İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenə “sülh göyərçini” obrazında

757 04.03.2023 11:10 Gündəm A A

Kim kimdən cavab gözləyir: Bakı İrəvandan, yoxsa...; rəsmi İrəvan status-kvonu qoruyub saxlamaq üçün özünü “mələk” libasında təqdim edir, gerçəklik isə başqadır; Bakıdan sərt xəbərdarlıqlar

“Sülh müqaviləsi ilə bağlı bizim variantımız Azərbaycana təhvil verilib, amma hələlik belə bir cavab yoxdur, çünki bu və ya digər sənədi alanda cavab hazırlamaq üçün müəyyən vaxt lazımdır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında deyib.

“Müəyyən vaxtdan sonra hansısa reaksiyanın olacağı güman edilir. Bu dövrdə sülh müqaviləsi üzərində işin 3 mərhələsi olub. Yəni 3 dəfə təklif verdilər, cavab verdik və sairə. Biz işləməyə davam etməliyik. Üzbəüz görüşlərdən asılı olmayaraq, həmişə üzbəüz görüş tələb etməyən sənədlərlə iş aparılır. Bu yaxınlarda, məsələn, biz Azərbaycan tərəfinə sərhədlərin demarkasiyası üzrə komissiyaların işi ilə bağlı əsasnamə layihəsini verdik. Buna cavab gözləyirik. Kommunikasiyaların açılması, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əvvəllər verdiyimiz təkliflər isə hələ də qüvvədədir”, - Paşinyan bildirib.

Yazı çapa hazırlanarkən Ermənistanın hökumət başçısından daha bir “sülh” açıqlaması gəldi.

“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlıyam”.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Paşinyan deyib. O bildirib ki, parlamentin iclasında bununla bağlı mövqeyini bildirib: “Lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzər bir sənəd olmamalıdır. Bu, regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır. Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”.

N.Paşinyan söyləyib ki, indi sülh gündəliyi ilə bağlı konkret mandat var: “Biz bütün diqqətimizi bu mandatın həyata keçirilməsinə yönəltmişik. Və bizim beynəlxalq ictimaiyyətin, region xalqlarının dəstəyinə ehtiyacımız var”.

Göründüyü kimi, erməni baş nazir “sülh carçısı” statusunda görünmək üçün əldən-ayaqdan gedir. Amma Paşinyan indiyədək dəfələrlə “sülhə hazır olduğundan” danışıb, ardınca isə təxribatların şahidi olmuşuq. Elə ötən ilin qanlı sentyabr təxribatları və döyüşləri də məhz Paşinyanın “ilin sonunadək sülh sazişini imzalamağa hazıram” nağılları fonunda baş verdi. İndiki durumda ortaya suallar çıxır: söhbət hansı sülh variantından və komissiyaların işi ilə bağlı əsasnamə layihəsindən gedir? Azərbaycan cavabı niyə gecikdirsin ki, əgər onun mövqeyi onsuz da aydın, bitkin və güclüdürsə? Bu mənada əslində cavabı məhz Azərbaycan Ermənistandan, hər vəchlə vaxtı uzatmağa çalışan Nnikol Paşinyan iqtidarından gözləyir. Pərdəarxasındakı bilmədiyimiz məqamlar varmı və İrəvanla birbaşa, online sülh danışıqları bu il nəhayət, nəticə verəcəkmi?

Deputat Sahib Alıyev koronavirusa yoluxub

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistan baş nazirinin martın birindəki açıqlamasında dedikləri yenilik deyil: “Bu, Paşinyanın Almaniyaya səfəri öncəsi özünü növbəti dəfə ”sülh göyərçini" kimi təqdim etmək cəhdidir Onun kommunikasiyaların açılması haqda təklifi də, delimitasiya ilə bağlı dedikləri də ancaq Ermənistanın maraqlarına xidmət edən cəfəngiyatdır. Paşinyanın planına görə, biz Naxçıvana getmək üçün üçtərəfli bəyanatda nəzərdə tutulduğundan 6-7 dəfə artıq məsafə qət edərək, az qala bütün Ermənistanın içindən keçməliyik. Onda belə çıxır ki, haylar da Xankəndinə Laçından keçməklə birbaşa yox, dolayı yollarla Qazaxdan gedib-gəlməlidirlər. Onlar buna hazırdırlarmı, əlbəttə yox".

S.Alıyevin fikrincə, əgər Paşinyan belə komunukasiyaların açılması tərəfdarıdırsa, Münxendə Blinkenlə birgə üçtərəfli görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediklərinə əməl etməlidir: “Prezident Laçın yolunda və Zəngəzur dəhlizində nəzarət buraxılış məntəqlərinin açılması təşəbbüsü səsləndirəndə Paşinyan niyə susurdu? Çünki 2020-ci ilin noyabrındakı üçtərəfli bəyanatdan sonra olduğu kimi, yenidən Fransa prezidentini qəzəbləndirməkdən çəkindi. Özü də yerində olmayan Makron xatırlayırsınızsa, onu o zaman adekvatlıqdan uzaq adlandırmışdı, indi dost deyir. Və dostuna da tapşırıq budur ki, Rusiya-Ukrayna savaşı başa çatmayanadək heç bir sülh anlaşması imzalamasın. Ən azından Türkiyədəki seçkinin nəticəsi bəlli olmayınca Paşinyan real sülh danışıqları yerinə daha çox diplomatik yazışmalara üstünlük vermək, prosesin getdiyini, dayanmadığını göstərmək fikrindədir. Amma bir şeyi unudur ki, qarşıdan yaz gəlir, yenə şərti sərhəddə və Qarabağda ”zinvor"larının, yaxud da terrorçu ünsürlərinin hər hansı bir təxribatı qarşılığında növbəti cavab əməliyyatları keçirilə bilər".

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Azad Vətən Partiyasının sədri Akif Nağı xatırlatdı ki, ötən il də sülh müqaviləsinin tezliklə imzalanacağına dair fikirlər səsləndirilirdi: “O vaxt dediklərimi bir daha təkrar edirəm ki, yaxın perspektivdə sülh müqaviləsinin imzalanacağı ehtimalı çox azdır. 10 noyabr razılaşmasının tam yerinə yetirilməsi, bütün ərazilərimizdə hakimiyyətimizin bərpa olunması, sülh müqaviləsinin imzalanmasında bizdən başqa maraqlı tərəf yoxdur. Ermənistan indiki şəraitdə sülhə razılaşarsa, təslim aktına imza atmış olar”.

A.Nağı qeyd etdi ki, Rusiya qeyri-müəyyən vəziyyətdən regionda təsir imkanlarını saxlamaq üçün istifadə edir: “Qərb öz şərtləri ilə sülhün əldə olunmasını istəyir, buna da Rusiya imkan vermir. Real vəziyyət bundan ibarətdir. Paşinyanın bu söz oyunları da manevr cəhdlərindən, vaxt uzatmaq istəyindən başqa bir şey deyil. Narahatlıq doğuran həm də odur ki, Ermənistan özünü təşəbbüs edən, təklif verən tərəf kimi göstərməyə çalışır. Buna yol vermək olmaz. İstənilən halda biz diktə edən, cavab gözləyən tərəf olmalıyıq. Ən əsası isə, özümüzü sülh danışıqları ilə aldatmamalı, müxtəlif vasitələrdən, o cümlədən ”yumşaq güc" amilindən istifadə etməklə mövqelərimizi möhkəmləndirməli, Laçın dəhlizində nəzarəti ələ götürməli, Xankəndinə doğru hərəkət etməliyik".

Üzeyir Cəfərov ordudan ehtiyata buraxıldı

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə bu haqda danışarkən öncə məşhur atalar sözünü xatırlatdı: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. İndi Ermənistan baş nazirinin hərəkəti eynən bu misalı xatırladır. Adam hiyləgərlik üzrə mahir oyunçudur. Az qala gündə 10 cür söz oyunu, fikir çaşdıracaq sözlər və müxtəlif variasiyalar kimi yozula bilən açıqlamalar verir. 3 ilə yaxınlaşırıq ki, bu şəxs dünyanın ayrı-ayrı şəhər və mərkəzlərində min hoqqabazlıq nümayiş etdirir. Brüsseldə dediyini, Praqada danır, orda dediyinin əksini Moskvada dilə gətirir. Bunu da bacarmaq lazımdır. Paşinyanla komandası hələ ki, dünyanı öz yalanları ilə inandırmağa çalışır. Və nə qədər qəribə olsa da, bəzən onun yalanları qəbul olunur. Necə ki, guya Laçın-Xankəndi yolunun bağlı qalması və olmayan hansısa humanitar fəlakət.

İndi Azərbaycana sülh müqaviləsi ilə konkret cavab verməli olan şəxs görün necə həyasızcasına deyir ki, biz Azərbaycana təkliflərimizi vermişik və cavab gözləyirik. Adamda fərasətə baxın. Vaxtı uzada-uzada gedir, 3 ilə yaxındır ki, sülh müqaviləsinin heç “s” hərfi də ortalıqda yoxdur, bu özünü çox sülhsevər, ağıllı obrazda təqdim etməyə cəhd edir".

Ü.Cəfərov əmindir ki, N.Paşinyan ona kənardan verilmiş tapşırıqlara əsasən müxtəlif bəhanələrlə vaxtı uzadır: “Dünyanın müxtəlif şəhərlərinə səfər edir və bundan hələ də soruşan yoxdur ki, sənin suveren Azərbaycan əraziləri ilə nə bağlılığın var?! Bir sözlə, Nikol Paşinyan hələ ki bu cür hoqqabazlıqla özünün və ağalarının istəklərini reallaşdırmağa müvəffəq olur. Görək bunun oyunları nə qədər davam edəcək. Məncə, Ermənistanla, bu işğalçı dövlətə havadarlıq edən qüvvələrlə daha sərt və daha tələbkar şəkildə davranmağımız gərəkdir. Güc və beynəlxalq hüquq biz tərəfdədir. Ona görə də, vaxtı çox uzatmamaqla biz tələblərimizi daha da artırmalıyıq ki, nəhayət, ortada nəticə olsun”.

Yazarlar Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Ermənistan tərəfinin Azərbaycanın sülh təkliflərinə cavab verməsi və əlavə şərtlər irəli sürərək cavab istəməsi vaxt qazanmağa hesablanıb: “İlk növbədə Azərbaycanın Ermənistana üç dəfə verdiyi təkliflər beynəlxalq hüquqa söykənib və hər hansı bir ərazi iddiaları yoxdur. Amma Ermənistanın cavab təkliflərində Qarabağla təkliflər yer alıb. Bu, qəbuledilməzdir və Ermənistan Azərbaycanın daxili işinə qarışa bilməz. Paşinyan iki xalqın yaxın mədəni əlaqələrindən danışıb. Bu şəxs özünü ”sülh göyərçini" kimi göstərir. Halbuki ötən il Praqada imzalanan sənədlə sülh müqaviləsinə real getmək olardı".

M.Əsədullazadə qeyd etdi ki, Ermənistanin təklifləri qeyri-məqbuldur: “ABŞ və Avropa İttifaqı da çalışır ki, sülh müqaviləsi bağlansın. Bununla bağlı intensiv olaraq Ermənistanla iş aparılır. Ona görə də Paşinyan pozitiv açıqlamalar verir. Ümumiyyətlə, iki ölkə arasında Rusiyanın vasitəçiliyi ilə demarkasiya komissiyası təsis edilib, bir neçə dəfə görüşlər keçirilib. Amma burada Ermənistanın demarkasiya prosesində Azərbaycandan geri çəkilmə tələbi yer alır. Ona görə də bu məsələ ilə bağlı ciddi problemlər var”.

Politoloq hesab edir ki, onlayn diplomatiya müstəvisində gedən danışıqlar Tiflisdə baş tuta bilər: “Çünki Azərbaycan prosesin yekunlanmasını tələb edir. Düşünürəm ki, Azərbaycanla Ermənistan arasında birbaşa əlaqələr var. Ermənistan tərəfi sadəcə çalışır ki, güzəştlər əldə etsin. Bu da qeyri-mümkündür”.

Onu da qeyd edək ki, Ermənistan XİN rəhbəri Ararat Mirzəyan da vaxtaşırı həm sülh razılaşmasına hazır olduqlarını bəyan edir, həm də sülh prosesini pozan bəyanatlarla qeyri-konstruktiv davranış sərgiləyir. Görünən budur ki, rəsmi İrəvan status-kvonu qoruyub saxlamaq üçün özünü “mələk” libasında təqdim edir, amma gerçəklik başqadır, qarşı tərəfin davranışları sülhə aparmır. Sülhə hazır olan ölkə isə belə davranmaz!

E.PAŞASOY,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR