İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokuroru hamam görüntüləri ilə şantaj edən kisəçilərə hökm oxundu

1279 03.03.2023 19:34 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə 7 nəfərlik dəstə üzvlərinə hökm oxunub.

Musavat.com xəbər verir ki, bu şəxslər əvvəllər Qaradağ, Hacıqabul rayonlarının prokuroru olmuş, daha sonra Abşeronda prokuror köməkçisi işləmiş Tariyel Qurbanovun şikayətilə həbs olunublar.

Ötən prosesdə prokuror Ümman Əliyevə 9 il, Elnur Eldarova 8 il 6 ay, İlqar Əliyev və Natiq Nuriyevin hər birinə 8 il, Ələkbər Nuriyevin 7 il, Sahilə Məmmədovanın 6 il azadlıqdan məhrum edilməsini istəyib. Digər təqsirləndirilən Pərvin Yusifova gəlincə, onun haqqında cinayət təqibinə xitam verilməsini təklif edib. Əsas kimi isə ona aid hissədə dəymiş ziyanı ödəməsi göstərilib - 3175 manat Baş Prokurorluğun depozit hesabına köçürülüb. Bu vəsaitin 25 faizi də (793 manat) dövlət büdcəsinə ödənilib.

Təqsirləndirilən şəxslər arasında yeganə qadın olan Sahilə Məmmədovanın vəkili isə ona şərti cəza verilməsini istəmişdi. Hökmə əsasən, Ümman Əliyev 7 il 6 ay, Elnur Eldarov, Natiq Nuriyev 6 il 6 ay, İlqar Əliyev 6 il, Ələkbər Nuriyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Sahilə Məmmədovaya 4 il 8 ay 24 gün azadlıqdan məhrum edilmə cəzası təyin edilib. Lakin himayəsində olan azyaşlı övladı 14 yaşına çatana qədər cəzanın icrası təxirə salınıb. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Pərvin Yusifovun isə dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslə barışığı nəzərə alınaraq onunla bağlı cinayət işinə xitam verilib.

Cinayət işinin materiallarında iddia olunurdu ki, Tariyel Qurbanov Bakıxanov qəsəbəsində yerləşən “Hamam Plaza”da çəkilən görüntüləriylə şantaj olunub. Təqsirləndirilən şəxslərdən biri – Quba sakini Ümman Əliyev vaxtilə həmin hamamda işləyib, prokuroru da oradan tanıyıb.

İddia olunur ki, Qurbanovdan pulu öncə onu aldadıb alıblar. Bir müddət bu üsuldan istifadə edəndən sonra prokurorun artıq pul vermək istəmədiyini görəndə onu fotolarla hədələyiblər. İttihamda yazılıb ki, Ümman Əliyev yıxılıb xəsarət aldığını deyib, müalicə üçün ondan pul istəyib. Qurbanov bir dəfə 300, ikinci dəfə 1500 manat olmaqla, iki dəfə ona pul göndərib. Pullar poçt vasitəsilə göndərilib, yaxud da Əliyevin tanışlarının bank kartlarına köçürülüb. Növbəti dəfə Qurbanov pul verməkdən imtina edib. Bundan sonra onu hamamda çəkilmiş fotolarını yayıb, biabır etməklə şantaj ediblər.

İş üzrə məhkəmə prosesi getdiyi dövrdə Tariyel Qurbanov prokurorluq orqanlarından çıxarılıb. Bu haqda Baş Prokurorluğun yaydığı məlumatda deyilirdi: “Tariyel Qurbanov hazırda prokurorluq orqanlarının əməkdaşı deyil”.

O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR