İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “silahlara nəzarət” təklifinin arxasındakı hiylə

475 17.01.2024 14:52 Ölkə A A

Ekspertlərə görə, bu, Azərbaycanın regionda hərbi baxımdan diktə edən ölkəyə çevrilməsindən əndişə edən İrəvanın və onun dəstəkçilərinin arzusudur

“Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar”. 

“Yeni Müsavat” xatırladır ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibədə belə deyib. Prezident daha sonra çıxışına belə davam edib: “Ona görə biz heç vaxt sakitləşməməliyik və mən, xatırlayırsınızsa, İkinci Qarabağ müharibəsindən sonra demişdim və bunu da etdik, biz daha güclü ordu yaratmalıyıq. Biz son üç il ərzində böyük yol keçmişik. İndi bunların hamısını demək yəqin ki, düzgün olmaz, amma mətbuatda olan məlumat kifayətdir. Yeni silahlı birləşmələr antiterror əməliyyatında çox önəmli rol oynamışdılar, yeni texnika, yeni sursatlar, ən müasir avadanlıq. Mən artıq bunu demişəm, bu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq. Yəni biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik. Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq "Bastion" maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik".

Baş nazir Nikol Paşinyan isə hökumətin iclasında deyib ki,  Azərbaycan bir tərəfdən Ermənistana ərazi iddiaları irəli sürür, ordusunu gücləndirəcəyini bəyan edir, digər tərəfdən Ermənistanın Fransa və Hindistandan silah almasından şikayətlənir. “Bəs burada məntiq haradadır? Azərbaycan hesab edir ki, Ermənistanın ordusu olmamalıdır?! Onların anlayışı belədirsə, deməli, Ermənistanın mövcudluq hüququ şübhə altına alınır və bu, qətiyyən qəbuledilməzdir. İstənilən ölkənin hüququ var. Orduya sahib olmaqdır və buna heç kim şübhə edə bilməz”, - Paşinyan bildirib. Onun sözlərinə görə, aydındır ki, bütün bunlar regional təhlükəsizlik kontekstində nəzərdən keçirilməlidir və Ermənistanın Azərbaycanın silahları ilə bağlı, Azərbaycanın da Ermənistanla bağlı narahatlığı ola bilər. “Ona görə də biz deyirik: gəlin elə sülh müqaviləsi imzalayaq ki, müharibə ehtimalının qarşısını alsın”, - Ermənistanın baş naziri deyib. Maraqlıdır, Paşinyan bu təkliflə hansı məqsədi güdür? 

Paşinyan bununla da daha bir uzun müzakirələr tələb edən təklif irəli sürür ki, bu da təkcə özünün deyil, həm də Azərbaycanın regionda hərbi baxımdan diktə edən ölkəyə çevrilməsindən əndişə edən Ermənistan dəstəkçilərinin arzusu kimi başa düşülməlidir. Qeyd edək ki, Azərbaycan zərərli təsirə malik müəyyən kateqoriya silahların qadağan olunmasına dair beynəlxalq konvensiyalara qoşulub. Bu sırada “Bioloji və toksin silahların qadağan edilməsi haqqında 1972-ci il Konvensiyası (Azərbaycan konvensiyaya 2004-cü ildə qoşulub), Kimyəvi silahların qadağan olunması üzrə Konvensiya (Azərbaycan Konvensiyanı 1993-cü ildə imzalamış, 1999-cu ildə ratifikasiya etmişdir), Nüvə silahlarının yayılmaması haqqında 1968-ci il Müqaviləsi (Azərbaycan Müqaviləyə 1992-ci ildə qoşulub) və Nüvə sınaqlarının hərtərəfli qadağan olunması üzrə müqavilə var. Ermənistanla 4-cü onillikdir davam edən münaqişə səbəbindən Azərbaycan bəzi beynəlxalq konvensiyalara (Ottava Konvensiyası (1997), Adi silahların müəyyən növlərinin qadağan olunmasına dair Konvensiya (1980) və Kasetli hərbi sursatlar haqqında Konvensiya (2008) qoşulmayıb. 

Hərbi ekspert Ramil Məmmədli: “Ukrayna dünyada soyuq müharibəni  konkretləşdirdi” – Eksklüziv Müsahibə | Voice Press

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a sözlərinə görə, liderlərin bəyanatlarına bir neçə aspektdən yanaşmaq olar. Onun fikrincə, Ermənistanı silahlandırmaq Qərbin maraqlarına xidmət edən ölkəyə çevrilməsinə hesablanıb. Hərbi analitik, bununla belə, o qənaətdədir ki, Ermənistanın silahlandırılması bu ölkəni hərbi cəhətdən yüksək səviyyədə gücləndirməyəcək: “Ermənistan ordusu o dərəcədə qüdrətli olmayacaq ki, bölgədə hərbi cəhətdən təhlükə yarada bilsin. Qərbin yardımları buna gətirib çıxarmayacaq. ABŞ və Qərbin dəstəyi ilə ordusu inkişaf etdirilən ölkələr qarşı tərəfə ciddi hərbi təhdid yarada bilmirlər. Misal üçün, Baltikyanı ölkələrin ərazisində illərdir ki, hərbi strukturlar yaradılıb, NATO-nun poliqonuna çevrilib, həmin dövlətlərə silah-sursat verilir, amma qarşı tərəfə hansı təhlükə yaradır? Polşanı, Şərqi Avropa ölkələrini götürmək olar, habelə Bolqarıstanı qeyd edə bilərik. Yəni bu dövlətlər Rusiya üçün hansı təhdidi yaradır? Bu mənada Ermənistan da o səviyyədə təhdid ola bilməyəcək. Ermənistan bundan sonra hərbi təhdid yolu ilə Azərbaycanla danışa bilməyəcək”. 

R.Məmmədli hesab edir ki, ümumiyyətlə, dünya Şərq və Qərb qütblərindən ibarətdir: “Vaxtilə Şərq düşərgəsi kommunist dünyası, Qərb kapitalist qütbünə ayrılırdı. Belə başa düşülürdü. İndi iki təsnifat qalır, amma ikisi də kapitalistdir. Azərbaycan isə Vətən müharibəsi ilə göstərdi ki, Şərq düşərgəsindədir. Bizə hansı ölkələrin təzyiq göstərdiyini də gördük - Qərb düşərgəsi. Buna baxmayaraq, Azərbaycan strateji silahlara malikdir, bu müasir hərbi texnika imkan verir ki, Ermənistanın yarada biləcəyi istənilən təxribatın qarşısını alınsın və rəsmi İrəvanı Bakının şərtlərini qəbul etməyə razı salsın”. 

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin zənnincə, Ermənistan məğlub olan tərəfdir, amma müharibədən sonra sürətlə silahlandırılır: “Məğlub dövlət sülh üçün daha çox maraq göstərməlidir. Amma məğlubiyyətdən sonra Qərb Ermənistanı silahlandırdı ki, Azərbaycana təzyiqi saxlasınlar. Bu silahlanma ona hesablanıb ki, əvvəlcə Ermənistan təxribat etsin, sonra Qərb bizə qarşı psixoloji basqıya başlasın. Sözsüz ki, bütün təxribatların cavabı veriləcək, lakin proses münaqişəyə çevriləcək. Bu da Qərbin əlinə təzyiq imkanları verəcək”. Ekspert sülh əldə olunarsa, o zaman eskalasiya riski qalmayacağını güman edir: “Ermənistan beş bəndlik sülh prinsiplərini dəstəkləsin, o halda müharibəyə yer qalmaz. Lakin İrəvan sülh danışıqlarını yalnız Qərb platformasında aparmaq istəyir ki, bu da avantürüst siyasətdir. Paşinyan iqtidarı bu manevrlərlə heç bir nəticə əldə edə bilməyəcək”.

Emil SALAMOĞLU 
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR