İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin bir il əvvəlki qiyamı

1419 21.06.2024 17:17 Yazarlar A A

Xain kimi ölmədi, amma Putinin dostlara inamını birdəfəlik öldürdü...

Yevgeni Priqojin bir il əvvəl, iyunun 23-də “Vaqner”çiləri Ukrayna cəbhəsindən çıxardaraq Rostova gətirmiş, orada müharibənin əsas koordinasiya olunan mərkəzini-Cənub Hərbi Dairəsinin qərargahını tutmuş, Rusiyanın nüvə başlıqlarının saxlanıldığı Voronejə doğru hərəkət edəcəyini bəyan etmiş, sonra isə paytaxt Moskvaya doğru irəliləyəcəyini demişdi.

Bu bir az da anlaşılmaz və müəmmalı hərəkəti ilə bütün dünyanın diqqətini Rusiyaya yönəltmiş, ölkəni təxminən 10 saat ayaqüstə saxlamış, Putinin nüfuzuna “sağalmayacaq” ciddi zərbə vurmuşdu. Həmin gün “isti-isti” “İkinci Surət Hüseynov vaqiəsi - Priqojinin qiyamının pərdəarxası” adlı yazı da qaralamışdım. Təsadüfə bax, ikisinin də sonu təyyarədə gəldi. Surət Hüseynov ürəktutmasından, Priqojin qəzada...   

Снимок1-4.JPG (114 KB)

Putin qiyamla bağlı xalqa ilk müraciətdə “Kremlin aşpazı” kimi tanınan Priqojinin adını çəkməsə də, xain adlandırmışdı. Çünki Putin hakimiyyətdə olduğu 2000-ci ildən bəri ilk dəfə idi ki, özünün yaratdığı varlıq “yaramaza” çevrilmişdi. Üstəlik, onun hakimiyyətini silahla təhdid edən yadelli, yadoğlu da deyildi, əksinə Putinin yerlisi - leninqradlı idi.

Putin əlbəttə ki, onun qarnının ağrısını bilirdi. Müharibə olan yerdə fantastik pullar dövriyyədə olur. Priqojin də “aşpaz” olaraq daha yağlı tikələrə göz dikmişdi, müdafiə naziri və Baş Qərargah rəisi ilə o səbəbdən didişirdi. Amma iddia edirdi ki, guya  Rusiyada ədaləti bərpa etmək niyyəti ilə silaha sarılıb. 

Baş tutmayan “qiyamdan” sonra Priqojinlə yaxın təmasda olan bir çox general mümkün şəriklər kimi şübhə altına düşdü, uzun sürən əks-kəşfiyyat yoxlamalarından keçdi, bəziləri isə komandanlıqdan uzaqlaşdırıldı. Putin silahlı qüvvələri Priqojin simasında “şəxsi biznesə” həvalə etməyin nə demək olduğunu öyrəndi.

Снимок3-5.JPG (96 KB)

Priqojini barəsində o zaman qaldırılmış, sonradan isə geri oxunmuş  cinayət işinə görə tutsaydılar da, inanmıram ki, bu bir ildə sağ qalacaqdı - ya “özünü asacaqdı”, ya da “damarını doğrayacaqdı”. Yəqin düşündülər ki, Priqojin vaxtilə uzun müddətli həbsdə olduğu üçün həbsxanada haqq etdiyi cəzanı çəkməyəcək, kriminal keçmişi olan hərbi komandirləri ilə “dörd divar arasında“ da dinc durmayacaq. Ona həbsxananı qıymadılar, daha doğrusu, zindanı ona çox gördülər, sonunun daha dramatik, daha faciəvi olmasını istədilər. 

Priqojin müdafiə naziri Şoyqudan narazı idi, onunla bərabər Baş Qərargah rəisi Gerasimovun da istefasını tələb edirdi.

Şoyqunun istefası heç bir il çəkmədi, Putin onu və bütün dəstəsini Müdafiə Nazirliyindən göndərdi, müavinlərindən həbs edilən də oldu. Priqojin pul davası edirdi, məlum oldu ki, doğurdan da Müdafiə Nazirliyində müharibə üçün ayrılmış pulları yeyənlər varmış. Məsələn, Şoyqunun həbs edilən müavini 6 milyon rubla təkcə avtomobili üçün dövlət nömrəsi alıbmış. 

 Priqojin istedadlı menecer idi. Qurduğu banditlərdən ibarət ordu yalnız müharibədə nəticəyə diqqət yetirirdi. Nəticədə, döyüşən “paralel” silahlı qüvvələr yaradıldı, “şanlı qələbələrlə” Rusiya ordusunun bir çox birləşmələrini geridə qoydu... 

Priqojin ağılsız adam deyildi, o səbəbdən nəfsinin güdazına getdi. Hələ də pul qazanmağa meylli idi, qaçmaq, gizlənmək barədə düşünmürdü. Bəlkə də qaçıb bir Afrika ölkəsində gizlənərək illərlə həyatını sürə bilərdi. O isə inandı ki, hər şey daha arxada qaldı... Putin xəyanətini bağışladı. Üstəlik, Sank-Peterburqa (Leninqrada) geri döndü, dövlət tədbirlərində yenə boy göstərdi. Sonda təyyarəyə də mindi və həlak oldu, öldü, kül oldu...

Снимок4-2.JPG (106 KB)

Liderin ölümündən sonra bir çoxu Müdafiə Nazirliyi ilə təklif olunan müqaviləni imzalamadı, dağılışdılar. Kiçik komandirlərin çoxu özlərini nizami orduda görmədikləri üçün cəbhəyə bir daha qayıtmadılar. Putin onları bağışladı. “Vaqner”in Afrikadakı əməliyyatlarını birbaşa Rusiya hərbi kəşfiyyatının nəzarəti altına keçirdi.  

...Peterburqda Priqojinə möhtəşəm qəbirüstü abidə düzəldiblər. Xain kimi ölmədi, amma Putinin dostlara inamını birdəfəlik öldürdü... 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR