İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana yeni ittiham: "İranın məğlubiyyətini istəyir..."

397 17.07.2026 09:58 Siyasət A A

Ermənistan hakimiyyətinin “Tramp marşrutu” hərəkətliliyi yenə müqavimətlə üzləşdi, Qazaxıstan da hədəfə alındı   

Ermənistanın ABŞ ilə "TRIPP" ("Tramp marşrutu") adlandırılan layihə üzrə çərçivə sazişinin ratifikasiya prosesinə başlaması ölkədə və regionda yeni siyasi müzakirələrə səbəb olub. Xüsusilə layihənin İranla sərhəddə yerləşən Zəngəzur( Sünik) bölgəsini əhatə etməsi Tehranın narahatlığına səbəb olan əsas amillərdən biri kimi qiymətləndirilir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, rəsmi İrəvanın bu addımı ABŞ və İran arasında münasibətlərin yenidən gərginləşdiyi bir dövrə təsadüf edir. Bu səbəbdən Ermənistanın qərarı bəzi siyasi dairələr tərəfindən İranın regional maraqlarına zidd addım kimi dəyərləndirilir.

Müzakirələrə səbəb olan digər məqam ABŞ-ın mühəndislik şirkəti AECOM-un mütəxəssislərinin Sünikdə mümkün marşrut üzrə texniki araşdırmalar aparması olub. ABŞ-ın Ermənistandakı səfirliyinin məlumatına görə, mütəxəssislər Ermənistan hökumətinin nümayəndələri ilə birlikdə layihənin həyata keçirilə biləcəyi əraziləri, o cümlədən İran sərhədi yaxınlığındakı hissələri qiymətləndiriblər. Bu səfərdən qısa müddət sonra Ermənistan hökuməti sazişin ratifikasiya proseduruna başlayıb.


Picture background

Bəllidir ki, layihə ilə bağlı narahatlığını açıq ifadə edən ölkələrdən biri də İrandır. Tehranın Ermənistandakı səfiri keçirdiyi mətbuat konfransında regionda ABŞ-ın mümkün iştirakının və yeni nəqliyyat layihələrinin İranın təhlükəsizlik maraqları baxımından diqqətlə izlənildiyini bildirib. Analitiklər hesab edirlər ki, İran sərhədinə yaxın ərazidə həyata keçiriləcək hər hansı geosiyasi layihə Tehran tərəfindən xüsusi həssaslıqla qarşılanır. Layihə Ermənistan daxilində də birmənalı qarşılanmır.

Tarixçi və politoloq Armen Ayvazyan hökumətin siyasətini kəskin tənqid edərək bildirib ki, "TRIPP" layihəsi ABŞ, İsrail, Azərbaycan və Türkiyənin regional maraqlarına xidmət edir. Onun fikrincə, Ermənistan rəhbərliyi ABŞ və İsrailin İran siyasətinə həddindən artıq güvənir və İranın zəifləyəcəyini hesablayır. Ayvazyan isə bunun yanlış yanaşma olduğunu bildirərək hesab edir ki, uzunmüddətli perspektivdə belə siyasət Ermənistan üçün ciddi siyasi nəticələr doğura bilər.
Politoloqun sözlərinə görə, ABŞ administrasiyasının daxilində də İran məsələsində vahid mövqe yoxdur. O, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin son açıqlamalarına istinad edərək qeyd edib ki, Vaşinqtonda hərbi qarşıdurmanın davam etdirilməsini istəyən qüvvələrlə diplomatik həllə üstünlük verən dairələr arasında fikir ayrılığı mövcuddur.

Bununla yanaşı, layihənin hüquqi statusu, maliyyələşmə mexanizmi, idarəetmə modeli və gələcək fəaliyyəti ilə bağlı rəsmi məlumatlar hələ də tam açıqlanmayıb. Ekspertlər hesab edirlər ki, ratifikasiya prosesinin davam etməsi fonunda həm Ermənistan daxilində, həm də region ölkələri arasında "TRIPP" layihəsinin mümkün siyasi və geosiyasi nəticələri ətrafında müzakirələr daha da intensivləşəcək.

Bu arada Ermənistanda fəaliyyət göstərən "İctimai Tribunal" ekspert platformasında dərc olunan təhlildə iddia olunur ki, "Zəngəzur dəhlizi" layihəsinin reallaşmasında maraqlı olan ölkələr sırasında Qazaxıstan xüsusi yer tutur. Məqalə müəlliflərinin fikrincə, Astana həm iqtisadi, həm də geosiyasi baxımdan layihənin əsas faydalanan tərəflərindən birinə çevrilə bilər.


Məqalədə bildirilir ki, Qazaxıstan formal olaraq Ermənistan və Rusiya ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müttəfiq olsa da, Orta Dəhlizin inkişafı və Sünik üzərindən yeni nəqliyyat marşrutunun açılması Astananın uzunmüddətli strateji maraqlarına cavab verir.

Təhlildə qeyd edilir ki, hazırda Qazaxıstanın enerji resurslarının əsas hissəsi Rusiya ərazisi vasitəsilə dünya bazarlarına çıxarılır. Bununla yanaşı, ölkənin ixracında uran da mühüm yer tutur. Müəlliflər hesab edirlər ki, Avropada, xüsusilə Fransada atom energetikasının fəaliyyətində Qazaxıstan uranı strateji əhəmiyyət daşıyır. Zəngəzur yolundan keçəcək marşrutun açılması Qazaxıstana Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən Orta Dəhlizdə mövqeyini daha da gücləndirmək imkanı verə bilər. Bu isə Astananın Rusiya üzərindən keçən nəqliyyat marşrutlarından asılılığını azaltmasına xidmət edə bilər. 

Məqalədə həmçinin qeyd olunur ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan-Rusiya münasibətlərinin gərginləşdiyi dövrlərdə Paşinyana münasibətdə konstruktiv mövqe nümayiş etdirib. Müəlliflər bunu Astananın regional maraqları ilə əlaqələndirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR