İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan ölkəsini “azmış dövlətə” çevirib: Əliyevdən yolu tapmaq üçün “xəritə istəyir”

4697 23.09.2022 19:25 Analitika A A

Baş nazir Nikol Paşinyanın sərhəd bölgəsində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi ilə bağlı tələbləri heç bir hüquqi əsasa malik deyil... Azərbaycanla sülh sazişi imzalanmayacağı təqdirdə, Ermənistanın “rəsmi sərhədləri” barədə danışmaq sadəcə, məntiqsizdir...

Ermənistan “geopolitik labirint”dən çıxmağın yolunu hələ də tapa bilməyib. Əsas problem ondan ibarətdir ki, rəsmi İrəvan yeganə çıxış yolunu bilsə də, israrla əks istiqamətdə hərəkət edir. Nəticədə, Paşinyan hakimiyyəti Ermənistanı geopolitik məkanda “yolunu azmış dövlətə” çevirməyə nail olub.

Ona görə də, hazırda rəsmi İrəvanın Cənubi Qafqazda geopolitik situasiyanı Ermənistanın xeyrinə dəyişmək üçün etdiyi bütün manevrlər bir-birinin ardınca iflasa uğrayır. Rəsmi İrəvanın əsas hədəflərindən biri məhz sülh danışıqlarını pozaraq, əlavə zaman qazanmaqdan ibarətdir. Halbuki, zaman faktoru Ermənistan əleyhinə işlədiyindən rəsmi İrəvan paradoksal situasiya ilə qarşı-qarşıya qalıb.

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin əsas səhvlərindən biri məhz zaman faktoru üzərindən tamamilə yanlış geopolitik hesablamalar aparması ilə birbaşa bağlıdır. Rəsmi İrəvan hələ də anlaya bilməyib ki, hazırda ötən əsrin 90-cı illəri çoxdan arxada qalıb. İndi dünyada çox şey dəyişib. Ermənistan maraqları sürətlə yenilənən dünya nəhəngləri üçün sadəcə, müvəqqəti “geopolitik alət” rolunu oynaya bilər.

f0b0dc17-24c4-43f9-a9f3-ad3540cb4b3d.jpg (253 KB) 

Ancaq burada da rəsmi İrəvanı məmnun etməyəcək probkem mövcuddur. Belə ki, Cənubi Qafqazda da geopolitik şərtlər kəskin dəyişikliyə uğrayıb. Regionda Rusiyanın mövqeləri zəifləyib, ABŞ və Qərbin bölgəyə təsir göstərmək istifadə etdiyi ATƏT-in Minsk Qrupu iflasa uğrayıb. Əvəzində Cənubi Qafqaz Azərbaycan-Türkiyə İttifaqının ortaq geopolitik iradəsi altına düşüb. Və belə situasiyada Ermənistan hətta dünya nəhənglərinin maraqları üçün müvəqqəti “geopolitik alət” rolunda da öz əhəmiyyətini itirmək üzrədir.

Təbii ki, qüvvələr nisbətinin belə dəyişməsi Ermənistan üçün faciəvi situasiya yaradır. Azərbaycan ordusunun tarixi qələbəsindən sonra Ermənistan ərazi iddiaları ilə çıxış etmək imkanlarını tamamilə itirib. Əvəzindəsə, indi rəsmi İrəvan “Ermənistanın əraziləri”nə ola biləcək tarixi və qanuni iddialardan yayınmağın yollarını axtarmaq məcburiyyətində qalıb.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti elə bu məsələ ilə bağlı da ardıcıl səhvlər buraxır. Çünki, rəsmi İrəvan hazırda israrla beynəlxalq dəstəyin qazanılmasına cəhd göstərir. Halbuki, bu, artıq qətiyyən real və ya müsbət nəticə verə biləcək variant təsiri bağışlamır. Və rəsmi İrəvan bu israrını davam etdirib, yeganə doğru çıxış yolu olan sülh danışıqlarından yayınmaqla, Ermənistanı daha da dərin “geopolitik bataqlığa” salır.

Paşinyan hakimiyyətinin əsas siyasi tezisləri sırasında Azərbaycan-Ermənistan sərhədlərində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi ilə müraciət var. Halbuki, beynəlxalq hüquq baxımından, bu müraciətin reallaşması üçün tutarlı əsasların olmadığını yəqin ki, Paşinyan hakimiyyəti də elə əvvəlcədən bilməmiş deyil. Yəni, rəsmi İrəvanın bu tezisləri uydurmaq vərdişləri ilə diqqəti çəkən erməni zehniyyatına bağlı mənasız demoqoqiya və hay-küydən başqa bir şey deyil.

 eliyev-xerite-zengezur.jpeg (277 KB)

Məsələ ondadır ki, beynəlxalq müşahidəçilərin yerləşdirilməsi üçün əvvəlcə qanuni sərhədlərin mövcud olması önəmli məqamdır. Belə sərhədlərin olması üçün isə ilk növbədə Azərbaycan və Ermənistan arasında sərhədlər delimitasiya və demarkasiya olunmalıdır. Nəhayət, bunun ardınca iki ölkə arasında sərhədlərin beynəlxalq hüququn predmetinə çevrilməsi də vacib şərtdir. Yəni, Azərbaycan və Ermənistan arasında qarşılıqlı olaraq, sərhədlərin və ərazi bütövlüyünün tanınması barədə sülh sazişi imzalamaq lazımdır.

Yalnız bütün bu önəmli prosedurlar yekunlaşdıqdan sonra hər iki ölkənin sərhədləri beynəlxalq səviyyədə hüquqi məzmun daşıyacaq. Məhz bundan sonra hər hansı dövlət qarşı tərəfin rəsmiləşmiş sərhədlərinə müdaxilə edərsə, beynəlxalq müşahidəçi tələbləri məntiqli görünə bilər.

Hələliksə, bütün bunların heç birisi baş verməyib. Deməli, Ermənistanın da real və qanuni sərhədləri mövcud deyil. Beynəlxalq müşahidəçilərin də sərhəd bölgəsində yerləşdirilməsi indiki halda, qətiyyən mümkün deyil. Azərbaycan Prezidenti İlham Əliyev də heç bir beynəlxalq qurumun rəsmi Bakıya Ermənistan sərhədlərinin pozulması barədə irad bildirməyə haqqının olmadığını vurğulamaqla, bu məsələyə nöqtəni qoyub.

Göründüyü kimi, Ermənistan baş naziri Nikol Paşinyanın BMT tribunasından gündəmə gətirdiyi beynəlxalq müşahidəçilərlə bağlı tələblər heç bir hüquqi əsasa malik deyil. Erməni baş nazir nəhayət ki, sərhədlərin delimitasiya və demorkasiya prosesinə başlamaqdan başqa çıxış yolunun olmadığını anlamalıdır. Və rəsmi İrəvan bu prosesi uzatdıqca, rəsmi Bakı Azərbaycan ordusu üzərindən hərbi demarkasiya variantına üstünlük vermək hüququna sahibdir.

sulh-muqavile.jpg (293 KB) 

Ona görə də, baş nazir Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevdən rəsmi Bakının Ermənistanın ərazi bütövlüyünü tanıya biləcəyi xəritənin açıqlanmasını xahiş etməsi də sadəcə, “söz oyunu”ndan və ya demoqoqiya ritorikasından başqa bir şey deyil. Çünki, həmin xəritələrlə tanış olmağın ən sadə yolu delimitasiya və demarksiya prosesinə başlamaqdır.

Əgər, rəsmi İrəvan bu prosesə başlamağı hazırdırsa, deməli, xəritələri araşdırmaq şansı qazanacaq. Çünki, Ermənistanın delimitasiya və demarksiya prosesindən yayındığını vurğulayan Prezident İlham Əliyev müxtəlif dövrləri əhatə edən bütün xəritələrin olduğunu bildirib. Azərbaycan lideri qeyd edib ki, delimitasiya və demarkasiya prosesi məhz həmin xəritələr vasitəsilə reallaşdırılmalıdır.

Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti nə qədər şikayətlənsə də, “sürüşkən manevrlər” etməyə çalışsa da, əvvəl-axır sülh sazişinin hazırlanmasına başlamaq məcburiyyətindədir. Vaxtın azadılması isə Ermənistandan başqa heç kimə ziyan vurmur. Və bu baxımdan, erməni baş nazirin “xəritə xahişləri”nin Ermənistan mətbuatında biabırçılıq kimi dəyərləndirilməsi qətiyyən məntiqsiz görünmür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR