İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan növbəti həyasızlıq: yeni sülh formatı təklif edir, içində də Makron!

1615 18.03.2023 09:33 Siyasət A A

Ermənistan rəhbərliyi deyir ki, Fransanın vasitəçiliyi Bakıya xoş gəlmirsə, Almaniyanı, yaxud ABŞ-ı dəvət edək; Azərbaycan razılıq verəcəkmi?

Ermənistan rəhbərliyi Azərbaycanla ədalətli sülh müqaviləsindən yayınmaq üçün yeni-yeni bəhanələr uydurmağa və absurd təkliflər verməyə davam edir. “Yeni Müsavat” qeyd edir ki, baş nazir Nikol Paşinyan indi də sülh anlaşmasından yayınmaq üçün təzə bəhanə tapıb: rəsmi Bakının məlum səbəbdən Fransa və onun prezidentinin vasitəçiliyindən imtinasından sonra Paşinyan Makronu “oyuna” qaytarmaq üçün təzə fəndə əl atıb.

Erməni baş nazir deyib: “Əgər Azərbaycana Fransanın vasitəçiliyi, dördtərəfli format (2+2: Avropa Birliyi, Fransa, Azərbaycan və Ermənistan - red.) xoşuna gəlmirsə, onda gəlin bunu beştərəfli edək - Almaniyanı, yaxud ABŞ-ı dəvət edək. Biz hazırıq. Artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsinə başlamaq üçün qeyd etdiyim prinsip əsasında Brüssel formatına da hazırıq. Biz gələcək danışıqlar prosesinə hazırıq”.

Paşinyanın sözlərinə görə, hazırda Azərbaycan prezidenti ilə görüş planı olmasa da, o, heç vaxt görüşlərdən yayınmayıb. “Ancaq razılaşmaların icrası ilə bağlı təminatlar olmalıdır. Münxendə dedilər ki, biz təhlükəsizlik və təminat məsələlərini müzakirə etməliyik, iki görüşdən sonra bu, inteqrasiya mövzusu oldu (erməni icması ilə dialoq təklifi nəzərdə tutulur - red.). Bu sözlər arasında kilometr fərq var. Əgər Azərbaycan danışıqlardan eskalasiyaya haqq qazandırmaq üçün istifadə edirsə, bu, bizim üçün məqbul variant deyil. Danışıqlar sabitliyin təminatına çevrilməlidir”, - Ermənistan baş naziri vurğulayıb.

Göründüyü kimi, İrəvanın özü sülh sənədindən kilometrlərlə uzaqdır. Çünki Qarabağ erməniləri ilə bağlı absurd tələblər irəli sürməklə, “bizim sülh variantımızda artsaxla bağlı bənd var” söyləməklə, Qarabağ anklavına hələ də silah - sursat keçirməklə danışıqları faktiki mənasız edib - bu danışıqlar hansı formatda keçirilir, keçirilsin. Bəs Bakı İrəvanın yeni danışıq formatına razılıq verəcəkmi?

 

Analitik Elxan Şahinoğlunun bildirdiyinə görə, Paşinyan Bakıdan aldığı cavabdan bu qənaətə gəlib ki, Azərbaycan sülh sazişi vasitəsilə Ermənistana qarşı ərazi iddialarını reallaşdırmaq istəyir: “Yəqin Paşinyan Azərbaycanın Qərbi Zəngəzurun məşkunlaşdırılmasıyla bağlı siyasətini nəzərdə tutub. O bunu Ermənistana qarşı ərazi iddiası kimi qəbul edir. Halbuki söhbət ərazi iddiasından deyil, azərbaycanlıların qovulduqları yerlərə qayıtmaq hüququndan gedir. Qarabağda ermənilər yaşayacaqlarsa, Qərbi Zəngəzurda da azərbaycanlıların yaşaması təmin olunmalıdır. Paşinyan bu ədalətli modelin əleyhinədr.

İkincisi, Nikol Paşinyan hesab edir ki, Azərbaycan Ermənistanla sülh sazişi vasitəsilə “Dağlıq Qarabağda etnik təmizləmə mandatı” əldə etmək istəyir. Yəni Paşinyan demək istəyir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Qarabağda ermənilərin kütləvi köçü həyata keçiriləcək və bu halda İrəvan buna mane ola bilməyəcək. Paşinyan bu zaman “genosid” ifadəsini işlədib. Realıqda Qarabağ ermənilərinin Azərbaycan qanunlarına tabe olması şərti mövcuddur".

Politoloqun sözlərinə görə, Paşinyan Azərbaycanla sülh sazişi imzalayacağı halda bunun yerinə yetiriləcəyinə dair təminat tələb edib, bunsuz sənədin işlək olmayacağını bildirib və misal olaraq Azərbaycanın 2020-ci ilin 10 noyabr bəyanatına əks olaraq yolun “bağlandığını” göstərib: “Paşinyan sülh sazişinə beynəlxalq təminat istəyir. Belə bir təminat Azərbaycanın maraqlarına zidd deyil, sadəcə Ermənistanla sülh sazişi 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından fərqli olacaq. Dördüncüsü, Nikol Paşinyan Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinin İrəvan üçün ilkin əhəmiyyət daşıdığını vurğulayıb. Belə çıxır ki, Paşinyan sənəddə Qarabağla bağlı müddəanın əks olunması fikrindən imtina etməyib.  Bu, Azərbaycanın maraqlarına ziddir. Beləliklə, İkinci Qarabağ müharibəsi Nikol Paşinyana dərs olmayıb. Paşinyan sülh sazişini imzalamağa hazır deyil, vaxtı uzatmağa çalışır. Ancaq Ermənistanın baş naziri vaxtı uzadarkən bölgədə müharibə riskinin artdığını da etiraf edib”.

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Paşinyan Minsk qrupunu fərqli formada reanimasiya etmək istəyir: “Onun Makron qalmaq şərti ilə Almaniya və yaxud ABŞ-ın vasitəçi kimi də daxil olması təklifi ondan xəbər verir ki, danışıqlar beynəlxalq müstəviyə çıxsın. Eyni zamanda, Avropa İttifaqının moderatorluğunu pozmağa cəhd göstərir. Əslində onun bu təkliflərini sülh prosesini acı bağırsaq kimi uzatmaq olaraq oxumaq mümkündür. Danışıqlarda nə Makrona, nə Vaşinqtona ehtiyac var. Ermənistan yeni vasitəçilər axtarışına çıxmaqla vaxt qazanmaq niyyətindədir. Rəsmi Bakı buna razılıq verməyəcək. ABŞ Brüssel platformasını dəstəkləyir və heç bir şərt irəli sürmür. Fransa da Aİ vasitəsi ilə danışıqlarda iştirak arzusunu dilə gətirməyib. Almaniyadan da belə bir təşəbbüs olmayıb. O zaman Paşinyana nə düşüb ki, Makron içində olmaqla ABŞ və Almaniyanı masaya dəvət edir? Ona görə birmənalı söyləmək olar ki, İrəvan sülh müqaviləsi istəmir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR