İnsanlara hürriyət, millətlərə istiqlal!

Pirşağıda evə qumbara ilə hücum edən şəxs məhkəmə qarşısında – Ailə dramı  

566 13.03.2023 16:55 Kriminal A A

 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadı, qayınanası və 2 qızını öldürməyə cəhddə, onların yaşadığı evə ziyan vurmaqda, eləcə də qanunsuz silah saxlamaqda ittiham olunan İntizam Nəcəfovun işinə baxılır.

Musavat.com xəbər verir ki, 12 il öncə boşandığı həyat yoldaşını, qayınanasını və övladlarını qumbara ilə partladıb, öldürməyə cəhddə suçlanaraq həbs olunan İntizam Nəcəfov özünü təqsirli bilmir. Deyir ki, yalandır, əgər onları öldürmək niyyəti olsaydı qumbaranı həyətdəki boş sahəyə yox, elə evin içinə atardı. Bu haqda o, öz məhkəməsində ifadə verərkən danışıb.

Hadisə 2022-ci ilin avqustunda Pirşağı qəsəbəsindəki evlərdən birində baş verib. Cinayət işinin materiallarında iddia olunur ki, 40 yaşlı İntizam Nəcəfov həmin vaxt narkotik maddənin təsiri altında olub. O, “F-1” qumbarasını evə atmaq istəyəndə qızı mane olub. Bu üzdən qumbara bağ sahəsinə düşüb.

“Mən özümü ancaq silaha görə təqsirli bilirəm. Nə evə ziyan vurmuşam, nə də kimisə öldürmək niyyətim olub. Belə niyyətim olsaydı, uzaqdan evin içinə atardım, heç kim də mane ola bilməzdi”, - İntizam  Nəcəfov belə deyib.

Keçmiş həyat yoldaşı, zərərçəkmiş qismində tanınan Sevil Əhmədova da onun dediklərini təsdiqləyib. Sevil Əhmədova məhkəmədə bildirib ki, ittihamda yazılanların bir çoxu həqiqətə uyğun deyil.

“İttihamda haqsız şeylər yazılıb. O yazılanların heç biri olmayıb. Məsələn, bizim evimizdə qumbaradan dağıntı olmayıb”, - Sevil Əhmədovanın sözləridir.

Sevil Əhmədovanın özü ilə yanaşı anası, 2 qızı da zərərçəkmiş qismində tanınıb. Amma o, övladlarının məhkəməyə gəlməsini istəmir. Hakimlər isə bildirib ki, yalnız məhkəmədə müzakirələrdən sonra bu məsələ ilə bağlı uyğun qərar veriləcək.

İntizam Nəcəfovla Sevil Əhmədovanın birgə nikahından 3 övladı var.

Qumbaranı necə əldə etməsinə gəlincə, Nəcəfov istintaqda bildirib ki, 2020-ci ildə Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibədən sonra Qarabağ zonasında işləyib. Onun sözlərinə görə, qumbaraları da həmin vaxt oradan tapıb.

İntizam Nəcəfovun ittiham olunduğu özgə əmlakına zərər vurma və ya məhv etmə, qanunsuz silah saxlama, iki və daha çox adamı öldürməyə cəhd kimi əməllərə görə qanunda 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR