İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyevin səfərdə olduğu Tacikistanla tarixi əlaqələrimiz- Faktlar

811 05.04.2023 14:39 Siyasət A A

 

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib.

Musavat.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.

Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycanın dövlət başçısının Tacikistanın Prezidenti Emoməli Rahmon ilə təkbətək və geniş tərkibdə görüşləri keçiriləcək.

3b46ddaa124fd881a1dfed9b425065ee.jpg (265 KB)

Bu səfər Azərbaycan Respublikası Prezidentinin Tacikistana beşinci səfəridir. Azərbaycan Prezidenti son olaraq 2018-ci il sentyabrın 27-28-də Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının toplantısında iştirak edib.

Azərbaycan son illərdə Mərkəzi Asiya ölkələri, o cümlədən də türk dövlətləri ilə ciddi əlaqələr qurur.

Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirir.

Tacikistanla da Azərbaycanın əlaqələri uzun müddətdir ki, davam edir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

1680683207_17bda3d87cd2b0c401357356ba1d7fb7.jpg (180 KB)

Parlamentlərarası əlaqələrə gəldikdə deyə bilərik ki, Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.

İqtisadi münasibətlərə gəlincə, 2008-ci il fevralın 7-də Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb. İndiyədək komissiyanın 5 iclası keçirilib. Sonuncu iclas ötən il fevralın 22-23-də Düşənbədə baş tutub.

Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.

Düşənbədə azərbaycanlı heykəltaraşlar Fuad Əbdürrəhmanovun (Rudəkinin heykəli, 1964-cü il) və Ömər Eldarovun (Sədrəddin Ayinin heykəli, 1978-ci il və İbn Sinanın heykəli, 1980-ci il) əsərləri mövcuddur.

Ötən il Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir.

3pgcodlm6h_metbuat.jpg (207 KB)

İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib.

Cari tədris ilində Azərbaycanda 36 Tacikistan vətəndaşı, o cümlədən 2 nəfər “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Protokol”a əsasən təhsil alır.

Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ş.Şotemur adına Tacikistan Dövlət Aqrar Universitetinin əməkdaşlığı çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir.

Mədəni əlaqələr: Ölkələrimiz arasında qarşılıqlı mədəniyyət günləri və kino həftəsi keçirilib. Belə ki, 2007-ci il dekabrın 18-22-də Azərbaycanda Tacikistan Mədəniyyət Günləri, bir il sonra noyabrın 9-12-də isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçirilib. 2015-ci il martın 9-12-də Bakıda Tacikistan kinosu günləri baş tutub.

Hərbi sahədə əməkdaşlıq: 2010-2022-ci illərdə Tacikistan Silahlı Qüvvələrinin 39 kursantı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Hazırda 22 tacik kursant Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alır.

Dövlət Sərhəd Xidməti Akademiyasında 24 nəfər tacik kursant təhsil alır, onlardan 6-sının təhsili bu il başa çatacaq.

Hər iki ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir.

Bəzi statistik məlumatlar: 2022-ci ildə Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ dolları olub. 2023-cü ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil edib.

Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub.

2022-ci ildə SOCAR tərəfindən Tacikistana 0,3 min ton neft koksu və 0,1 min ton sürtkü yağları ixrac edilib.

437366.jpg (52 KB)

Azərbaycan ilə Tacikistan arasında beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi üçün kvota çərçivəsində aşağıdakı “Giriş, çıxış və tranzit keçid üçün – 150 ədəd” və “3-cü ölkəyə/ölkədən – 100 ədəd” icazə blankı mübadilə edilir.

2023-cü il mayın 1-dən “Azərbaycan Hava Yolları” QSC tərəfindən Bakı-Düşənbə-Bakı marşrutu üzrə həftədə 3 dəfə olmaqla beynəlxalq uçuşların həyata keçirilməsi planlaşdırılır.

Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR