İnsanlara hürriyət, millətlərə istiqlal!

Piyada məsuliyyətsizliyi: cərimələr və nəzarət sərtləşməlidirmi - rəy

398 18.01.2024 08:25 Ölkə A A

Hüquqşünas: “Maarifləndirmə tədbirləri genişləndirilməlidir, qaydaları pozan kimsə cəzasız qalmamalıdır”

Son vaxtlar piyadaların vurulması, yaxud qəfil yola çıxan piyadanı vurmamaq üçün sərt manevr etmək məcburiyyətində sürücülərin yoldan çıxaraq qəzaya uğraması halları artıb. 

Son olaraq Yasamal rayonu ərazisində iki piyadanın vurulmasını əks etdirən videogörüntülərdən görünür ki, sürücü işıqforun yaşıl işığında nəqliyyat vasitəsini idarə edir, piyada qaçaraq özünü maşının altına atır. 

Digər qəza isə metronun “İnşaatçılar” stansiyası yanında baş verib. Yeraltı keçid olduğu halda piyada yola çıxıb və onu maşın vurub.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib: “Respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələri içərisində piyada vurma hadisələrinin sayı üstünlük təşkil edir. Bu nəticənin formalaşmasında piyada məsuliyyətsizliyi az rol oynamır. Sürücülərin onları vaxtında və aydın görməsi üçün təşəbbüs göstərməyən piyadalar, təəssüf ki, sonda ən çox zərərçəkən tərəf olur.

Mütəxəssislər piyadalara xüsusilə sutkanın qaranlıq vaxtı və məhdudiyyətli görünmə şəraitində uzaq məsafədən diqqət çəkən geyimlər geyinməyi, yaxud işıqqaytarıcı elementləri olan əşyalardan istifadə etməyi tövsiyə edir. Məlumdur ki, gecə vaxtı qara rəngli geyimlər seçilmir. Bununla yanaşı, göy rəng - 17, qırmızı rəng - 24, sarı rəng - 37, ağ rəng  - 55, işıqqaytarıcı elementlər isə 130 metrdən fərq edilir.

Saatda 60 km sürətlə hərəkət edən avtomobilin tormoz yolunun quru asfaltda - 20, yaş asfaltda - 35, qar örtüyü olan yolda - 70, buzlu yolda - 140 metrə yaxın olduğunu nəzərə alsaq, sürücülərin diqqətini vaxtında cəlb etməyin əhəmiyyəti haqda bir daha düşünməyə dəyər.

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edərək onlardan sutkanın qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində əlvan və ya işıqqaytarıcı elementləri olan geyim və əşyalardan istifadəyə üstünlük verməyi xahiş edir və hər kəsi bu sahədə ictimai iştirakçılığa töhfə verməyə çağırır".

Ötən ilin 9 ayında 1204 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda zərərçəkən 1661 nəfərdən 627-i ölüb, 1034 nəfər isə yaralanıb.  2023-cü ildə Azərbaycanda qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 qəza baş verib, nəticədə 9 nəfər ölüb, 7 nəfər yaralanıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumatı yayıb. Məlumata görə, bütün hadisələrə piyadaların dəmiryol xətlərini keçərkən diqqətsiz davranması səbəb olub. 2022-ci ildə isə 23 belə hadisə qeydə alınıb, nəticədə 13 nəfər həlak olub. “ADY bu cür halların yaşanmaması üçün maarifləndirmə işlərini bu il də davam etdirir, piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır”,- deyə açıqlamada qeyd edilib.

Ekspertlər bildirir ki, piyadaların son illərdə yollarda məsuliyyətsizliyinə onlarla liberal davranış da ciddi təsir edir. Məlumdur ki, qayda pozan sürücülər üçün son illərdə cərimələr və cəzalar xeyli ağırlaşıb. Əksər hallarda da istintaq orqanı haqlı-haqsız sürücüləri cəzalandırır. 

Yollarda məsuliyyətsizlik edən piyadalara qarşı cəzalar sərtləşməlidirmi? Və piyadanın məsuliyyətsizliyi üzündən qəza törədən sürücü cəzadan azad edilməlidirmi? Dünya təcrübəsi necədir? 

Səfərbərlik Xidmətində təmizləmələr başladı - şöbə rəislərinin ardınca kim  qandallanacaq?

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, yol hərəkət iştirakçıları arasında ən az müdafiə olunan piyadaların məsuliyyət baxımından məsələyə münasibəti həmişə birmənalı olmur: “Piyadavurma hadisələrinin profilaktikası sahəsində həyata keçirilən tədbirlərin, xüsusilə vətəndaş cəmiyyəti institutları ilə birgə aparılan təbliğat-təşviqat və maarifləndirmə işlərinin geniş vüsət almasına baxmayaraq, təəssüf ki, hələ də öz həyat və sağlamlığına biganə qalan, özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün real təhlükəyə yaradan piyadaların sayı az deyil. Statistik məlumatlardan belə aydın olur ki, vətəndaşlar hətta qatar yolunu keçəndə belə məsuliyyətsizlik edirlər. Nəticə isə acınacaqlıdır. Qış mövsümündə piyadalar da xüsusilə diqqətli olmalıdırlar. Hava tez qaralır. Görmə məsafəsi də müvafiq olaraq azalır. Bu baxımdan, piyadalar yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsinə mümkün qədər az çıxmalı, yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməlidirlər. Məhdudiyyətli görünmə şəraitində, sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olmalı, əlvan və ya işıqqaytarıcı elementləri olan geyim və əşyalardan istifadəyə üstünlük verməlidirlər”.

Natiq Ələsgərov deyib ki, hazırda əksəriyyət qulaqcıqlardan istifadə edir: “Qəzaların baş verməsində bu amilin də rolu var. Piyadalar qulaqcıqdan istifadə etməklə yola çıxır. Faktiki olaraq ətraf mühiti eşitmirlər. Bu da nəqliyyat vasitələrinin səs siqnallarını vaxtında eşidib yoldan çəkilmələrinin qarşısını alır. 

Bundan başqa, piyadalar yolu keçərkən nizamlama vasitələrinin tələblərinə sözsüz əməl etməlidir. Yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirməli, sürücülərin onlara yol verdiklərinə tam əmin olduqdan sonra yolu keçməlidirlər. Dayanacaqda gözləyərkən, ictimai nəqliyyata minib-düşərkən qəflətən avtomobil yoluna çıxmaqdan çəkinməlidirlər".

Natiq Ələsgərov deyib ki, piyadaların cərimələnməsi vəziyyətdən çıxış yolu deyil: “Məsələn, piyadanın səhvi ucbatından yol-nəqliyyat hadisəsi baş verirsə, bununla bağlı qanunvericilikdə piyadanın məsuliyyətini müəyyənləşdirmək lazımdır. Piyada dəymiş ziyanı necə ödəməlidir və s. Qanunda yol hərəkəti qaydalarını pozan piyadaların 20 və 40 manat məbləğində cərimələnməsi nəzərdə tutulur. Belə ki, piyada sürət həddi 80 km/saatdan çox olan yolda qaydanı pozursa o, 40 manat məbləğində, digər hallarda isə 20 manat məbləğində cərimə olunur. Piyada işıqforun qırmızı işığına əməl etmədən keçiddən istifadə etdiyinə, keçid olan yerdə digər yerlərdən keçdiyinə, təcili yardım, operativ nəqliyyat vasitəsinin, eyni zamanda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna qəflətən çıxdığına görə məsuliyyət daşıyır. Cəzaların tətbiq edilməsinin özü də bir ictimai qınaq, insanı doğru yola cəlb etmək vasitəsidir. Buna görə də cəzaları sərtləşdirmək çıxış yolu deyil. Sadəcə, maarifləndirmə tədbirləri genişləndirilməlidir. Bir də qaydaları pozan kimsə cəzasız qalmamalıdır”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR