İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı?

722 17.07.2026 11:02 Son xəbər A A

Azərbaycanın mühüm iqtisadi tərəfdaşlarının və iştirak etdiyi beynəlxalq nəqliyyat marşrutlarının yerləşdiyi əraziləri hədəfdə

ABŞ və İran arasında yenidən alovlanan hərbi qarşıdurma təkcə Yaxın Şərqin təhlükəsizlik mühitinə deyil, Azərbaycanın iqtisadi və nəqliyyat maraqlarına da birbaşa təsir göstərə biləcək mərhələyə daxil olub. Son raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən qarşılıqlı zərbələr Azərbaycanın mühüm iqtisadi tərəfdaşlarının və iştirak etdiyi beynəlxalq nəqliyyat marşrutlarının yerləşdiyi əraziləri hədəfə çıxarıb.

Musavat.com xəbər verir ki, dünən  İran İraqın Ərbil şəhərində yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirib.

Yayılan peyk görüntülərində Ərbil Beynəlxalq Hava Limanında yerləşdirilmiş ABŞ-a məxsus "Patriot" hava hücumundan müdafiə sisteminin buraxılış qurğusunun vurulduğu əks olunub. Bildirilir ki, obyekt İranın "Shahed-136" kamikadze pilotsuz uçuş aparatı ilə hədəfə alınıb və tamamilə sıradan çıxarılıb. Hadisə nəticəsində insan itkisi və ya dəymiş ziyanın miqyası barədə hələlik rəsmi məlumat açıqlanmayıb. ABŞ da cavab olaraq İranın cənubundakı strateji obyektlərə hava zərbələri endirib. Məlumatlara əsasən, Bəndər-Abbas liman şəhərinin bir neçə rayonunda, eləcə də Əhvaz şəhərində və Kiş adasındakı liman ərazisində partlayışlar baş verib.

Xəbərlərdə diqqət çəkən tərəfi ondan ibarətdir ki, hücumların baş verdiyi hər iki məntəqə Azərbaycan üçün xüsusi iqtisadi əhəmiyyət daşıyır. Son illərdə Azərbaycanla İraq Kürdüstan Regionu arasında iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir. Xüsusilə Ərbil şəhəri Bakı üçün yeni investisiya və biznes istiqamətlərindən birinə çevrilməkdədir.Ekspertlərin fikrincə, Azərbaycanın regiona marağı yalnız investisiya qoyuluşu ilə məhdudlaşmır. Məqsəd Türkiyə ilə formalaşan iqtisadi əməkdaşlıq zəncirini genişləndirmək, Yaxın Şərq bazarlarında mövqeləri möhkəmləndirmək və Azərbaycan şirkətlərinin xarici layihələrdə iştirak imkanlarını artırmaqdır.

Mütəxəssislər hesab edirlər ki, İraqın nisbətən sabit bölgəsi hesab olunan Kürdüstan Regionu tikinti, infrastruktur, logistika, energetika, kənd təsərrüfatı və xidmət sektorlarında Azərbaycan şirkətləri üçün yeni imkanlar yarada bilər. Qarabağın bərpasında böyük təcrübə qazanan Azərbaycan şirkətlərinin gələcəkdə Ərbildə və regionun digər şəhərlərində iri layihələrdə iştirak perspektivləri də yüksək qiymətləndirilir.Bu baxımdan yaxın vaxtlarda Ərbildə keçirilməsi planlaşdırılan "Kürdüstan Regionu–Türkiyə–Azərbaycan" beynəlxalq iqtisadi konfransı xüsusi əhəmiyyət daşıyır. Regionda təhlükəsizlik vəziyyətinin pisləşməsi belə təşəbbüslərin həyata keçirilməsinə də təsir göstərə bilər.

ABŞ aviasiyasının zərbələri Azərbaycanın iştirak etdiyi "Şimal–Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üçün də strateji əhəmiyyət daşıyan Bəndər-Abbas limanı yaxınlığında baş verib. İranın ən iri dəniz limanlarından biri olan Bəndər-Abbas Fars körfəzi vasitəsilə beynəlxalq yükdaşımaların əsas mərkəzlərindən hesab olunur. Digər mühüm liman olan Çabahar isə Hind okeanına çıxışı təmin edir. "Şimal–Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi məhz bu limanlar vasitəsilə Hindistan və Cənub-Şərqi Asiyadan gələn yüklərin İran ərazisindən keçərək Azərbaycan və Rusiya üzərindən Avropaya daşınmasını nəzərdə tutur.

Marşrutun əsas hissələrindən biri Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu xəttidir. Gələcəkdə Astara–Rəşt dəmir yolunun tam istifadəyə verilməsi ilə bu marşrutun ötürmə qabiliyyətinin daha da artacağı gözlənilir. Ekspertlərin hesablamalarına görə, dəhlizin potensial yükdaşımaları ildə 15 milyon tona çata bilər. Bu isə Azərbaycan üçün hər il təxminən 250–300 milyon ABŞ dolları həcmində tranzit gəliri formalaşdırmaq potensialına malikdir.

Diqqət çəkən məqamlardan biri də odur ki, ABŞ-İran qarşıdurmasının yenidən kəskinləşməsindən qısa müddət əvvəl Azərbaycanın yüksək səviyyəli nümayəndə heyəti Bəndər-Abbas limanında olub.Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri zamanı "Şimal–Cənub" nəqliyyat dəhlizinin əsas hissələrindən hesab olunan limanın fəaliyyəti ilə yaxından tanış olub. Səfər çərçivəsində nəqliyyat infrastrukturu və tranzit imkanları müzakirə edilib. Analitiklərin fikrincə, ABŞ və İran arasında qarşıdurmanın uzunmüddətli xarakter alması təkcə enerji bazarlarına deyil, regionun logistika və nəqliyyat marşrutlarına da ciddi təsir göstərə bilər. Bu vəziyyət Azərbaycanın son illərdə böyük sərmayə yatırdığı beynəlxalq tranzit layihələrinin təhlükəsizliyi baxımından da əlavə risklər yaradır. Xüsusilə "Şimal–Cənub" dəhlizi, İraq Kürdüstanı ilə iqtisadi əməkdaşlıq və Yaxın Şərq istiqamətində həyata keçirilən biznes layihələrinin gələcək inkişafı regiondakı hərbi-siyasi vəziyyətdən birbaşa asılı olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR