İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon Ukrayna ordusunu tam nəzarətə götürür: “Rusiyanı vur” əmrini ABŞ generalı verəcək

3186 30.05.2024 19:05 Analitika A A

Böyük ehtimalla ABŞ-ın Ukraynaya hərbi müşavir göndərməsinin pərdəarxasında gizlənən əsas məqsəd Rusiya ilə savaşın istiqamətlərini dəyişməyə hazırlıqla bağlıdır... ABŞ başda olmaqla, NATO-nun Rusiyanın dərinliklərinə endiriləcək dağıdıcı zərbələrdən sonra başlayacaq qlobal savaşın planlaşdırılması mərhələsinə keçid etdiyi qətiyyən istisna deyil...

ABŞ və Qərbin Rusiya ilə beynəlxalq qarşıdurması artıq yeni mərhələyə keçirilmək üzrədir. Belə ki, Ukrayna savaşının yaxın vaxtlarda daha geniş areala yayılma ehtimalı güclənməkdə davam edir. Hətta Ukrayna savaşının yaxın vaxtlarda həm Rusiya, həm də Avropa məkanında aparılmasının qaçılmaz ola biləcəyi qətiyyən istisna deyil. Və belə situasiyanın yaranmasında ABŞ başda olmaqla, bəzi NATO ölkələrinin atdığı radikal addımların xüsusi rolu olmamış deyil.

Məsələ ondadır ki, bəzi NATO ölkələri Ukrayna ordusunun Rusiyanın dərinliklərinə dağıdıcı zərbələr endirməsini istəyir. İndiyə qədər belə zərbələrin məhdud xarakter daşıması daha çox Ukrayna ordusuna NATO ölkələrinin göndərdiyi silahlardan Rusiya ərazisinin hədəfə alınmasına qarşı qoyulmuş qeyri-rəsmi qadağa ilə birbaşa bağlıydı. Ancaq artıq bu qadağalar ləğv edilməyə başlayıb. Və bu, Ukrayna savaşının çoğrafiyasının genişləndirilməsinə intensiv hazırlıq anlamı daşıyır.

Hər halda, NATO üzvü olan bəzi ölkələr - Böyük Britaniya, Latviya, Litva, Hollandiya, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveç və Estoniya Ukraynaya göndərdikləri silahlarla Rusiya ərazisinə dağıdıcı zərbələr endirməyə icazə veriblər. Əgər, rəsmi Kiyev bu icazəni reallığa çevirməyə çalışarsa, savaş Ukrayna ərazisindən kənara çıxmış olacaq. Əvvələcə Rusiya böyük müharibə poliqonuna çevriləcək, ardıncasa, Kremlin Avropa məkanına zərbə endirməsi isə Ukrayna savaşını qloballaşdıracaq. Və bu, müasir dünya üçün hazırda ən böyük təhlükə hesab oluna bilər.

9784939d450a6b96e96805fe2687e10c.jpg (210 KB)

Düzdür, Ağ Evdə bu məsələ ilə bağlı hələlik prinsipial qərar verilməyib. Yəni, ABŞ silahlarından Rusiyaya qarşı istifadə üçün Ukrayna hələ bir müddət Ağ Evdən rəsmi razılıq gözləməli olacaq. Halbuki, bu, ümumi prosesin istiqamətlərini dəyişə biləcək faktor sayılmır. Çünki, Rusiyanın dərinliklərinə zərbə icazəsi verən ölkələr NATO-ya üzv dövlətlərdir. Ukrayna həmin ölkələrin silahlarıyla Rusiyaya zərbə endirərsə və Kreml də buna cavab verərsə, NATO birbaşa savaşın iştirakçısına çevriləcək. ABŞ isə NATO-nun aparıcı dövləti olduğundan heç bir halda, Rusiya ilə savaşdan kənarda qala bilməyəcək.

Göründüyü kimi, Ukrayna savaşı ətrafında olduqca qəliz və təhlükəli situasiya yaranıb. Üstəlik, son vaxtlar baş verən hadisələrin əslində, ABŞ-ın bu situasiyadan kənarda olmadığını da təsdiqləyir. Belə ki, Ağ Evin təşəbbüsü ilə Ukrayna ordusuna “F-16” döyüş təyyarələrinin verilməsi prosesi artıq son mərhələyə yaxınlaşır. Ukraynalı pilotların hərbi təlimləri də sona çatmaq üzrədir. Yəni, tezliklə Ukrayna ordusu Rusiyaya qarşı F-16 döyüş təyyarələrindən istifadə etmək imkanı da qazana bilər. Və F-16 döyüş təyyarələrinin taktiki nüvə silahı daşımaq üçün modifikasiya edildiyini də mütləq nəzərə almaq lazımdır.

Maraqlıdır ki, Kreml bu məsələ ilə bağlı ABŞ və NATO-ya sərt şəkildə xəbərdarlıq edib. Rusiya siyasi dairələri NATO-nu nüvə savaşına hazırlıq prosesinə start verməkdə suçlayır. Eyni zamanda, Kreml Rusiyanın cavab reaksiyasının gözlənildiyindən daha dağıdıcı olacağını da qabarıq şəkildə vurğulayıb. Və NATO ölkələrini yolverilməz addımlardan çəkinməyə, Ukrayna savaşına kobud müdaxilədən çəkinməyə çalışıb.

Ancaq Ağ Evin Kremldən edilən sərt xəbərdarlıqlara və çağırışlara əhəmiyyət verməyə həvəsli olmadığı da açıq-aşkar nəzərə çarpır. Belə ki, ABŞ son davranışları və atdığı addımlarla Rusiyaya qarşı daha genişmiqyaslı hərbi proseslərə hazırlaşdığını sezdiri. Buna misal olaraq, ABŞ-ın bəzi postsovet ölkələrinə hərbi müşavirlər təyin etməsini göstərmək olar.

a1366d7d76649dc944729d962699eb35.jpg (298 KB)

Belə ki, Ağ Ev Ukrayna, Moldova, Ermənistan və Baltikyanı ölkələrə ABŞ hərbi məsləhətçilərinin göndərilməsi barədə qərar qəbul edib. Və əsas məqsəd kimi, bu ölkələrin hərbi struktirlarının koordinasiyasına olan ehtiyac, Rusiya modelindən uzaqlaşmaq üçün həmin ölkələrin silahlı qüvvələrinin ABŞ standarlarına uyğunlaşdırılmasının vacibliyi qabardılıb.

Ancaq ABŞ-ın açıqladığı məqsədlərə şübhə ilə yanaşmaq üçün də müəyyən səbəblər olmamış deyil. Məsələn, Baltikyanı ölkələrin hələ də Rusiya modelinə bağlı orduya malik olduğunu iddia etmək qətiyyən mümkün deyil. Çünki bu ölkələr NATO artıq üzvüdürlər və deməli, həm də hərbi cəhətdən ABŞ-ın standarlarına qətiyyən uzaq deyillər. İndi ərazisində hətta NATO hərbi bazaları olan Baltikyanı ölkələrdə ABŞ müşavirlərinin hansı Rusiya modelinə qarşı məsləhət verəcəkləri yumşaq desək, mübahisə mövzusudur.

Digər tərəfdən, ABŞ hərbi müşavirlərinin Moldovada yeni ordu quruculuğu prosesində faydalı ola biləcəkləri qətiyyən inandırıcı görünmür. Çünki bu ölkənin ərazi bütövlüyü ilə bağlı ciddi problemləri mövcuddur. Üstəlik, Moldova kənar dəstək olmadan bu problemi həll etməyə hazır görünmür. Yəni, ABŞ və Qərb hazırda Moldova barədə düşünürsə, bu ölkəyə öz ərazi bütövlüyünü bərpa etmək üçün ən güclü beynəlxalq siyasi dəstəyi təmin etməlidir. Və yalnız bundan sonra hərbi faktorlar Moldova üçün hansısa səviyyədə əhəmiyyət daşıya bilər.

Ermənistana gəldikdəsə, ABŞ-ın bu ölkənin hərbi strukturları üçün edə biləcəyi o qədər də çox şey yoxdur. Çünki erməni toplumu üçün hır hansı model mövcud deyil. Hər halda, onlar heç sovet dövründə belə, “erməni modeli”ndən kənara çıxa bilmədilər. İndi Ermənistan ordusunu ABŞ modelinə yaxınlaşdırmağın mümkün olmayacağını yəqin ki, Ağ Evdə də anlamamış deyillər. Üstəlik, Paşinyan hakimiyyəti nə qədər “Qərbə qaçış” propoqandası qursa da, Ermənistanın Rusiyanın nəzarətindən çıxarılmasının yaxın onilliklərdə mümkün olmayacağı inkaredilməz reallıqdır.  

iYYi1Hf8DnPN3vBy9k2N.jpg (42 KB)

Nəhayət, Ukrayna ordusu isə artıq çoxdan Rusiya modelindən uzaqlaşıb və bir neçə ildir ki, məhz NATO hərbi texnikası ilə silahlanaraq, Qərbin əsas düşməni ilə müharibə aparır. Yəni, Ukrayna ordusu hazırda döyüş meydanında NATO standarlarına keçidi tamamlamış kimi görünür. Bu baxımdan, ABŞ hərbi müşavirlərinin Ukrayna ordusunda fəaliyyətinin tamamilə fərqli hədəflərə yönələ biləcəyi qətiyyən istisna deyil.

Belə anlaşılır ki, ABŞ hərbi dairələr ilk növbədə Ukrayna ordusunu tam nəzarətə götürmək qərarı verib. Böyük ehtimalla Ağ Evdə Ukrayna ordusunun hərbi əməliyyatlarının məhz ABŞ generalları tərəfindən planlaşdırılmasına və idarə olunmasına ehtiyac duymağa başlayıblar. Ona görə də, Ukrayna ordusunun Rusiyanın dərinliklərinə endirəcəyi zərbələrin ssenariləşdirilməsi üçün ABŞ hərbi müşavirləri bu ölkəyə göndərilir. Yəqin ki, Avropa məkanına yönəlik Rusiyanın verəcəyi cavab reaksiyasının dəf olunması prosesində də Ukrayna ordusuna belə sərt nəzarət xüsusi önəm daşıya bilər.

Ona görə də hesab etmək olar ki, ABŞ-ın məlum qərarının pərdəarxasında gizlənən əsas məqsəd Rusiya ilə savaşın istiqamətlərini dəyişməyə hazırlıqla bağlıdır. Ermənistan, Moldova və Baltikyanı ölkələrə də hərbi müşavirlərin göndərilməsi böyük ehtimalla Ukrayna ilə bağlı planların pərdələnməsi məqsədi güdür. Və bu baxımdan, ABŞ başda olmaqla, NATO-nun Rusiya ilə açıq savaş üçün gizli hazırlıq içərisində ola biləcəyi qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR