İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Əliyevdən xəbərdarlıq - İran “barışaq” deyib, Bakıya yenə savaş açır  

1760 05.05.2023 14:00 Siyasət A A

Rəsmi Tehran əlaqələrin axarına düşəcəyinə inanır, lakin rejimə qulluq edən fars KİV-ləri yenə Azərbaycanı hədəf alır; dövlət başçısı isə İran elitasına son sözünü dedi: “Bizimlə təhdid və terror dili işləməyəcək!”

İranla Azərbaycan arasında münasibətlərin normallaşmağa başladığı bir zamanda cənub ölkənin mətbuatı ölkəmizə qarşı çirkin kampaniyanı yenidən gücləndirib. “Yeni Müsavat”ın xəbərinə görə, son günlər İran mətbuatında Zəngəzur dəhlizinin açılması əleyhinə, Ermənistan və Qarabağdakı qondarma rejimə yardım çağırışlı yazılar geniş vüsət alıb.

“Müsəlman Qardaşlar”ına yaxın “Arab Post” saytı “İran mənbələrinə istinadən Tehran rəhbərliyində Azərbaycana qarşı hərbi əməliyyatların aparılması ilə bağlı fikir və rəylərin olduğunu təsdiqləyib. Mənbə iddia edib ki, SEPAH, ETTELAAT və Təhlükəsizlik Şurasının katibi Əli Şamxani arasında İranın Zəngəzur dəhlizi qurulacağı təqdirdə reaksiyasını müzakirə etmək üçün intensiv görüşlər olub. Görüşlərdə Azərbaycanla Ermənistan arasında mümkün savaşın nəticələri müzakirə olunub.

Tehranlı strateji analitik Soruş Dehqaninin rəyinə görə, Zəngəzur dəhlizinin yaradılması Azərbaycan və Türkiyəyə İrana qarşı əlavə güc və təsir alətləri qazandıracaq. “İran diplomatacy.ir” isə iddia edir ki, Azərbaycan Qərbi Zəngəzuru “işğal etməyi” planlaşdırır. Habelə “Tinn.ir” saytına danışan ekspertlər bildirirlər ki, Zəngilan hava limanı coğrafi mövqeyin sabitləşməsindən çox-çox kənara çıxan məqsədlər güdür. Qeyd edək ki, bir neçə gün əvvəl  İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani keçirdiyi brifinqdə xarici işlər nazirlərinin telefon danışıqlarından sonra iki ölkə arasındakı münasibətlərin nisbətən yaxşılaşdığını vurğulamışdı. Sitat: “İranla Azərbaycan arasında razılaşma, xüsusən xarici işlər nazirlərinin üç raundda aparılan telefon danışıqları çərçivəsində iki ölkə münasibətlərinin nisbətən yaxşılaşdığını görürük. Anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə rəsmilərimiz tərəfindən dialoq üçün bir sıra praktiki addımların atıldığını müşahidə edirik. Ümid edirik ki, iki ölkənin əlaqələri öz təbii axarına qayıdacaq”.

Kənani demişdi ki, İran-Azərbaycan münasibətlərində yeni səhifə açmağı vacib sayır: “Yeni atmosferə ehtiyac var. Gərginliyin yaranması ikitərəfli əlaqələri pozur və qonşular arasında soyuqluq yaratmaqda həmişə öz xeyrini güdən tərəflərin maraqlarına xidmət edir”. Rəsmi Tehranın bu mesajlarından belə aydın olurdu ki, gərginliklər aradan qalxmaqdadır və İran əlaqələrin əvvəlki vəziyyətə qaytarılmasını, o cümlədən səfirliyin fəaliyyətinin bərpasını arzu edir.

Prezident İlham Əliyev isə mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib ki, indi bizim İranla münasibətlərimiz heç vaxt olmadığı qədər aşağı səviyyədədir: “Və bundan sonra necə olacağını proqnozlaşdırmaq çətindir: münasibətlər bu səviyyədə qalacaq, yoxsa daha da aşağı düşəcək”. Dövlət başçısı əlavə edib ki, bu bizim seçimimiz deyil, amma bütün İran elitası artıq anlamalıdır - Azərbaycanla təhdid və terror dili işləməyəcək. “Bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır”, - deyə dövlət başçısı vurğulayıb.

Göründüyü kimi, münasibətlər rəvan və hamar deyil. Tehran-Bakı soyuqluğu davam edir. Prezident təhlükəsizlik səbəbindən səfirliyin də açılmaması üçün göstəriş verdiyini bəyan edib. Deməli, İran rejimindən yenə təhdid, terror istisna deyil. Üstəlik, yuxarıda sadaladığımız faktlardan da görünür ki, cənub qonşudakı müxtəlif KİV-lər yenə Azərbaycanı hədəf alıblar. Yəni XİN rəsmisi Kənaninin dediyi nədir, İran mediasının üstümüzə gəlməsi nədir? Həm belə mövqe sərgilə, həm də mediasında Azərbaycana qarşı yenidən çirkin kampaniya apar, axı səbəb nədir?

Arzuxan Əlizadə: Milli birlik ölkəmizin inkişafına təkan verən mühüm amildir

Arzuxan Əlizadə 

Bu suallarımızı cavablandıran AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, hazırkı molla rejimi Azərbaycanın müstəqilliyini, güclənməsini qəbul edə bilmir: “Ermənilərə işğal dövründə hər cür dəstək veriblər, kömək ediblər, indi də Azərbaycanla əlaqələri yaxşılaşdırmaq haqda verdikləri rəsmi bəyanatlar səmimi deyil. Əgər səmimi olsaydı, səfirliyimizə hücum edən terrorçu ilə bağlı addım atar, işin üstünü açardılar. Əgər Tehran səmimi olsaydı, Zəngəzur dəhlizinin "qırmızı cizgi" olduğunu bildirməzdi. Bundan başqa, bu gün sərhəddə ciddi nəzarət olsa da, az qala hər gün İrandan ökəmizə qaçaqmal yolla narkotik keçirilməsinə cəhd edilir. Bunun da arxasında rejim dayanır. Onların siyasəti həmişə narkotik keçirilməsi və din adı altında casus şəbəkəsi yerləşdirmək, öz ideoloji təbliğatını aparmaqdan ibarət olub. Amma heç nəyə nail ola bilmədilər, Azərbaycan onların uzantılarını ifşa etdi. Ona görə İran rejimi Azərbaycanla normal, dostluq münasibətləri saxlamaq niyyətində deyil".

Asif Nərimanlı:"Biz deyirik Ankara, bunlar deyir ...."

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Əliyevin İranla münasibətlərə dair açıqlaması Tehranın Bakıya normallaşma mesajı verdiyini, lakin tələblərin hələ də icra edilmədiyini deməyə əsas verir: “Bakının tələbləri aydındır: səfirliyimizə qarşı törədilən teraktın icraçısı və sifarişçiləri cəzalandırılmalıdır, Azərbaycana qarşı terror və təhdid dilindən imtina edilməlidir, İranda mənzillənən, Azərbaycanda konstitusiya quruluşunu devirmək planlarının icrasının həvalə edildiyi "Hüseyniyyun" qruplaşmasının üzvləri neytrallaşdırılmalıdır. Bu kontekstdə “Hüseyniyyun”un rəhbərlərinin - Tohid İbrahimbəyli və Orxan Məmmədovun bir həftə öncə həbs edildiyi xəbərlərinin yayılması, indi isə onların Qumda mollalarla poz verməsi diqqət çəkir. Ceyhun Bayramovla Abdullahianın bir müddət öncə iki gün davam edən telefon müzakirəsi zamanı Bakının bu şəxslərin neytrallaşdırılması və Azərbaycana təhvil verməsi tələbini də irəli sürdüyü istisna deyil. Bunun fonunda onların “həbs xəbəri” və “azad edilməsi”nin birdən çox hədəfi ola bilər: Birincisi, İran Azərbaycanın tələb etdiyi bu şəxsləri qorumaq, yaxud gizlətmək üçün “həbs edildiyi” informasiyasını tirajladı. İkincisi, onlar həqiqətən də həbs olunub, lakin rejim daxilində bununla bağlı fikir ayrılıqları olduğu üçün nəticədə azad ediliblər. Üçüncüsü, Tehran Bakıya bu tələbinin yerinə yetirilməsinin əlində olduğunun, lakin bunun üçün istəklərinin nəzərə alınmasının mesajını verir".

Təhlilçi “Hüseyniyyun” qruplaşmasının “neytrallaşdırılması”nı mümkün sayır: “Hətta 2018-ci il Gəncə hadisələrindən sonra qruplaşma bir müddət yer altına çəkildi. 2020-ci ilin Tovuz döyüşlərinə qədər əsasən "dini maarifləndirmə" adı altında çıxış edirdilər. Tovuz döyüşlərindən dərhal sonra qruplaşma “Türkiyənin Azərbaycana gəlişinə” dair İranın maraqlarını müdafiə edən, anti-Türkiyə təbliğatına başladı. 44 günlük müharibə və sonrasında da eyni xətt davam etdirildi. İndi İranın onları müvəqqəti susdurması ola bilər, lakin ideoloji olaraq imtina etmələri mümkünsüz görünür. Çünki Qasım Süleymaninin “xaç atası” olduğu “Hüseyniyyun” qruplaşması Hizbullah ideologiyasının uzantısıdır və Azərbaycanda silahlı dəstələr yaratmaq üçün ortaya atılıb. Bu baxımdan, qruplaşma üzvlərinin Azərbaycana ekstradisiya olunması ehtimalı olduqca azdır. Bununla yanaşı, İrandan son günlər Azərbaycana qarşı informasiya hücumları səngisə də, səfirliyimizdə terakt törətmiş terrorçu və hücumun sifarişçiləri hələ də qorunur. Və bu məqamlar Bakı-Tehran xəttində münasibətlərin normallaşması ehtimalını da zəiflədir".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR