İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Əliyevdən şifrəli mesaj - müharibə bitdi, Azərbaycana qarşı ədalətsizlik bitmir!

1048 06.05.2023 12:25 Gündəm A A

Qabil Hüseynli: “Türk və müsəlman amili varsa, “ikili standartlar" dərhal işə düşür...”

Ramiyə Məmmədova: “Fransa və ABŞ dərk edir ki, Qarabağ Azərbaycandır, amma...”

Mayın 3-də Şuşada keçirilən konfransda Azərbaycan Prezidenti İlham Əliyev Qərbin ölkəmizə qarşı hələ də davam edən “ikili standart” siyasətindən də danışıb. Elə təkcə Fransa parlamentinin və bu dövlətin aparıcı olduğu Avropa Parlamentinin bütün beynəlxalq hüquq normalarını heçə sayaraq, Azərbaycan əleyhinə qəbul elədiyi neçə-neçə təxribatçı, qanunsuz qətnamələri yada salmaq yetər.

Görünən budur ki, Qərbin bir çox dövlətləri 44 günlük müharibədə Azərbaycanın halal qələbəsini, işğalçını torpaqlarımızdan qovmasını heç cür həzm edə bilmir.

“Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi mövcuddur”.

“Yeni Müsavat” bildirir ki, bunu prezident İlham Əliyev konfransda ABŞ-ın Hərbi Dəniz Donanması Ali Məktəbinin professoru Brenda Şaferin “ABŞ Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü təşviq etməlidir və Ermənistanla Azərbaycan arasında sülhü təşviq etməlidir. Bu sözlər açıq-aşkar Sizin ərazi bütövlüyünüzü təşviq etmir. Bunun niyə belə olduğunu izah edin” sualına cavabında söyləyib.

“Biz hər zaman ABŞ prezidentlərinin rəsmi bəyanatlarında, Gürcüstan, Moldova və Ukrayna liderlərinə məktublarında ərazi bütövlüyünə dəstəklə bağlı çox açıq sözlər eşitmişik. Azərbaycana gəldikdə isə onlar sanki bunu söyləyirlər, eyni zamanda, sülh yolu ilə nizamlanma. İşğal dövründə bu, daha ədalətsiz və haqsız idi. Əlbəttə ki, biz buna daha çox həssas yanaşırdıq. İndi biz daha az həssasıq, çünki biz beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi görmüşük, Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişik. Ona görə də buna çox diqqət yetirmirik”, - Prezident qeyd edib.

Gerçək həmçinin budur ki, 44 günlük müharibədən sonra ABŞ və Fransa diplomatları hələ də Şuşaya getməyib (Rusiya səfiri keçən il Şuşada olub). Üstəgəl, Birləşmiş Ştatlar iki ildir Azərbaycana yeni səfir göndərmir. Halbuki Ermənistandakı səfirin səlahiyyət müddəti bitən kimi təzəsini təsdiqlədilər.

Davam edən bu cür “ikili standart” yanaşmanın səbəbi nədir - erməni lobbisinin güclü olması, ermənilərin xristian, bizim müsəlman olmağımız, türk amili, yoxsa nə? ABŞ səfiri sülh müqaviləsindən sonra Şuşaya gedəcəkmi? Əslində Prezidentin narazılığı həm də buna işarə idi. Yəni ki, Rusiya da bu addımı atıbsa, siz nəyi gözləyirsiniz?

Bakupost.az - "Onun əlləri dirsəyə qədər qana batıb" - Qabil  Hüseynli

Politoloq, professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, türkofobiya və islamafobiya çulğalaşdırılaraq vahid ideyaya çevrilib. Onun fikrincə, bu gün istər beynəlxalq, istər regional məsələlər olsun, türk və müsəlman amili varsa, ikili standartlar dərhal işə düşür. “Misal üçün, xristian ölkələrinə yanaşma metodları ilə türk-müsəlman dünyasına baxış fərqlənir. Ona görə ”ikili standartlar" bu zəmində formalaşır və inkişaf edir. Yəni uzun illər torpaqlarımızı işğal altında saxlayan, 1 milyondan çox insanın etnik təmizlənməsinə gətirib çıxaran, işğal altında olan ərazilərdə maddi-mənəvi sərvətlərə ölçüyəgəlməz dərəcədə ziyan vuran erməni işğalına yanaşma ilə torpaqlarını azad edən Azərbaycana münasibət fərqli olaraq qalmaqdadır. Hələ də işğalın adını deməyənlər var, bu soyqırımı münaqişə, qarşıdurma kimi təqdim etməyə çalışanlar tapılır", - Q.Hüseynli vurğuladı.

Professor qeyd etdi ki, BMT-nin 4 qətnaməsinin yerinə yetirilməməsi də elə bununla bağlı idi: “Azərbaycanın həmin qətnamələri icra etmək üçün apardığı 44 günlük müharibəyə yanaşmada da bir sıra problemlər var idi. Hətta işğalçılara qarşı mübarizə aparan Azərbaycan Ordusunun addımlarını ”genosid" kimi təqdim etməyə çalışanlar oldu. O baxımdan əgər dünya ciddi problemlərdən xilas olmaq istəyirsə, fərqli sivilizasiyalararası münasibətlərə tolerant yanaşmağı bacarmalıdırlar. Onlar bunu dialoqa çevirməyi bacarmalıdırlar. Əks təqdirdə, qütbləşmiş və qarşıdurmaya meylli dünya qalmaqda, ziddiyyətlər törətməkdə davam edəcək".

ABŞ-ın Türkiyəyə qarşı addımlarının arxasında hansı planlar gizlənib? –  politoloq şərhi - 21.05.2021, Sputnik Azərbaycan

Siyasi şərhçi Ramiyə Məmmədova səbəbi Cənubi Qafqaz uğrunda rəqabətdə görür. Qərbin bölgədə nüfuz savaşı apardığını deyən ekspertin sözlərinə görə, bu da ədalətli yanaşmağa mane olur. Təhlilçi hesab edir ki, Qərbdə Azərbaycanın haqlı olduğunu yaxşı başa düşürlər: “Amma strateji mübarizə getdiyi və Rusiyanı regiondan sıxışdırmaq planı olduğu üçün gah Ermənistana dəstək verilir, gah Bakıya qarşı sülh danışıqlarını pozacaq hansısa mövqe sərgilənir, gah Azərbaycanla sərhəddə Avropa İttifaqının missiyası yerləşdirilir. Fransa və ABŞ dərk edir ki, Qarabağ Azərbaycandır. Amma bu məsələ üzərindən Rusiyaya qarşı regionda siyasət yürüdülür. Bizə isə bu strateji rəqabət maraqlı deyil, çünki sülh müqaviləsi istəyirik.

İndi isə Qərbdə məsələyə belə yanaşırlar: İrəvanı Kremlə qarşı dəstəkləmək lazımdır, Ermənistan Qarabağ məsələsində haqsız olsa belə. Bax, bu da işə əngəl olur. Və Vaşinqtonla Parisdə düşünürlər ki, Bakı strateji olaraq addımlarını Ankara və Moskva ilə koordinasiya edir. O səbəbdən hesab edirlər ki, Ermənistandakı hakimiyyət sülh və Qarabağ mövzusunda şər tərəf olsa da, ona hələlik strateji səbəblərdən dəstək verməliyik. Bu da ikili standartların təzahürüdür və cənab prezident Şuşada çıxışında buna işarə etmişdi".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR