İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev Kıbrıs Türk Dövlətinin Prezidentini qəbul edib FOTO VİDEO

902 14.10.2023 11:53 Siyasət A A

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kıbrıs Türk Dövlətinin (KTD) Prezidenti Ersin Tatarı qəbul edib.

Musavat.com xəbər verir ki, görüşdə Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edilib.

Bu xüsusda, səmərəli platforma kimi Türk Dövlətləri Təşkilatının rolunu xüsusi qeyd edən Azərbaycan Prezidenti Türk dünyası xalqlarının bundan sonra da müxtəlif sahələrdə əlaqələri inkişaf etdirəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycanın həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verdiyini və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacağını qeyd edib.

Görüşdə KTD-nin Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidəçi üzv kimi fəaliyyətindən danışılıb. Qeyd edilib ki, Kıbrıs Türk Dövləti artıq uzun müddətdir İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı yanında müşahidəçi statusuna malikdir. Ona görə də Türk Dövlətləri Təşkilatı yanında da KTD-nin müşahidəçi statusunun olması tam məntiqlidir.

Ersin Tatar öz növbəsində Azərbaycanın suverenliyini tam təmin etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. O, həmçinin Bakıda təşkil olunan Kıbrıs Türk Dövlətinin Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlərdən məmnunluq ifadə edərək, yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Görüşdə turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.

Sonda KTD-nin Prezidenti dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR