İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən hökumətə qəti tapşırıqlar - inflyasiya, ərzaq təhlükəsizliyi, büdcənin icrası... FOTO VİDEO

1699 14.04.2022 08:40 İqtisadiyyat A A

Ekspert: “Ukraynadakı müharibə və Çində pandemiyanın yenidən alovlanmasının qlobal iqtisadiyyat üçün yaratdığı riskləri nəzərə almalıyıq”

Aprelin 12-də Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanda 2022-ci ilin birinci rübünün sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hökumət müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Prezident rübün ilkin nəticələrini açıqlayıb. Məlum olub ki, birinci rübdə Azərbaycanda 6,8 faizlik iqtisadi artım qeydə alınıb: “Hazırda dünya, əgər belə demək mümkündürsə, postpandemiya dövrünə qədəm qoyur və bəlkə də ”postpandemiya" sözünü işlətmək bir qədər tezdir. Amma hər halda, dünyadakı və Azərbaycandakı indiki vəziyyət buna işarə verir. Ona görə 6,8 faiz artan iqtisadiyyatımız hesab edirəm ki, böyük nailiyyət sayıla bilər. Qeyri-neft sektorunda isə bu, daha da yüksək rəqəmlərlə ölçülür. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. Bu rəqəmlər özlüyündə dediyim sözlərin təsdiqidir. Çünki iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi - bütün bunlar reallıqdır".

İlk rübdə Azərbaycanın xarici ticarət dövriyyəsi 60 faizdən çox, o cümlədən ixrac təxminən iki dəfə artıb: “Əlbəttə, burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Ancaq qeyri-neft ixracımız da kifayət qədər artıb - 45 faiz. Xarici ticarətin balansı da çox müsbətdir, müsbət saldo cəmi üç ayda 5 milyard dollardan çoxdur. Yəni bu, çox böyük rəqəmdir. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlir - bizim ixracımız idxalı üstələyir. Əlbəttə ki, ilin sonuna qədər əminəm bu rəqəm daha da artacaq. Həm makroiqtisadi sabitliyə bunun əvəzolunmaz təsiri var, eyni zamanda, valyuta ehtiyatlarımızın artması da göz qabağındadır. Üç ayda da valyuta ehtiyatlarımız artıb. Ona görə, bütün bu göstəricilərlə biz haqlı olaraq fəxr edə bilərik. Amma o demək deyil ki, biz bu nailiyyətlərlə kifayətlənməliyik. Yox. İndi dünyada proseslər mənfi istiqamətdə gedir. Toqquşmalar, müharibələr alovlanır və gələcəkdə sabitliyin təmin edilməsi ilə bağlı müxtəlif fikirlər var. Dünyada ərzaq qıtlığı ola bilər, ərzaq qiymətləri qalxır”.

Maliyyə naziri Samir Şərifovun dediyinə görə, birinci rübdə dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 6,3 faiz və yaxud 418 milyon manat artıqlaması ilə icra olunmaqla 7 milyard 10 milyon manat təşkil edib. Daxilolmalar üzrə proqnoz göstəriciləri Dövlət Vergi Xidməti üzrə 539 milyon manat və yaxud 23,8 faiz, Dövlət Gömrük Komitəsi xətti ilə isə 236 milyon manat və yaxud 23,7 faiz artıq icra olunub. Sosial sığorta haqları üzrə isə 961 milyon manat proqnoza qarşı 1 milyard 41 milyon manat icra qeydə alınıb: “Qeyd etməliyəm ki, Dövlət Vergi Xidməti üzrə proqnozların artıqlaması ilə icra edilməsinin böyük hissəsi, yəni 90 faizə yaxın hissəsi qeyri-neft sektoru üzrə gəlirlərin artması ilə bağlıdır. Ümumiyyətlə, qeyri-neft sektorundan gəlirlər birinci rübdə 80 faizdən yuxarı, ümumi daxilolmaların, vergi üzrə ümumi daxilolmaların 80 faizdən yuxarı hissəsini təşkil edib. Belə vəziyyətdə Dövlət Neft Fondunun dövlət büdcəsinə nəzərdə tutulan transfertləri 3 milyard 180 milyon manata qarşı 2 milyard 757 milyon manat icra olunub, yəni, 423 milyon manat az. Bu da onunla bağlıdır ki, dövlət büdcəsinin icra göstəriciləri olduqca yüksək idi”.

Nazir bildirib ki, ilk rübdə büdcə xərcləri 99 faiz icra edilib, nəticədə büdcədə 1 milyard 380 milyon manat profisit yaranıb: “Qeyd etmək istərdim ki, Qarabağın yenidən qurulması proqramının icrası üçün dövlət büdcəsindən ayrılmış vəsait 2,2 milyard manatdır, birinci rüb ərzində 346 milyon manat, yaxud 16 faizə yaxın hissəsi artıq icra olunub. Dövlət əsaslı vəsait qoyuluşu proqramının icrası da təxminən eyni faiz nisbətində təmin edilmişdir. Ərzaq təhlükəsizliyi proqramı çərçivəsində, əsasən də dünyadakı ərzaq problemləri ilə əlaqədar cari ilin birinci rübündə 220 milyon manat vəsait ayrılmışdır. Bu da kənd təsərrüfatı sahəsinə müəyyən əkin subsidiyalarının verilməsi ilə bağlıdır”.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun verdiyi məlumata görə, hökumət gündəlik əsasda ərzaq, un, şəkər tozu və bir sıra digər məhsullar üzrə anbar qalıqlarını monitorinq edir. Baş nazirin 5 aprel tarixli tapşırığı ilə sahibkarlıq subyektlərinə yumşaq təşviq kreditləri, həmçinin kredit borclarının, faizlərinin ödənilməsinə dövlət subsidiyaları verilməsi üçün 115 milyon manat ayrılıb.

Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM MƏTN

Prezident ölkədə ərzaq inflyasiyasının 18 faizə çatdığını vurğulayaraq, burada idxal inflyasiyasının payının yüksək olduğunu bildirib: “Çünki dünyada ərzaq məhsullarının və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir. Ancaq eyni zamanda onu da bildirməliyəm ki, üç ayda əhalinin gəlirləri təxminən 20 faiz artıb və əgər biz inflyasiyanı əhalinin gəlirləri ilə müqayisə etsək, burada yenə də real gəlirlər artmış olur. Ancaq o demək deyil ki, biz buna laqeyd yanaşmalıyıq. Ona görə antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi zəruridir. Əlbəttə ki, burada əsas məsələ süni qiymət artımının qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Buna xüsusi diqqət göstərilməlidir”.

Baş nazir Əli Əsədov Ukraynadakı müharibənin buğda idxalında yaratdığı çətinliklərə toxunub: “Bu gün ərzaq taxılı idxal etməyin öz prosesi var. Siz dediyiniz kimi, Ukrayna və Rusiyanın dünya taxıl istehsalında aparıcı rollarını, Ukraynada bu il çətinliklər olacağını nəzərə alaraq bu ehtiyatları artırırıq. Bir məqamı da demək istəyirəm. Sizin tapşırığınızla yerli istehsal, idxaldan asılılığın azaldılması istiqamətində də konkret layihələr hazırlanır və burada foksda olan tədbirlər yaxın dövrdə təqdim olunacaq”.

Baş nazir qeyd edib ki, Azərbaycanda əsas ərzaq məhsulları üzrə kifayət qədər ehtiyatlar var.

Ərzaqlıq buğda ilə özünütəminat 70-75 faizə çatdırılacaq

Dövlət başçısı bildirib ki, Azərbaycanda ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir: “Ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, imkanlar var - həm azad edilmiş torpaqlarda, həm ölkəmizin digər yerlərində. Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Ancaq buna çalışmalıyıq və altı ay keçməmiş biz azad edilmiş torpaqlarda indi böyük əkin işləri ilə məşğuluq. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparırıq və bu il haradasa 50 min hektarda əkin aparılacaq. Bu, çox yaxşı nəticədir. Həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır. İlk növbədə suvarma, suvarma sistemləri, gübrələr və digər məsələlər öz həllini tapmalıdır”.

Rahatlanmaq olmaz...

Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək?Pərviz  Heydərov yazır... » Sedanews.az

 Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, ilin ötən dövrü üçün əsas narahatedici məqam inflyasiyanın yüksək olması ilə bağlıdır: “Ümumilikdə Azərbaycan iqtisadiyyatı postpandemiya dövrünün bərpasını yaşayır. Nəticələr müsbətdir. Burada dünya bazarına neftin qiymətlərinin ötən ilin payızından etibarən yüksək olmasının da payı az deyil. Lakin inflyasiya kifayət qədər yüksəkdir, mövcud qlobal amillər onun daha da artacağını göstərir. Nə neftin indiki qiymətini, nə də inflyasiyanın səviyyəsini keçən ilin payızında heç kim proqnozlaşdırmırdı. Hər iki məsələdə Ukraynadakı müharibənin rolu həlledicidir. Bu baxımdan, proseslərin gedişatına da bu amil təsir göstərəcək. Müharibə uzanarsa, neft bazarında qiymətlərin azalmasını proqnozlaşdırmaq çox çətindir. İnflyasiya isə hətta müharibə başa çatsa belə, yaxın aylarda zəifləməyəcək. Çünki Rusiyaya qarşı sanksiyalar qlobal çatdırılma zəncirində ciddi problemlər yaradıb. Sanksiyaların isə yaxınmüddətli dövrdə aradan qaldırılması gözlənilən deyil. Bundan əlavə, enerjidaşıyıcılarının bahalığı inflyasiyanı artıran əsas amillərdən biridir”.

Ekspertə görə, Azərbaycan üçün neft qiymətlərinin yüksəkliyi komfort yaradırsa, inflyasiyanın yüksəkliyi risklər formalaşdırır: “Bu baxımdan, ölkədə qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək üçün əlavə olaraq çox ciddi addımlar atılmalıdır. Çox müsbət haldır ki, bu sektorda artım sürətlənib. Bu, bizim üçün qlobal səviyyədə yaranan ərzaq qıtlığı və bahalaşma şəraitində ölkənin ərzaq təminatı baxımından da çox vacibdir. Müşavirədə də vurğulandı ki, ərzaq ehtiyatlarının artırılması üçün tədbirlər görülür. Bizim üçün əsas risk ərzaq buğdası ilə özünütəminat səviyyəmizin aşağı olmasıdır. Bununla əlaqədar ölkədə buğda əkinlərini genişləndirməyi nəzərdə tutur hökumət”.

P.Heydərov diqqəti Çində pandemiyanın yenidən baş qaldırması amilinə yönəldərək, bu məsələnin qlobal iqtisadiyyat üçün ciddi problem yarada biləcəyini deyir: “Çində iqtisadiyyatın artım sürətinin azalması ehtimalı qlobal bazarlar üçün mənfi siqnaldır. Bu baxımdan, ilin ikinci yarısında qlobal iqtisadiyyatda ciddi təlatümlər görə bilərik. Bu, bizim də arxayınlaşmağımıza imkan vermir. Yəni birinci rübdə əldə etdiyimiz nəticələr kövrəkdir, dayanıqlığı yetərincə deyil. Bütün bunları nəzərə almaqla, rahatlanmamalıyıq, prosesləri yaxından izləməli və zəruri hallarda görüləcək tədbirləri indidən müəyyənləşdirməliyik”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR