İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Putinin qılığına girir, Moskva isə onu açıq hədələyir

863 04.11.2023 09:57 Siyasət A A

İrəvan and-aman edir ki, Rusiya prezidentini həbs etmək fikri yoxdur, hətta buna görə Roma Statutu ilə bağlı ayrıca ikitərəfli “centlmen sazişi” təklif edir; Kreml isə Ermənistanın anti-Rusiya toplantısı olan Ukrayna konfransında iştirakına çox qəzəblidir

Ermənistan Rusiyaya Roma Statutunun tələblərindən yayına bilmək üçün saziş təklif edib. “Yeni Müsavat” qeyd edir ki, bu barədə hakim “Vətəndaş Müqaviləsi” partiyasının İdarə Heyətinin üzvü, Ermənistan parlamenti sədrinin müavini Akop Arşakyan brifinq zamanı bildirib.

Arşakyan qeyd edib ki, sazişin imzalanması ilə bağlı Ermənistan Rusiyadan cavab almayıb, lakin Roma Statutunun qüvvəyə minməsinə hələ çox vaxt var. “Roma Statutunun ratifikasiyasından bir neçə ay əvvəl biz Rusiyanı ikitərəfli müqavilə imzalamağa dəvət etdik ki, dövlətlərimizin arasındakı hüquqi münasibətlərimiz beynəlxalq strukturlar səviyyəsində yoxlamaya məruz qalmasın, Roma Statutunun ratifikasiyası əlaqələrimizə təsir göstərməsin”, - deyə Arşakyan bildirib. Spikerin müavini əlavə edib ki, iki ölkəyə aid məsələlərlə bağlı beynəlxalq məhkəmə qərarlarının tətbiqini istisna edən razılaşma hüquqi baxımdan əldə edilə bilər.

“Ermənistanın Rusiyaya Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunun tələblərindən yan keçməyə imkan verən dövlətlərarası saziş imzalamaq təklifi ”pis oyunda yaxşı mina" kimi görünür". Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski təklifi belə cavablandırıb. Slutskinin sözlərinə görə, Ermənistan BCM-nin Roma Əsasnaməsini ratifikasiya etməklə Rusiyaya qarşı tamamilə qeyri-dost addım atıb. Onun fikrincə, Ermənistan tərəfinin bununla bağlı gətirdiyi arqumentlər (guya BCM-dən Azərbaycana qarşı istifadə edilməsi) inandırıcı görünmür. “BCM Rusiya Federasiyası ilə bağlı siyasiləşmiş və ölkəmiz üçün hüquqi əhəmiyyət kəsb etməyən qərarlar qəbul edən qərəzli qərbyönümlü strukturdur. Bunun fonunda Ermənistanın təklifləri pis oyunda yaxşı mina kimi görünür”, - deyə Dumanın komitə rəhbəri bildirib. Slutskin Rusiya tərəfinin də öz təkliflərini irəli sürdüyünü qeyd edib. “Onların İrəvan tərəfindən nəzərə alınıb-alınmadığını bilmirik. Ona görə də indiki vəziyyətdə Ermənistanın təşəbbüsü ilə sazişin bağlanması problemin həlli üçün resept ola bilməz”, - deyə Slutski qeyd edib.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Ukrayna ilə bağlı konfransda iştirakına sərt reaksiya verib. Noyabrın 2-də keçirdiyi həftəlik brifinqdə o bildirib ki, Moskva Ermənistanın Maltada Ukrayna üzrə konfransda iştirakını İrəvan nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndirir (Adıçəkilən konfransda Ermənistanı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təmsil edib). Zaxarova onu da deyib ki, Ermənistanda dövlət qurumlarına və ya icra hakimiyyətinin sıralarında olan şəxslərə bağlı bir sıra media resursları açıq-aşkar rusofobik təbliğat aparır, bunu hətta millətçilik zəminində həyata keçirirlər. “Belə bir şeyi təsəvvür belə edə bilmirəm... Çox oxuyuram və izləyirəm. Ancaq bunlar sadəcə təhqir deyil, ört-basdır edilməmiş rusofobiyadır. Bu resursların maliyyələşdirilməsinin arxasında kimin dayandığını başa düşürük. Əgər onlar hesab etsələr ki, biz bütün bunları kimin ödədiyini bilmirik yanılırlar”, - deyə Rusiya XİN sözçüsü xəbərdarlıq edib.

Bütün bunların fonunda Kreml başçısının Paşinyanı bağışlaması mümkündürmü? “Mehriban düşmənçilik” bitə bilərmi? Ümumiyyətlə, rəsmi Moskva İrəvanın təklifini qəbul edəcəkmi və bu, artıq xeyli dərəcədə korlanmış ikitərəfli əlaqələrə hansı təsiri göstərə bilər? İkincisi, bu nə saziş layihəsidir belə? Həqiqətənmi Putin Ermənistana gələrsə, onun artıq həbs təhlükəsi olmayacaq?

Qabil Hüseynli: “Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı  olacaq” » Reyting.az

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistan ehtiyatlanır: “Münasibətlər gərgindir və kiçik bir dövlətdir. Ermənilər bölgəyə gələndən Rusiya onları himayə edib və Azərbaycanla hər iki müharibədə dəstəyi olub. İndi İrəvanın Roma statutuna qoşulması xəyanət kimi qarşılanır. Məncə, hətta ayrıca saziş də keçərli olmayacq. Çünki ratifikasiyanı təhrif etmək sayılacaq. Bu halda Ermənistanı qoşulduğu əsasnamədən çıxara bilərlər”. Politoloq Murad Sadəddinov isə bildirdi ki, beynəlxalq hüquqda belə absurd təklifə indiyə qədər şahid olmamışdı: “Əgər Ermənistan Roma statutunu ratifikasiya edirsə, BMT məhkəməsinin çıxardığı bütün qərarları icra etməlidir. Belə bir saziş təklifi isə göstərir ki, Ermənistan dövlət deyil, onun parlamenti üçün beynəlxalq məhkəmənin qərarı əhəmiyyətsizdir”. Müsahibimiz əlavə etdi ki, Ermənistan Rusiyanın əks tədbirlərindən həddindən çox qorxur: “Məşhur misalda olduğu kimi, it hürür, eləcə də quyruğunu bulayır, səbəbini soruşanda deyir ki, həm qorxur, həm qorxudur. Bu fakt da göstərir ki, Ermənistan dövləti kənar təsirlərə uyub və xarici sifarişləri yerinə yetirib. İndisə yerinə yetirdiyi sifarişin Rusiyadan necə qəzəblə qarşılanmasından çəkinir və absurd saziş təklif edir. Beynəlxalq hüquqda belə absurd hal olmayıb. Ona görə də məlum olur ki, bu dövlət başqa güclərin əlində oyuncağa çevrilib”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR