İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Ağdamda təməl qoydu, Şuşadan mühüm mesajlar verdi

611 04.05.2023 08:05 Siyasət A A

İlham Əliyev: “Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq: tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq...”

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna səfər ediblər.

Dövlət başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar.

Daha sonra Prezident Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.

Mayın 3-də isə Prezident Şuşada olub.

Prezidentin Ağdam və Şuşa səfəri mühüm bir hadisə ilə eyni vaxtda baş tutub. Belə ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə edilməsi üçün ABŞ-da gərgin müzakirələr gedir. Belə bir vaxtda Prezidentin Qarabağa səfəri, Ağdamın yenidən qurulması yönündə yeni obyektlərin təməlini qoymasının özü dünyaya bir mesajdır. Azərbaycan bir daha beynəlxalq aləmə nümayiş etdirir ki, onun yeganə məqsədi bölgənin inkişafı və əmin-amanlıq içərisində yaşamaqdır...

İlham Əliyev Şuşada ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən dördüncü beynəlxalq konfransda iştirak edib. Prezident İlham Əliyev konfransda çıxışında bildirib ki, Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Biz onun bu arzusunu reallaşdırdıq: “Biz bununla fəxr edirik, xoşbəxtik. Bütün azərbaycanlılar - təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya azərbaycanlıları bizim Qələbləmizlə fəxr edirlər. Bu Qələbə tarixi ədalətin və beynəlxalq hüququn Zəfəridir”.

Görüşün Şuşada keçirilməsinin xüsusi məna daşıdığını vurğulayan dövlət başçısı bildirib: “Keçən ili mən "Şuşa İli" elan etmişdim, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi.

Biz bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan fikir və ideyaların mübadiləsini aparmaqla praktiki addımları müzakirə etmək istəyirik və regional inkişaf proseslərinə də nəzər salmalıyıq. Çünki biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq".

Prezident qeyd edib ki, Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub və bunu zamana, siyasi vəziyyətə baxmayaraq edib.

Dövlətimizin başçısı deyib ki, Sovet Azərbaycanı dönəmində hətta ideoloji əngəllər çərçivəsində Ulu Öndər Azərbaycan xalqının maraqlarını qoruyurdu, milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. 70-ci illərdə və 80-ci illərin əvvəlində Heydər Əliyev tərəfindən atılmış bir çox addımlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdi.

Şuşanın həmişə Azərbaycan şəhəri olduğunu vurğulayan dövlət başçısı deyib ki, yalnız işğal dövründə 28 ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi. “Siz bizim görüşdən sonra şəhərə ekskursiya edəcəksiniz və özünüz görəcəksiniz ki, işğal dövründə Şuşa demək olar, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır”.

Prezident bəyan edib ki, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq: “Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk Qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər”.

“Biz onlara (Ermənistana) sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdik. Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini qırx gündən çoxdur ki, gözləyirdik. Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər”, - deyə Prezident çıxışında bildirib.

Ermənistanın şərhində Azərbaycana qarşı ərazi iddialarının olduğunu vurğulayan dövlət başçısı qeyd edib: “Bizim bu şərhlərdə gördüklərimiz yenə də Azərbaycana qarşı ərazi iddialarıdır. ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, burada ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan Dağlıq Qarabağı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır”.

Konfransda ABŞ-ın Prinston Universitetindən olan Maykl Reynoldsun Minsk Qrupu ilə bağlı sualına cavabında İlham Əliyev  bildirib ki, nəticə nöqteyi-nəzərdən 28 il ərzində Minsk Qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi.

İşğal dövründə Minsk Qrupunun Azərbaycanda çox populyar olmadığını deyən dövlət başçısı qeyd edib: “İndi isə o artıq fəaliyyətini dayandırdığı üçün biz yəqin ki, bu məsələni dərindən müzakirə etməməliyik. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi”...

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirib ki, Prezident İlham Əliyevin Şuşadan səsləndirdiyi bəyanatlar bir çox istiqamətləri əhatə etməklə yanaşı, özündə çox ciddi mesajları da daşıyır: “Ağdamın işğaldan azad edilməsindən çox da uzun müddət keçməyib. Buna baxmayaraq, qısa müddətdə Ağdamın qurulması istiqamətində çox böyük işlər həyata keçirilib və keçirilir. Prezident İlham Əliyev 2021-ci il mayın 28-də Ağdam şəhərinə səfər edən zaman dövlətimizin başçısına Ağdam şəhərinin baş planı təqdim olunmuşdu. Və elə həmin gün cənab Prezident Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşmüş və şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirak etmişdi. Ağdamın azad edilməsindən 6 sonra Ağdam şəhərinin baş planının hazır olması və şəhərin bərpasına başlanması Azərbaycan dövlətinin qüdrətinin, Azərbaycan Prezidentinin bu şəhərin və digər işğaldan azad edilmiş şəhərlərimizin bərpası, yenidən qurulması işinə necə böyük önəm verməsinin, diqqət ayrımasının bir möhtəşəm nümunəsi idi. Ağdamın bərpa olunması, yenidən qurulması necə sürətlə başlamışdısa o cür də yüksək səviyyədə davam etdirilir. Qısa müddətdə Ağdam nəhəng inşaat meydanına çevrilib. Ağdamda müasir binalar inşa edilir. Prezident İlham Əliyev bəyan etmişdi ki, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq. Bəli, bu gün belə bir Ağdam qurulur. Azərbaycan Prezidenti İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın mayın 2-də Ağdam səfəri zamanı yeni mühüm binaların, obyektlərin təməli qoyuldu. Dünyanın gözü önündə Ermənistanın yer üzündən sildiyi ruhlar şəhərinə çevirdiyi Ağdam şəhəri bu gün dünyanın gözü önündə öz sahibi tərəfindən inşa edilir, buraya həyat qayıdır. Bunun özü bütün dünyaya, xüsusən də Ermənistana havadarlıq edən qüvvələrə çox ciddi mesajdır. Prezident çıxışı zamanı bir daha dünyaya mesaj verdi ki, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edib, Qarabağ torpaqlarında quruculuq işləri çox böyük miqyasda davam edir. Eyni zamanda Ağdam ən müasir "Ağıllı şəhər" konsepsiyası əsasında qurulur, Ağdamın sakinləri tezliklə öz torpaqlarına geri qayıdacaq. Ağdam ərazisinə görə ikinci, əhalisinin sayına görə isə üçüncü böyük şəhər olacaq. Çünki Ağdamda 100 min insanın rahat yaşayacağı şəhər qurulacaq. Elə bir Ağdam qurulacaq ki, dünyada ona bərabər olan bir şəhər olmayacaq".

Terror İranın rəsmi dövlət siyasətinə çevririlb - Aydın Hüseynov Manset.az

Aydın Hüseynov 

Deputat vurğuladı ki, Prezident İlham Əliyevin Ağdam səfərindən bir gün sonra Şuşaya getməsi və “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən dördüncü beynəlxalq konfransda iştirak etməsinin də mühüm əhəmiyyəti olmaqla yanaşı, mesajları var: “Həm Ağdam şəhərinə, həm də Şuşa şəhərinə Ulu Öndər Heydər Əliyevin böyük sevgisinin olduğu məlumdur. Ulu Öndər hələ sovet hakimiyyəti zamanında bu qədim şəhərlərimizin abadlaşması, inkişafı üçün böyük işlər görmüşdü. Heydər Əliyev Ağdam və Şuşanın azad ediləcəyinə və bu şəhərlərin yenidən qurulacağına, dünyanın inkişaf etmiş şəhərləri sıralarında yer alacağına inandığını həmişə ifadə edirdi. Ulu öndərin arzularını möhtərəm Prezidentimiz İlham Əliyev həyata keçirdi, hər iki tarixi şəhərimiz azad edildi. Azad edildikdən sonra isə Ulu Öndərimizin Şuşa və Ağdamın yenidən qurulması arzuları gerçəkləşdirilir. Bu gün Heydər Əliyevin ruhu şaddır. Çünki biz Şuşadayıq, Ağdamdayıq, digər işğaldan azad edilmiş torpaqlarımızda quruculuq işlərini həyata keçiririk. Şuşa beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyi mərkəzə çevrilib”.  

Şuşanın ruhu artıq azaddır - politoloq Anar Əliyev

 Anar Əliyev

Politoloq Anar Əliyev isə bildirdi ki, Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərimizə, Qarabağ iqtisadi rayonuna səfəri zamanı bir sıra mühüm obyektlərin açılışı və təməlini qoyması ilə yanaşı, həm də bölgə xalqları və region dövlətləri üçün maraqlı ola biləcək, Azərbaycan dövlətinin bölgəmizin gələcəyi ilə bağlı baxışlarını ifadə eləyən mövqeyini açıqlayıb. Prezident Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, iqtisadi əlaqələrin qurulması və nəhayət, bölgəmizə davamlı sülhün gəlməsi istiqamətində baxışlarını bir daha ortaya qoyub: “Eyni zamanda Prezident Ermənistanın mövcud rejiminin davranışlarının və Ermənistan üzərindən bölgəmizə təsir etmək, münasibətləri pozmaq istiqamətində atılan addımların bölgə xalqlarının, bölgə dövlətlərinin maraqlarına xidmət etmədiyini, Ermənistanın revanşist və manipulyativ davranışlarının bölgədə münasibətlərin normallaşmasına zərər vurmaqla yanaşı, həm də Ermənistan üçün böyük problemlər törədəcəyini bəyan elədi. Prezident Ağdamdan bir daha bəyan etdi ki, Azərbaycan dövləti heç zaman özünün haqlı prinsipial mövqeyindən geri çəkilməyəcək. Prezident dövlətimizin bölgəmizdə yalnız inkişaf, quruculuq işləri istiqamətində fəaliyyətini davam etdirəcəyini, heç bir təhdid və təxribatların Azərbaycanı bu yoldan çəkindirə bilməyəcəyini bəyan etdi. İlham Əliyev bölgə dövlətləri və xalqlarını Azərbaycanın həyata keçirdiyi və bəyan elədiyi bu quruculuq, əməkdaşlıq, inteqrasiya prosesinin tərəfinə çevrilməyə çağırıb. Maraqlıdır ki, bu bəyanatlar Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin tənzimlənməsi ilə bağlı ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərinin keçirildiyi fonda səsləndirilib. Hesab edirəm ki, bu, həm də bir simvolik yanaşmadır. Çünki Azərbaycan hər zaman sülhə, sülh danışıqlarına hazır olduğunu, qalib tərəf olmasına baxmayaraq, torpaqlarını uzun illər işğalda saxlayan, azərbaycanlılara qarşı qətliamlar törədən Ermənistanla, nəhayət, danışıqlar masasında oturmağa və sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan eləyib”.

Politoloq eyni zamanda qeyd etdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra formalaşmış reallıqların diktə etdiyi şərtlərdən, beynəlxalq hüququn prinsiplərindən və dövlətlərin suveren hüquqlarından kənar heç bir müzakirə predmetini qəbul etməyəcəyini, bu istiqamətdə hər hansı təzyiqlərin Azərbaycanın mövqeyinə təsir eləyə bilməyəcəyini dəfələrlə elan edib: “Prezident Əliyev bir daha bu mövqeyi bəyan elədi. Məhz Azərbaycanın bu qətiyyətli mövqeyi nəticəsində beynəlxalq güclər, xüsusilə ABŞ artıq prosesləri, Azərbaycanın mövqeyini dərk edir. Hesab edirəm ki, Azərbaycanın ortaya qoyduğu bu mövqe dünya güclərinin Azərbaycanın ədalətli mövqeyi ilə razılaşma istiqamətində bəyanatları Ermənistanı və onun havadarlarını proseslərə daha real ayıq yanaşmağa məcbur edəcək. Azərbaycan Prezidentinin mesajlarından nəticə çıxarmalıdırlar. Prezident İlham Əliyev mayın 3-də Şuşada keçirilən beynəlxalq konfransda da sülhün vacibliyindən danışıb və xəbərdarlıq tonunda fikirlərini də bildirib. Diqqətçəkən məqamlardan daha biri Prezidentin ABŞ-dan olan iştirakçının sualına cavabında Minsk Qrupu haqda dedikləridir. Prezident amerikalı qonağın nəzərinə Minsk Qrupunun fəaliyyətinin dayandırıldığını və bu mövzunun müzakirəsinə lüzum qalmadığını çatdırmış olub”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR