışdı.

Bütün bunları nəzərə aldıqda, Rusiya ilə Belarus arasında müəyyən ziddiyyətlərin olduğu artıq qətiyyən şübhə doğurmur. Ancaq bu ziddiyyətlərin açıq və kəskin qarşıdurmaya çevrilib-çevrilməyəcəyi ən yaxın günlərdə aydınlaşmağa başlayacaq. Və ona görə də prezident V.Putinin Belarus səfərinin mümkün nəticələri həm böyük önəm, həm maraq doğurur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR