İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Putinə hücuma keçib: "Rusiyasız Cənubi Qafqaz" planı yenə işə salındı

4672 23.12.2022 17:51 Analitika A A

Rəsmi İrəvan bir tərəfdən, ABŞ və Qərbə Kremldən uzaqlaşmağa çalışdığının mesajını verir, digər tərəfdənsə, erməni toplumuna Rusiyanın Ermənistanın maraqlarını qoruya bilmədiyi, hətta belə bir niyyətinin olmadığı təbliğ edilir... Rusiya siyasi dairələri isə rəsmi İrəvana açıqlamalarında ehtiyatlı olmağı tövsiyyə edirlər, Kreml Ermənistan üzərindən əlini çəkərsə, Cənubi Qafqazda ümumiyyətlə, belə bir dövlətin qalmayacağını xatırladırlar...

Ermənistan çətin vəziyyətə düşüb. Şuşa-Xankəndi yolunun üzərində keçirilən dinc etiraz aksiyası rəsmi İrəvan və rus "sülhməramlılar"ın müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazilərindəki erməni separatçı terrorçular üçün çıxılmaz situasiya yaradıb. Və belə vəziyyətdə Ermənistanın geopolitik manevr imkanları da böyük ölçüdə qapanmış olur.

Ona görə də, rəsmi İrəvan mövcud situasiyada bacara biləcəyi yeganə işlə məşğuldur. Belə ki, Paşinyan hakimiyyəti bacardığı qədər hay-küy salır, "timsah gözyaşları" tökür, beynəlxalq himayədarlarını köməyə çağırır. Əldə edə bildiyi nəticə isə yalnız bir neçə "növbətçi bəyanat və çağırış"dan başqa heç nə deyil.

Təbii ki, belə vəziyyətdə Paşinyan hakimiyyəti özünün əsas hədəfini də qətiyyən unutmur. Rəsmi İrəvan mövcud vəziyyətdən çıxa bilməsə də, heç olmasa, Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşdırılması istiqamətində növbəti addımların atılmasına çalışır. Paşinyan hakimiyyətinin Şuşa-Xankəndi yolunda mövcud olan vəziyyəti bəhanə edərək, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün təxirə salınmasına nail olması da bu məqsədə hədəflənib.

e04f4bcde80ae850e5ed7019be646517.jpg (219 KB)

Məsələ ondadır ki, Şuşa-Xankəndi yolunda yaranmış yeni situasiya Azərbaycanın daxili işidir. Rəsmi İrəvanın bu məsələyə qarışmaq hüququ yoxdur. Əslində, Azərbaycan ekoloqlarının və ictimai fəallarının ilk günlərində rəsmi İrəvan elə təxminən buna yaxın mövqe tutmağa çalışırdı. Sonradan bəzi beynəlxalq dairələrdən gələn təlimatlardan cəsarətlənərək, "hay-küy və şikayət diplomatiyası"na başladı. Fransanın himayəsi ilə bu məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxartmağa nail oldu.

Ancaq rəsmi İrəvan bu mövzunu yalnız Azərbaycanın deyil, həm də Rusiyanın əleyhinə çevirməyə çalışır. Hazırda Kremlin mövqeyi bundan ibarətdir ki, Şuşa-Xankəndi yolunda hərəkət bərpa edilib və Azərbaycanın faydalı qazıntılar yataqlarında araşdırmaların aparılması ilə bağlı məsələ də müzakirə olunmalıdır. Və bu, rəsmi İrəvanı qətiyyən məmnun etmir, Rusiyadan narazılığını qabardır.

Nə qədər qəribə də olsa, son vaxtlar rəsmi İrəvanın Rusiyadan narazılığı artıq Kremlə qarşı açıq ittihamlara çevrilib. Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya üçtərəfli anlaşmalarla üzərinə götürdüyü öhdəlikləri, rus "sülhməramlılar" isə öz funksiyalarını yerinə yetirmir. Və bu, kifayət qədər ciddi ittihamlar olmaqla yanaşı, həm də Rusiyanın regional nüfuzuna ciddi zərbələr vurur.

Məsələ ondadır ki, erməni baş nazir israrla Şuşa-Xankəndi yolundakı etiraz aksiyasının humanitar böhran yaratdığını və rus "sülhməramlılar"ın öz missiyalarını yerinə yetirmədiyini iddia edir. Halbuki, ərzindən yayılan videogörüntülərdə aksiyaçıların nəqliyyatın hərəkətinə hər hansı şəkildə əngəl törətmədikləri açıq-aşkar təsdiqlənir. Yəni, erməni baş nazirin hazırda açıq şəkildə öz siyasi məqsədləri naminə böhrançılıq fəaliyyəti ilə məşğul olduğu qətiyyən şübhə doğurmur.

c4590da1c5ba5cc40b26310c692772ef.jpeg (106 KB)

Əslində, Paşinyan hakimiyyəti üçün Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan ermənilər elə bir ciddi əhəmiyyət daşımır. Bunu Ermənistan cəmiyyətində bilirlər və erməni politoloqlar da etiraf edirlər. Ancaq bu mövzu Kremli birbaşa ittiham etmək, Ermənistan cəmiyyətində Rusiya əleyhinə propoqandanı gücləndirmək baxımdan, populist imkanlar açır.

Erməni baş nazirin son açıqlamalarında rəsmi İrəvanın bu mövzudan hansı məqsədlərlə istifadə etməyə çalışdığı da açıq-aşkar nəzərə çarpır. Onun fikrincə, "Qarabağ münaqişəsinin həlli"ndə beynəlxalq ictimaiyyətin iştirakı əhəmiyyətli dərəcədə artılmalıdır, Qarabağa və Laçın dəhlizinə BMT, ATƏT və ya ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyasının göndərilməsi üçün fəal işləmək lazımdır. Və bu, rəsmi İrəvanın əsas hədəfini təxmin etməyə imkan verir.

Ermənistan baş naziri Nikol Paşinyanın sözlərindən belə aydın olur ki, rəsmi İrəvan Rusiyanın Cənubi Qafqazdan çıxmasını və onu Qərbin əvəzlənməsini istəyir. Vaxtilə Nikol Paşinyanı Ermənistanda hakimiyyətə gətirənlərin onun qarşısına qoyduğu əsas vəzifə də məhz bundan ibarətdir. Əks halda, Paşinyan hakimiyyəti Ermənistana aidiyyəti olmayan, absurd iddialarla regional situasiyanı gərginləşdirməyə çalışmazdı.

Məsələ ondadır ki, ATƏT-in Minsk Qrupu artıq çoxdan mövcud deyil. Yəni, erməni baş nazirin mövcud olmayan bir qurumun təmsilçilərinin hansısa missiyasından danışması həm məntiqsizlik, həm də ziddiyyətləri dərinləşdirmək cəhdidir. Xüsusilə də, nəzərə almaq lazımdır ki, məhz Rusiya Xarici İşlər Nazirliyi Minsk Qrupunun artıq fəaliyyət göstərmədiyini rəsmən bəyan edib.

Digər tərəfdən, BMT və ATƏT-ın faktaraşdırıcı missiyasına gəldikdəsə, bunun ümumiyyətlə, mümkün olmadığını da erməni baş nazir bilməmiş deyil. Çünki 10 noyabr anlaşmasına qədər Azərbaycan və Ermənistan arasında hərbi münaqişə mövcud idi. 2020-ci ildə Azərbaycan ordusunun tarixi zəfəri sayəsində bu münaqişə də sona çatıb. Yalnız Ermənistanın ləngitdiyi yekun sülh sazişinin imzalanması qalıb. Və bu da əvvəl-axır reallaşacaq.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB)

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgə beynəlxalq hüquq normaları ilə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Yəni, rəsmi Bakının razılığı və ya icazəsi olmadan heç bir beynəlxalq qurum Xankəndi və ətraf bölgə ilə bağlı heç bir addım ata bilməz. Bu məsələ Azərbaycanın daxili işidir və rəsmi Bakı bu mövzunu heç bir xarici ölkə və ya beynəlxalq qurumla müzakirə etmək niyyətində deyil. Yəni, bu məsələdə rəsmi İrəvanın manevr edə biləcəyi hər hansı hüquqi məqam mövcud deyil.

Ermənistan baş naziri Nikol Paşinyan bütün bu reallıqları bildiyi halda, Rusiyanı ittiham edərək, beynəlxalq qurumlardan danışması birmənalı şəkildə Kremlin regional maraqlarının hədəfə alınması anlamı daşıyır. Rəsmi İrəvan Kremli açıq şəkildə şantaj edir. Ermənistanın öz hərbi müttəfiqi Rusiyadan narazı olduğunu qabartmaqla, yeganə xilas yolunun birmənalı şəkildə ABŞ və Qərbə yaxınlaşmaq olduğunu əsaslandırmağa çalışır.

Təbii ki, bununla həm də ABŞ və Qərbə Ermənistanın Rusiyadan uzaqlaşmağa çalışdığının dolayısı mesajı verilir. Eyni zamanda, erməni toplumuna Rusiyanın Ermənistanın maraqlarını qoruya bilmədiyi, hətta belə bir niyyətinin olmadığı təbliğ edilir. Halbuki, belə vəziyyətdə Kremlin verəcəyi reaksiya Ermənistanın gələcək taleyi baxımından, həlledici xarakter də daşıya bilər.

Məsələ ondadır ki, erməni baş nazirin Rusiyanın maraqlarını növbəti dəfə riskə atması, Kremli müttəfiqlik öhdəliklərinə xilaf çıxmaqda suçlaması müəyyən qıcıqlı reaksiyalara yol açmağa başlayıb. Belə ki, Kremlə yaxın bəzi siyasi dairələr rəsmi İrəvana Rusiyaya qarşı açıqlamalarda ehtiyatlı olmağı tövsiyyə edirlər. Onlar xəbərdarlıq edirlər ki, Kreml Ermənistanın üzərindən əlini çəkərsə, Cənubi Qafqazda ümumiyyətlə, belə bir dövlət qalmaz.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR