İnsanlara hürriyət, millətlərə istiqlal!

Pekindən Tehrana ağır iqtisadi zərbə

746 12.06.2026 13:41 Dünya A A

 Yaxın Şərqdə davam edən hərbi münaqişə və ABŞ-ın dəniz blokadası fonunda İran iqtisadiyyatının ən mühüm maliyyə arteriyası hesab olunan Çin bazarı Tehrandan böyük ölçüdə imtina etməyə başlayıb.

Musavat.com xəbər verir ki, dünyanın nüfuzlu "Bloomberg" xəbər agentliyinin analitiklərə və gömrük hesabatlarına istinadən yaydığı sensasion materialda bildirilir ki, Çinin müstəqil neft emalı zavodlarının (Zavodları) tələbini azaltması və ABŞ-ın yeni sərt sanksiyalarının təzyiqi nəticəsində İrandan Çinə gələn neft axını rekord həddə düşüb.

Agentliyin təqdim etdiyi rəsmi statistik rəqəmlər İslam Respublikası üçün vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu nümayiş etdirir. Belə ki, cari ilin fevral ayında İranın Çinə sutkalıq neft ixracı təxminən 1,8 milyon barrel təşkil edirdisə, may ayının yekunlarına görə bu göstərici dağıdıcı sürətlə azalaraq cəmi 160 min barrelə qədər geriləyib. Pekindəki bir çox iri neft alıcıları və müstəqil korporasiyalar ABŞ-ın sanksiya siyahılarına düşmək və maliyyə itkiləri ilə üzləşmək riskindən qorxaraq, Tehranla olan irihəcmli müqavilələrini kütləvi şəkildə dondurmağa üstünlük veriblər.

Ekspertlərin rəyinə görə, İranın Fars körfəzində Hörmüz boğazını beynəlxalq gəmiçilik üçün tamamilə qapatmaq qərarı və ABŞ Silahlı Qüvvələrinin Oman körfəzində tətbiq etdiyi hərbi blokada logistikanı onsuz da tamamilə iflic edib və İrandan neft daşınmasını fiziki olaraq demək olar ki, tam dayandırıb. Çin bazarında daxili yanacaq ehtiyatlarının tam dolu olması, elektromobillərə keçidin sürətlənməsi və bazarda Rusiya nefti də daxil olmaqla daha ucuz, həmçinin təhlükəsiz alternativlərin mövcudluğu Pekinin İrana olan asılılığına son qoyub. Nəticədə Çin neft emalını azaltdığı halda, İranda hasilatın kəskin şəkildə aşağı düşdüyü və ölkənin eksport gəlirlərinin tamamilə tükəndiyi qeydə alınır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR