İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana qarşı “yaz hücumu” başlayır - müxalifət küçələrə çıxır

611 07.04.2023 09:15 Siyasət A A

Ermənistanda hakimiyyət dəyişikliyi proqnozlaşdıranlar da var, ciddi nəticələri gözləməyənlər də; “Ermənistan hakimiyyəti, nə də müxalifəti başqa dil anlamır”

Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar yenidən başlayıb. Aksiyanın təşkilatçısı “Birlikdə” hərəkatıdır, amma bir sıra siyasi partiyaların liderləri və müharibə veteranları da iştirak edib. Çıxış edənlər hökumətin istefaya göndərilməsini və Ermənistan sərhədlərinin təhlükəsizliyinin təmin edilməsini tələb edirlər. Polis aksiyaya müdaxilə etməyib.

“Birlikdə” hərəkatının üzvləri aprelin 11-i saat 18:00-da növbəti etiraz aksiyası keçirəcək. Bunu aksiyası zamanı Ermənistan Demokratik Partiyasının lideri Aram Sərkisyan deyib. Aram Sərkisyan deyib ki, bu, hərəkatın ilk mitinqləridir, amma sonuncu deyil. “Hamınızı aprelin 11-də Azadlıq meydanına çağırırıq”, - deyə o bildirib. Sərkisyan Pasxa ərəfəsi mitinq keçirmək üçün bütün ermənilərin katolikosu II Qaregindən “xeyir-dua” aldıqlarını da deyib.

Bu arada ölkə prezidenti Vaaqın Xaçaturyanla baş nazir Paşinyan arasında soyuqluq yarandığı haqda bəzi iddialar yayılıb. Ermənistan prezidenti xarici qonaqlarla görüşündə sərt ritorikadan imtina etməsi ilə diqqət çəkir. O, bu cür təmaslarda Cənubi Qafqazda sabit və davamlı sülhün bərqərar olması perspektivindən danışır, Ermənistanın qonşularla ilkin şərt olmadan mehriban qonşuluq münasibətləri qurmasının, kommunikasiyaların və sərhədlərin açılması mövqeyində olduğunu vurğulayır. Ermənistan prezidenti heç bir ilkin şərt olmadan ölkəsinin sülh sazişi imzalamağa hazır olduğunu bəyan edir. Ancaq baş nazir Paşinyanın irəli sürdüyü yersiz şərtlərə görə sülh sazişinin imzalanması yubanır.

Belə təəssürat yaranır ki, Ermənistan prezidenti ilə baş nazir arasında sülh sazişinin imzalanmasına görə prinsipial fikir ayrılığı var. Qeyd edək ki, sabiq prezident Armen Sərkisyanla da Paşinyan arasında fikir ayrılıqları mövcud idi. Məhz bu səbəbdən də Sərkisyan vaxtından əvvəl prezidentlikdən istefa verdi. Paşinyan onun yerinə öz yaxın adamını vəzifəyə gətirdi. Belə görünür ki, Paşinyanın hərdəmxəyal siyasəti Ermənistanda yeni siyasi böhran yetişdirir. Proseslərin gedişinin necə cərəyan edəcəyi barədə ekspertlərin maraqlı cavabları var.

Bu adamı hansı əsaslarla ciddiyə almalıyam? - Elçin Mirzəbəyli yazır

Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda “Birlikdə” adlı hərəkatın təşkil etdiyi və edəcəkləri aksiyalar revanşçı qüvvələrin hələ ötən ilin payızında elan etdikləri “yaz hücumu”dur: “Bu hərəkat Ermənistan cəmiyyətinin problemlərini özündə əks etdirmədiyi üçün ciddi dəstək qazanacağını gözləmirəm. Digər tərəfdən, revanşçılar daha öncəki illərdə olduğu kimi, Azərbaycan ərazisində yaşayan erməniləri də avtobuslarla mitinqlərə daşıya bilməyəcəklər və bu, ən azı başlanğıcda aksiyaların genişmiqyaslı olduğunu görüntüləməyə imkan verməyəcək. Ermənistanın prezidenti Vaaqın Xaçaturyanla baş nazir Paşinyan arasında soyuqluğun yarandığı barədə şayiələr də ictimai rəylə manipulyasiya etmək cəhdindən başqa bir şey deyil. Ermənilər ən müxtəlif vasitələrdən sülh sazişinin imzalanmasını ləngitmək üçün istifadə edirlər. Ola bilsin ki, revanşçıların küçələrə axışması da Ermənistan rəhbərliyi ilə razılaşdırılıb. Belə texnologiyalardan Ermənistanda daha əvvəllər də istifadə olunduğu üçün aksiyaların razılaşdırıldığı ehtimalı istisna olunmur. Aksiyaların Nikol Paşinyanın hakimiyyətdən gedəcəyi ilə nəticələnəcəyi, yaxud bu məqsədə xidmət etdiyi inandırıcı görünmür”. E.Mirzəbəylinin sözlərinə görə, belə olsaydı, etirazçıların şüarlarında Ermənistan cəmiyyətini ayağa qaldıra biləcək mesajlar üstünlük təşkil edərdi: “Digər tərəfdən, etirazçıların liderlərinin, əsasən, Ermənistanda uzun illər siyasi hakimiyyətdə təmsil olunmuş şəxslərdən ibarət olması aksiyalara kütləvi dəstəyin veriləcəyi ehtimalını da azaldır. İrəvanda öz sakit həyatını yaşayan Aşot, yaxud Anna üçün Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan Azərbaycan ərazilərindəki Karapet və ya Haykanuşun necə yaşadığının heç bir əhəmiyyəti yoxdur. Bütöv bir nəsil ömrünün 30 ilini qondarma, saxta ideyalara qurban verib və nə öz həyatını qura bilib, nə də yaşadığı torpaqlarda normal bir dövlət qurmağa nail olub. Bu baxımdan, aksiyaların manipulyativ, yaxud real olması da nəticəni dəyişməyəcək”. Analitikin fikrincə, ən yaxşı halda proseslər Paşinyanın ölkə daxilindəki mövqelərini möhkəmləndirəcək, Azərbaycana da imkan verəcək ki, təzyiqlərini daha da artırsın: “Çünki nə Ermənistan hakimiyyəti, nə də müxalifəti başqa dil anlamır”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

 Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ziddiyyətlər içərisindədir: “Bir tərəfdən Azərbaycanla sülh sazişinin imzalanması zərurətindən danışır, digər tərəfdən prosesi süni surətdə uzadır. Sülh sazişini imzalamaq nə deməkdir? İki ölkə qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyünü tanıyır. Paşinyan desə də ki, sülh sazişi vacibdir, amma Qarabağı Azərbaycan ərazisi kimi tanımağa tələsmir, ehtiyat edir. Amma məsələləri ləngitməklə bölgədə gərginliyin artmasına bilərəkdən və bilməyərəkdən şərait yaradır ki, bu da Ermənistanın heç xeyrinə deyil. Onsuz da Azərbaycan Ordusu Ermənistanla təmas xətti boyunca yüksəkliklərə nəzarət edir. Qarabağda da Ermənistanla məsləhətləşmədən öz işlərimizi davam etdiririk. Yəni haradan baxsaq, Azərbaycan həm Qarabağ separatçılarının, həm Ermənistan hakimiyyətinin manevr imkanlarını məhdudlaşdırıb. Ona görə də əslində məntiqlə nə qədər ki, gec deyil, Paşinyan üçün Azərbaycanla sülh sazişini imzalamaq vacib olmalıdır”.

E.Şahinoğlu qeyd etdi ki, indiki situasiyada müxalifət çox da müqavimət göstərə bilmir: “Özünü "Birlikdə" hərəkatı kimi təqdim edənləri internet üzərindən izlədik, çox da böyük hərəkat deyil, onların Paşinyana ciddi müqavimət yaradacağını zənn etmirəm. İkinci Qarabağ müharibəsindən sonra keçirilən parlament seçkilərində Paşinyan yenə qələbə qazandı, baş nazir oldu. Üstəlik, hələlik Ermənistanda çoxluq Paşinyanı dəstəkləyir. Yəni nə qədər ki, bu dəstəyi var, Paşinyanın sülh sazişini imzalaması üçün şərait var. Çünki Ermənistanın passiv çoxluğu Qarabağ üçün  Azərbaycanla müharibə istəmir. 44 günlük müharibədə bu ölkə 4 min gəncini itirdi, üstəgəl, 11 min nəfər fərariləri oldu". Politoloq şübhə etmir ki, növbəti müharibədə Ermənistanın daha çox biabırçılıqları üzə çıxacaq, daha çox itki verəcək: “Ona görə də passiv çoxluğun istəyi odur ki, Paşinyan Azərbaycan və Türkiyə ilə razılaşsın. Amma bu, baş vermir, üstəgəl, Paşinyan Qərb və Rusiya arasında vurnuxmaqda davam edir, gah Rusiyanı qıcıqlandırır, gah Rusiya rəsmilərini qəbul edir, Rusiya ilə əməkdaşlığın inkişafından danışır, amma Avropa missiyasını təmas xəttinə çağırır ki, bununla da Kremli qıcıqlandırır. Eyni zamanda yenidən Rusiya ilə yaxınlaşmaqla Qərbdə ciddi suallar yaradır. Yəni haradan baxsan, Paşinyanın bu ziddiyyətli siyasəti həm Qərbdə, həm də Rusiyada suallar doğurmamış deyil. Bundan yerli radikal müxalifət istifadə edərək görünür, Paşinyanın mövqelərini zəiflətməyə çalışır”.

Avropa İttifaqının missiyası Ermənistan ərazilərinin növbəti dəfə peşkəş  edilməsidir- Tural İsmayılov - "İki sahil"

 Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov hesab edir ki, Ermənistanda daxili vəziyyət xaosla müşahidə edilir: “Demək olar ki, sağlam siyasi qüvvə qalmayıb. İndi Paşinyana qarşı 5 cəbhə formalaşıb. Birinci cəbhəyə Köçəryan bloku başçılıq edir. Onlar daha radikal və barışmazdır. İkinci cəbhədə Vanetsyanın başçılıq etdiyi qisas qrupudur. Üçüncü cəbhədə "Sasna Tsrer" və millətçi ittifaqdır. Dördüncü müqavimət platforması Sərkisyan tərəfdarlarıdır. Ən nəhayət isə aktiv şəkildə Paşinyana nifrət edən lokal qruplardır". T.İsmayılov qeyd etdi ki, artıq vəziyyət ciddi hal almağa başlayıb: “Paşinyanı devirmək üçün Rusiya Vardanyan kartından da yararlana bilər. Qarşıdakı aylar çox gərgin olacaq. Yaya qədər Ermənistanda vətəndaş qarşıdurması alovlanacaq”.

Politoloq Məhəmməd Əsədullazadə isə bu fikirdədir ki, Ermənistanda müxalifətin bir hissəsinin keçirəcəyi etiraz aksiyası heç də Paşinyana təzyiq edəcək gücdə deyil: “Xüsusilə bu prosesdə Sərkisyan, Köçəryan və Daşnaksütyun iştirak etmir. Belə olan təqdirdə bu kimi keçirilən etirazlar effektli olmayacaq. Etiraza qalxanlar revanşist qüvvələrdən ibarətdir və keçmiş hərbiçiləri bir araya yığıb”. Paşinyanın prezident V.Xaçatryanla münasibətlərinin soyumasına gəldikdə, M.Əsədullzadə bildirdi ki, açıqlamalarda fərqlilik buna dəlalət edir: “Bəli, Paşinyan bu gün dediyini sabah inkar edir. Bu diletantlıqdır. Görünür, prezident Paşinyanın bu xasiyyətini bilir. Düşünmürəm ki, prezident istefaya gedəcək. Amma Ermənistan prezidenti Paşinyanla danışıqlara gedib, sülh müqaviləsinin bağlanması üçün mövqeyini açıq şəkildə ona bildirə bilər. Çünki Ermənistan sülh müqaviləsindən yayınmaqla iqtisadi inkişafa nail ola bilmir. Blokada ölkədə siyasi təhlükəsizliyi təhdid edir. Belə olan təqdirdə sülh müqaviləsinin bağlanması Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Amma Paşinyan çalışır ki, geosiyasi prosesləri lehinə çevirsin. Bu da mümkün olmur”.

Ermənistan əmrləri Kremldən deyil, Makronun ofisindən alır" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

 Məhəmməd Əsədullazadə

Yazı çapa hazırlanarkən Ermənistanın savaşı tətikləyən addımları barədə məlumat gəldi. Məlumata görə, Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılıb. Bu barədə hökumətin aprelin 6-da keçirilən iclasında qərar qəbul olunub. Təlim-məşq toplanışında 2431 sıravi və kiçik rütbəli zabit, 124 rütbəli zabit, 160 çavuş iştirak edəcək. Təlimlər mayın 1-dən iyulun 7-dək keçiriləcək. “Ermənistanı Laçın yolu ilə birləşdirən yeni Tex-Kornidzor yolunun istifadəyə verilməsindən sonra iki ölkə sərhədindəki 12 kilometrlik ərazidən 7 kilometri Azərbaycanla artıq dəqiqləşdirilib”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Azərbaycan bəzi yerlərdə Ermənistan tərəfindən sərhədə qədər olan 100-300 metr hissədə mühəndis işləri aparıb. Bundan sonra qərar verilib ki, situasiyanı hər iki tərəfdən kartoqraflar həll edəcəklər. Bu dövrdə sərhədçilərin dislokasiya məntəqələrinin korrektəsi işi aparılıb və situasiya müəyyən səviyyədə yaxşılaşıb. Özəlliklə 12 kilometrlik dislokasiya nöqtəsindən 7 kilometri dəqiqləşdirilib, 5 kilometri ilə bağlı dəqiqləşdirmə aparılır. Bizim niyyətimiz situasiyanın eskalasiyasından qaçmaqdır. Ümid edirəm ki, yerləşmə nöqtələrinin korrektəsi konstruktiv müstəvidə keçəcək”, - o bildirib.

E.PAŞASOY,
“Yeni Müavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR