İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən sülh xəbərdarlığı - yeni gəlişmə

760 25.04.2024 12:19 Siyasət A A

XİN başçıları bu dəfə Qazaxıstanda görüşə bilər, amma...

Bir müddətdir ki, səngiyən sülh danışıqları ilə bağlı yenilik var. Əslində gözlənilirdi ki, aprelin sonu, mayın əvvəllərində proseslə bağlı təmaslar bərpa olunacaq. Bu ehtimalı həm də Ermənistanın Azərbaycanın son təkliflərinə iki həftə öncə cavab göndərməsi də gücləndirirdi.

O məlumat da var idi ki, tərəflərin növbəti görüşü Qazaxıstanda baş tuta bilər. Artıq rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib. 

“Biz məsələnin (sülh sazişinin imzalanmasına - red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. İşğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik”. 

Bunu Prezident İlham Əliyev aprelin 23-də deyib.

Həmin vaxt hətta “Madrid prinsipləri” üzrə razılığa gəlinmədiyini xatırladan dövlətimizin başçısı bildirib ki, o zaman sülh sazişinin layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur. “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır”, - deyə dövlətimizin başçısı əlavə edib.

Prezident qeyd edib ki, əgər Ermənistan da buna razılaşsa, XİN rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçiriləcək.

Prezident sülh prosesi ilə bağlı deyib: “Artıq söylədiyim kimi, dırnaqarası "Dağlıq Qarabağ" amili daha yoxdur. Onlar (ermənilər - red.) onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil. Əgər onlar o qədər də vacib olmayan bəzi terminlərdən yapışsalar, onda biz aydın şəkildə görəcəyik ki, bu vaxtdan istifadə edərək daha çox silahlanmaq və bizə yenidən hücum etmək istəyirlər. Lakin biz onlara belə bir şansı verməyəcəyik".

Beləliklə, Prezident yekun xəbərdarlığını edib və faktiki bəyan etmiş olub ki, Ermənistanın sülhdən başqa variantı yoxdur.

Əslində bundan doğrusu da yoxdur. Bəs xarici təsir dairələri Ermənistanı bu dəfə də doğru yol olan sülhdən yayındırmağa nail ola biləcəkmi? Yoxsa artıq fərqli müstəvidir?

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov

Deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan bu gün heç vaxt olmadığı qədər sülhə yaxındır: “Artıq ölkələrarası tərəddüdlü məsələlər qalmayıb. Sərhədlərimizin delimitasiyası prosesinə də başlanılıb. Biz müharibənin başa çatdığını bildirəndə dörd kəndimizin dərhal bizə qaytarılmalı olduğunu bildirirdik. Bu gün artıq bu məsələ də öz həllini tapıb. Yerdə qalan 4 anklav kəndimiz isə delimitasiya prosesində qarşılıqlı razılıq şəraitində həll olunacaq. Təbii ki, bu gün gündəlikdə qalan və bizi ən çox narahat edən məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla Ermənistan Naxçıvana maneəsiz keçidin verilməsinə və bu keçidin Rusiya sərhədçilərinin nəzarəti altında olmasına razılıq verib. Amma təəssüf ki, Ermənistan bu öhdəliyi icra etməkdən yayınmağa çalışır. Cənab Prezident forumda xüsusilə bu məsələyə toxunaraq Naxçıvana yolumuzun açılmasının vacibliyini qeyd etdi. Həm də Ermənistanın vacib olmayan terminlərdən yapışaraq, danışıqlar prosesini uzadaraq yenidən silahlanmaya üstünlük verib bizə qarşı təhdid yaradarsa, tədbir görməli olacağımızı da bildirdi. Təbii ki, Ermənistanın hərəkətləri sülhə xidmət etməlidir. Biz birmənalı şəkildə sülhü dəstəkləyirik və 5 baza prinsipinə əsaslanmış layihəni təqdim etmişik. Son vaxtlar bu layihənin üzərində aktiv iş getdiyini də müşahidə edirik. Sülh müqaviləsinin imzalanması ilə bağlı növbəti görüşün Qazaxıstanda baş tutacağı gözləniləndir. Ermənistan bu məsələyə öz razılığını bildirərsə, XİN rəhbərləri Qazaxıstanda növbəti görüşü keçirə bilər. Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, COP29 tədbirinə qədər Ermənistanla sülh müqaviləsinin ilkin variantı üzərində razılaşma imzalana bilər. Bunun üçün mürəkkəb bir çətinlik qalmayıb. Bu gün Cənubi Qafqaz regionu sülh və əməkdaşlıq istəyir. Bu baxımdan sülhün tez bir zamanda imzalanması və üç respublikanın əməkdaşlığa keçməsi gündəliyimizin aktual məsələsidir”.

Rəsmi Bakı sülhə hazır olduğunu Qərbə sübut etdi”

Rusif Məmmədsoy

Politoloq Rusif Məmmədsoy Qazaxıstanda imzalana biləcək sənəddən danışdı: “Düşünürəm ki, Qazaxıstanda çərçivə sazişinin imzalanmasına şahidlik edə bilərik. Ermənistan bu zamana qədər şəxsən və ya xarici təzyiqlər səbəbilə prosesləri ləngitməkdə maraqlı idi. Bu gün onlar da anlayır ki, bütün bunlar ümumi nəticəyə təsir göstərməyəcək. Bu gün Ermənistan daxilində etirazlar, kəndlərin ətrafında aksiyalar görürük, lakin bunlar yanlış təəssürat yaratmamalıdır. Çünki onların sayı çox deyil və düşünə bilən insanlar anlayır ki, torpaqları boşaltmasalar, çox böyük itkilərlə üzləşəcəklər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Paşinyanı ikinci dəfə seçkidə qalib edən "susqun çoxluq" adlandırdığımız bir kəsim var. Həmin insanlar keçmiş “Qarabağ klanını”, revanşistləri çox yaxşı tanıyır və Nikolu əslində xilaskar kimi görürlər. Ona görə də bölgəyə artıq sülh gəlməli, kommunikasiyalar açılmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Moskva səfərində Şimal-Cənub dəhlizi, Baykal-Amur magistralı ciddi şəkildə müzakirə edildi. Bu müzakirələr də yaxın perspektivdə Zəngəzur dəhlizi ilə bağlı razılıqların əldə olunmasını özündə ehtiva edir".

Şuşanın hüzurunda... - Kənan Novruzov yazır

Kənan Novruzov 

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə hesab edir ki, sülhə mane olan bir çox problemlər həll olunub: “Rəsmi Bakı bir neçə dəfə ən yüksək səviyyədə bildirib ki, İrəvanla sülh sazişinin imzalanması üçün tarixi fürsət yetişib. Sülhün heç vaxt indiki kimi yaxın olmadığı dəfələrlə diqqətə çatdırılıb. Məsələ ondan ibarətdir ki, indiyə qədər sülh sazişinə mane olan bir çox problem artıq həllini tapıb, Azərbaycan ərazini bütövlüyünü təmin edib, separatçı rejim ləğv olunub, delimitasiya prosesi başlanıb. Həmçinin rəsmi Bakı ilə İrəvanın mövqeləri getdikcə yaxınlaşır. Bunlar proseslərin konstruktiv xətlə inkişafına şərait yaradır. Çox güman, Ermənistan hakimiyyəti də artıq başqa yolunun olmadığını anlayır. İrəvan konkret olaraq anlayır ki, Bakı və Ankaranın maraqlarını nəzərə almamaqla özünün Cənubi Qafqazdakı gələcəyini təhdid altına atır. Halbuki regional əməkdaşlıq Ermənistan üçün yeni imkanlar yarada bilər. Qərb regionda "daşların yerinə oturmasını" birmənalı istəmir. Xüsusilə ABŞ və Fransa bunun üçün İrəvana təzyiq edirlər. Qərb hazırda Ermənistan üzərində “kökə və qamçı” siyasətini tətbiq edir, silahlandıraraq öz tərəfinə çəkir, Rusiyadan uzaqlaşdırır və özündən asılı vəziyyətə salır. Bundan sonra isə İrəvana regional sabitliyə mane ola biləcək addımların atılması ilə bağlı göstərir verir. Düşünürəm ki, baş nazir Nikol Paşinyan və onun komandası bu reallıqları başa düşməlidir və düşəcək. Yaxın gələcəkdə sülh istiqamətində yeni fürsətlərin meydana çıxması mümkündür. Xarici işlər nazirlərinin Qazaxıstanda ehtimal olunan üçtərəfli görüşünə gəldikdə isə bildirməliyik ki, Qazaxıstan son zamanlar Cənubi Qafqazla bağlı proseslərdə xüsusi fəallaşıb. Qazaxıstan prezidenti Kasım Jomərt Tokayevin Bakı və İrəvana son səfəri, habelə digər proseslər belə düşünməyə əsas verir. Əslində Qazaxıstanın iki dövlətlə də normal münasibətləri var. Bu mənada adıçəkilən dövlət birbaşa sülhə nail olmasa belə, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələyə töhfə verə bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR