İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin köməkçisi Çində - Bakı ŞƏT-də yeni statusa doğru...

1206 19.04.2023 08:50 Siyasət A A

Ekspert: “Çinlə etibarlı tərəfdaşlığın daha güclü səviyyədə qurulması üçün ŞƏT-lə əməkdaşlıq zərurətə çevrilib”

Çin Xalq Respublikasında səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 17-də Pekində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Minlə görüşü olub. “Trend” xəbər verir ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı kimi fəal rolunu vurğulayan baş katib Can Min son dövrlər ölkəmizin təşkilat çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakını təqdir edib. ŞƏT-in ötən ilin sentyabrında Səmərqənddə keçirilən sammitində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını xüsusi vurğulayan Can Min təşkilatla Azərbaycan arasında səmərəli əməkdaşlıqdan danışıb. Baş katib ŞƏT-in tədbirlərində Heydər Əliyev Fondunun yaxından iştirakının Azərbaycan-ŞƏT əməkdaşlığını möhkəmləndirdiyini deyib, Azərbaycanın təşəbbüsü ilə ŞƏT-in katibliyində keçirilmiş bir sıra mühüm tədbirlər sayəsində Azərbaycanın mədəni-humanitar potensialının nümayiş etdirildiyini bildirib.

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə böyük önəm verdiyini vurğulayaraq, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivlərindən danışıb. A.Ələkbərov bildirib ki, Azərbaycan ŞƏT-in dialoq tərəfdaşı statusunu aldıqdan sonra Heydər Əliyev Fondu təşkilatlın katibliyi ilə sıx əməkdaşlıq edərək, bir neçə tədbir, o cümlədən 2018-ci ildə Azərbaycan mədəniyyəti günü, “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi - bütün bəşəriyyətin şairi” adlı tədbir keçirib. O, Heydər Əliyev Fondunun hədiyyəsi olan dahi şairin büstünün Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daim nümayiş olunmasının Azərbaycan üçün böyük rəmzi xarakter daşıdığını deyib.

A.Ələkbərov bildirib ki, Səmərqənd sammitində Prezident İlham Əliyevin fəxri qonaq statusunda iştirakı Azərbaycanın ŞƏT-lə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmasında maraqlı olduğunu göstərir. O, Azərbaycanın təşkilat yanında statusunun dialoq üzrə tərəfdaş səviyyəsindən müşahidəçi səviyyəsinə yüksəldilməsi ilə bağlı müvafiq müraciət ünvanladığını xatırladıb, Azərbaycanın ŞƏT yanında müşahidəçi statusu əldə etməsi ilə sözügedən təşkilatın fəaliyyətinə daha böyük töhfə verə biləcəyinə inamını ifadə edib.

Azərbaycanın təşkilatın müşahidəçi statusunu almaq üçün müraciətinin hazırda üzv dövlətlər tərəfindən baxıldığını bildirən Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min müraciətin müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib. 

Yada salaq ki, ŞƏT-in yaradılması haqqında bəyannamə 2001-ci ilin iyun ayında Şanxayda altı dövlət - Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb. 2017-ci ildə Hindistan və Pakistan ŞƏT-in tamhüquqlu üzvü olub. Təşkilatın işində dörd müşahidəçi ölkə (Əfqanıstan, Belarus, İran və Monqolustan) və altı dialoq tərəfdaşı (Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka) iştirak edir. Onu da xatırladaq ki, Azərbaycan 2016-cı ildə dialoq üzrə tərəfdaş kimi təşkilata qoşulma prosesini başa çatdırıb. İndi isə Bakı ŞƏT-dəki statusunun daha da yüksəlməsini istəyir. Siyasi analitiklər hesab edir ki, Azərbaycanın ŞƏT-də yer alması Moskvanın maraq dairəsindədir. Daha əvvəl Moskva rəsmən bəyan edib ki, Bakı ilə bu məsələdə koordinasiyanın gücləndirilməsini istəyir və Azərbaycanın bu təşkilatda statusunun müşahidəçi səviyyəsinə qaldırılmasına dəstək verəcək.

Bəzi təhlilçilər Azərbaycanın iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün bu təşkilatla əməkdaşlığına ehtiyac görmür, bunun iqtisadi deyil, “siyasi motivli” olduğunu düşünür. Buna etiraz edənlər isə addımın “uğurlu əməkdaşlıq” olduğunu hesab edir. Diplomatik kanallardan sızan başqa bir bilgiyə görə, Prezident İlham Əliyevin Çinə rəsmi səfəri gözlənilir. 

İlyas Hüseynov: “İranda 35 milyondan çox soydaşımız daim təqiblərə məruz  qalır” | 1news.az | Xəbərlər

İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bu barədə şərhində bildirdi ki, Azərbaycanla Çin arasında işgüzar münasibətlər formalaşıb və Pekinlə Bakı arasında olan münasibətlər həm də bu gün strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Bunu göstərən bir sıra təmaslar, səfərlər də diqqət çəkir: “Xüsusilə qeyd etmək lazımdır ki, Çin bu gün dünyanın iqtisadi nəhənginə çevrilib. Mühüm strateji investisiyalar həyata keçirir. "Bir kəmər-bir yol" konsepsiyası bu gün dünyanın əsas müzakirə olunan mövzularından biridir. Nəqliyyat, logistika, tranzit sahəsində məhz Çinin həyata keçirdiyi fəaliyyət həm də böyük bir çoğrafiyada iqtisadi əməkdaşlığı ehtiva edir. Ona görə də bu gün Çin lideri və Azərbaycan lideri arasında keçirilən mütəmadi telefon danışıqları da ikitərəfli münasibətlərin daha da güclənməsinə xidmət edir. Eyni zamanda qeyd etməliyik ki, Ermənistan məhz dünyada gedən qlobal transformasiyalar, müharibələr fonunda Çinlə əməkdaşlığa can atır və Çinin qoyduğu sərmayələrdən faydalanmağa çalışır. Məlumdur ki, bu gün bir sıra Çin şirkətləri də Ermənistanda fəaliyyət göstərir. Həm də bu baxımdan da məhz siyasi, iqtisadi, geopolitik məzmunda Azərbaycanla Çin arasında görüşlərin keçirilməsi, səfərlərin olması mühüm aktuallıq kəsb edir”.

Ekspert qeyd etdi ki, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də Azərbaycanın iştirakı vacibdir: “ŞƏT-in yaratdığı reallıqlardan, imkanlardan faydalanmaq üçün Azərbaycan da bu dəyişən dünyada imkanları dəyərləndirməlidir. Səmərqənddə keçirilən ŞƏT-in zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin çox uğurlu iştirakı yadımızdadır. Eyni zamanda qeyd etməliyik ki, bu gün birqütblü dünyadan çoxqütblü dünyaya keçidin formalaşması və soyuq müharibənin müxtəlif elementləri müşahidə olunmaqdadır. Ona görə də Azərbaycan özünün yerləşdiyi geostrateji bölgənin əhəmiyyətini nəzərə alaraq müxtəlif güc mərkəzləri ilə balanslı mövqedə əməkdaşlığın daha da dərinləşməsini icra etməkdədir. Bu bizim regionumuzun spesifikasıdır. Xarici siyasətimizin həm də uğurlu məqamlarından hesab edilməlidir. Həmçinin Çinlə etibarlı tərəfdaşlığın daha da güclü səviyyədə qurulması üçün ŞƏT-lə əməkdaşlıq zərurətə çevrilmişdir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR