İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə İLK DƏFƏ - vəkillərin sayı 3 mini keçdi, yeni mərhələ başladı FOTO YENİLƏNİB

626 17.07.2026 12:06 Ölkə A A

“Badamdar” mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir.

Musavat.com xəbər verir ki, tədbirdə VK rəhbərliyi ilə yanaşı, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, VK Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, vəkillər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla anıblar.

Tədbir Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb.

Ardınca Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən VK sədri Anar Bağırov qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edərək onların cəmiyyətin hüquqi maarifləndirilməsində və vəkillik institutunun fəaliyyətinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynadıqlarını vurğulayıb.

Sədr çıxışında Azərbaycan vəkilliyinin keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq son illərdə bu sahədə həyata keçirilən islahatlardan və vəkillik institutunun gücləndirilməsi istiqamətində görülən işlərdən ətraflı bəhs edib.

Anar Bağırov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1999-cu il 28 dekabr tarixində imzaladığı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun müasir Azərbaycan vəkilliyinin möhkəm hüquqi təməlini qoyub və vəkillik institutunun müstəqil peşə təsisatı kimi formalaşmasında tarixi rol oynayıb. Məhz həmin Qanunun qəbulundan sonra vəkillik institutu ilk dəfə olaraq dövlət hakimiyyətinin qollarından asılı olmayan müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayıb, məhkəmə prosesində isə çəkişmə prinsipi əsasında bərabərhüquqlu iştirakçı statusu qazanıb.

Eyni zamanda sədr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamının, eləcə də 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş dəyişikliklərin vəkillik institutunun inkişafında yeni bir mərhələnin başlanğıcını qoyduğunu vurğulayıb. Qeyd edib ki, həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində hüquqi yardım sisteminin təkmilləşdirilməsi, vətəndaşların müdafiə hüququnun daha səmərəli təmin olunması və vəkillik institutunun fəaliyyət imkanlarının genişləndirilməsi sahəsində əhəmiyyətli nəticələr əldə edilib.

Anar Bağırov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın layiqli rəhbərliyi ilə uğurla davam etdirilir və yeni zirvələrə doğru yüksəldilir.

Çıxışının davamında sədr deyib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi əhatə dairəsi və şəffaflıq baxımından əhəmiyyətli dərəcədə genişləndirilib. Bu müddət ərzində 17 test imtahanı keçirilib, 7 000-dən artıq namizəd həmin imtahanlarda iştirak edib. Onlardan 2 174 nəfər icbari təlim proqramını uğurla başa vuraraq and içib və Kollegiya üzvlüyünə qəbul olunub.

Nəzərə çatdırılıb ki, bugünkü mərasimdə daha 67 namizəd təntənəli şəkildə vəkil andı içərək VK sıralarına qoşulub. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı ilk dəfə olaraq 3 003 nəfərə çatıb. Qeyd olunub ki, bu göstərici Azərbaycan vəkilliyinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, ölkədə hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların uğurlu nəticəsidir.

Sədr çıxışına əlavə edib ki, yeni qəbul olunan vəkillərdən 37 nəfəri kişi, 30 nəfəri qadındır. Onlardan 8 nəfəri regionlarda, 59 nəfəri isə Bakı şəhərində fəaliyyət göstərəcək. Yeni qəbul nəticəsində qadın vəkillərin sayı 701 nəfərə yüksəlib ki, bu da ümumi vəkil korpusunun təxminən 23 faizini təşkil edir.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov çıxışında vəkillik adını qazanan hər bir şəxsə uğurlar arzulayıb:

"Vəkilin fəaliyyəti təkcə konkret bir hüquqi mübahisənin həlli ilə məhdudlaşmır. O, eyni zamanda dövlətin hüquqi əsaslarının möhkəmlənməsinə, cəmiyyətin qanunun aliliyinə inamının artmasına, sosial ədalətin və ictimai etimadın güclənməsinə xidmət edir. Bu baxımdan vəkillik yalnız peşə deyil, yüksək mənəvi məsuliyyət daşıyan müqəddəs bir missiyadır.

Hər bir vəkil öz peşə fəaliyyətində vicdanlı, prinsipial, qərəzsiz və məsuliyyətli olmalı, qanuna və peşə etikasına sadiqliyini daim qorumalıdır. Vəkilin əsl gücü yalnız hüquqi biliklərində deyil, həm də dürüstlüyündə, davranışında, cəmiyyətə münasibətində və hər bir qərarında ədalət prinsipinə sadiq qalmasındadır.

Ədalətə xidmət edən hər bir vəkil dövlətin hüquqi sisteminin möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə və cəmiyyətin inkişafına mühüm töhfə verir. Müasir dövrdə vəkillik institutu həm məzmun, həm də təşkilati və texniki baxımdan davamlı şəkildə inkişaf etdirilir. Bu istiqamətdə həyata keçirilən islahatlar hüquqi yardımın keyfiyyətinin yüksəldilməsinə, vəkillik fəaliyyətinin təkmilləşdirilməsinə və hüquq sisteminin daha səmərəli fəaliyyətinə xidmət edir.

Son illər Azərbaycanda vəkillik institutunun inkişafı, vəkillərin sayının artırılması, regionlarda hüquqi yardım imkanlarının genişləndirilməsi, peşə hazırlığının gücləndirilməsi və gənc hüquqşünasların vəkillik peşəsinə cəlb olunması istiqamətində mühüm addımlar atılıb.

Eyni zamanda vətəndaşlara göstərilən hüquqi yardımın əlçatanlığının artırılması, vəkilliyə qəbul prosedurlarının daha şəffaf və sistemli şəkildə təşkili, davamlı tədris və ixtisasartırma proqramlarının genişləndirilməsi təmin edilir. Bununla yanaşı, vəkillərin peşə fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, peşə etikası standartlarının qorunması və hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Hər birinizə uğurlar arzulayıram".

Vəkillər Kollegiyasının üzvü, Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, respublikanın Əməkdar hüquqşünası İkram Kərimov çıxışı zamanı günlər öncə 50 yaşı tamam olan Vəkillər Kollegiyasının sədri Anar Bağırovu yubiley münasibətilə təbrik edib:

"Anar müəllim, siz sıfırdan başlayan bir hüquq qurumu yaratmısınız. Vəkillik adının daha da yüksəldilməsi üçün çox böyük işlər görmüsünüz.

Əziz vəkillər, siz Anar müəllimin yaratdığı bu məbədə ləkə gətirməyin. Daim adınızı, peşənizi qoruyun. Hər birinizi ürəkdən təbrik edirəm. Ümid edirəm ki, hər bir fəaliyyətiniz vəkillik adına ancaq şərəf gətirəcək".

Anar Bağırov bu təbriki gözləmədiyini qeyd edərək, İkram Kərimova təşəkkür edib:

"Mənim üçün gözlənilməz oldu. Özü də bu xoş sözləri vəkillik fəaliyyəti mənim yaşımdan çox olan bir insan dedi. Onu hər zaman örnək götürmüşəm. Bu təbrik mənim üçün çox unudulmaz olacaq və mənə gələn təbriklər sırasında ən öndə duracaq".

Tədbirin sonunda təltifetmə mərasimi təşkil olunub və Anar Bağırov tərəfindən vəkillik peşəsinə yeni yiyələnən 67 namizədə vəsiqələr təqdim edilib.

VEKİL SON.jpeg (265 KB)

WhatsApp Image 2026-07-17 at 12.01.32.jpeg (208 KB)

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR