İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtın əbədi problemi - qəzalı liftlər

570 05.07.2023 09:45 Gündəm A A

Bu 20-30 min manat məgər insan həyatından önəmlidir?

İyunun 29-da Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması barədə xəbər verilib. Hadisə nəticəsində 4 qadın ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Bu fakt paytaxtda qəzalı liftlər problemini təzədən gündəmə gətirir. Təəssüf ki, bu, ilk belə fakt deyil. Hətta daha ağır, ölümlə nəticələnən faktlar məlumdur.

Bakının Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi, 54 saylı (bina 4 C) 13 mərtəbəli binanın sakinləri də neçə vaxtdır qəzalı liflərdən şikayətçi olsalar da, dərdlərinə çarə edən yoxdur. Hər iki liftin təmiri üçün dəfələrlə pul da yığılıb. Lakin xeyri yoxdur. Yeganə çıxış yolu onu təzələməkdir. Buna isə heç kəs, hətta tikinti şirkəti yiyə durmur. Məgər hökmən faciə baş verməlidir ki, əlaqədar qurumlar və məsul şəxslər hərəkətə gəlsinlər?

Məsələ ilə bağlı Bakı Lift-Təmir İstehsalat Birliyinin mövqeyini öyrənməyə çalışdıq. Qurumun baş mühəndisi Mehdi Hüseynov sorğumuza bu cür cavab verdi: “Qurumumuz yalnız şəhər icra hakimiyyətinin xidmətində olan liftlərə baxır. Çox güman ki, barəsində müraciət olunan bina korporativdir və sakinlərin hansısa şirkətlə müqavilələri var. Bu zaman ya həmin şirkətə müraciət olunmalı, ya da balanssaxlayıcı binanın sahibi özü hansısa tədbir görməlidir”.

 

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə qeyd etdi ki, bütün çoxmənzilli yaşayış binaları, habelə əyləncə mərkəzləri təhlükə potensiallı obyektlər sırasındadır: "Onların istismarı qaydalara uyğun şəkildə aparılmalıdır. Mütləq şəkildə obyektdə, binada təhlükəsizliyə cavabdeh şəxs olmalıdır. Binanın avadanlıq və qurğularının,  detallarının, elektron sisteminin dəyişdirilmə, yenilənməsi, əvəz olunması ixtisaslaşmış və lisenziyalı müəssələr tərəfindən həyata keçirilməlidir".

Elmar Nurəliyevin sözlərinə görə, müasir dövrdə liftin qırılması çox nadir hallarda rast gəlinən hadisədir: “Liftlərdə yanğın baş verə bilər. Amma liftin qırılması 50 milyonda bir olan hadisədir. Bu qeyri-mümkündür ki, lift qırılıb düşsün. Çünki müasir liftlərin hamısında təhlükəsilzik sistemi elə qurulur ki, orada həm əyləc, həm də trosla qoruyucu sistem var.  Əgər liftin sürəti saatda 1,4 km-i keçərsə, avtomatik  olaraq əylənc sistemi işə düşür və lift dayanır. Hətta artıq yükləmə olduqda lift yerindən tərpənmir. Artıq yüklənmə liftin qırılmasına səbəb olmur, sadəcə. onun istismar müddətinin tez başa çatmasına gətirib çıxarır. İndi təsəvvür edin ki, həmin lift hansı vəziyyətdə olub ki, qırılıb.

Liftlərə vaxtında texniki qulluq göstərilərsə, elektron sistemi qaydasında olarsa, detalları, qurğuları, tros sistemi vaxtında dəyişdirilərsə, yenilənərsə, qəza hallarının sayı sıfra enər.

Hazırda bir çox yeni tikili binalarda liftdə generator yoxdur, elektrik kəsildikdə insanlar liftin içində qalır. Gərək kimsə səs-küy salsın ki, liftdə kiminsə qalması bilinsin. 21-ci əsrdə bu cür faktların olması, sadəcə, biabırçılıqdır. Bina sahibindən soruşanda ki, niyə generator yoxdur, cavab verir ki, bunun üçün əlavə 20-30 min manat pul lazımdır. Bu 20-30 min manat məgər insan həyatından önəmlidir? Qaydaya əsasən liftdə generator olmalı və buna əməl edilməlidir".

Elmar Nurəliyev: “Mühafizə işinə münasibət ciddi şəkildə dəyişməlidir” -  MÜSAHİBƏ | 1news.az | Xəbərlər

Elmar Nurəliyev

Elmar Nurəliyev həmçinin qeyd edib ki, insanların özləri də təhlükəsizlik qaydalarına riayət etməyə maraqlı olmalıdırlar: "Bir sıra hallarda bina sakinlərinin özləri liftdən istifadədə məsuliyyətsiz davranır, məsələn, göstərilən normadan artıq yükləyir, düymələrini qırır, düymələri eyni vaxtda basır. Bütün bunlar da liftin vaxtından əvvəl istismar müddətinin başa çatmasına səbəb olur. Həmçinin liftin tavanına, döşəməsinə, yan güzgülərinə toxunmaq olmaz. Həmin güzgülərin belə təhlükəsizlik elementləri var. Liftə minəndə mütləq güzgüdə özünü görmək lazımdır. Ola bilər ki, liftin qapısı açıq olsun, amma özü mərtəbəyə gəlməsin, bu zaman şəxs bilmədən liftə minəndə şaxtaya düşə bilər. Bir sözlə, insanların özləri də təhlükəsizlik qaydalarına riayət etməyə maraqlı olmalıdırlar.

Binanın ümumi istifadəsi, o cümlədən qarajı, lifti, zirzəmisi, həyətyanı sahəsi, pilləkən qəfəsi vətəndaşların ümumi mülkünə daxildir. Yəni binada yaşayan hər bir vətəndaşın hüququ var ki, binanı çalışdıran şəxsdən binaya xərclənən vəsaitlə bağlı hesabat tələb etsin. Hüquqlarıdır ki, bilsinlər liftin qurğuları dəyişdirilib, yenilənibmi və sairə. Əslində binanı idarə edən şəxslər özləri bu haqda yazılı və ya şifahi şəkildə sakinlərə hesabat verməlidirlər. Əgər binanı idarə edən şəxs bu məsələlərə etinasız yanaşarsa, bina sakinləri həmin şəxsi idarəçilikdən uzaqlaşdıra bilərlər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR