İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan İslamın yolunda...

3161 24.11.2023 00:14 Yazarlar A A

Sonuncu dəfə Priqojinlə danışıqlar üçün Belarus liderinə belə bir görəv verilmişdi, sonuc məlum; Olmaya Rusiya lideri bu dəfə Paşinyanı ağıllandırmaq üçün Lukaşenkonu görəvləndirdi?

Nikol Paşinyan “Putin NATO”sunun-Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdəki toplantısına getməsə də, rəsmiyyətə görə Ermənistanın bayrağı orada idi. Liderlərin qapalı görüşündə də əsas müzakirə mövzusu görünür ki, Ermənistan olub. Lukaşenko üstüörtülü olsa da, dedi ki, Ermənistanın təşkilatdan narazılığını başa düşürlər. Amma İrəvanın bunu “demarş kimi etməsinə” qarşı olduqlarını da dedi.

Putin əlbəttə ki, o masanın lideridir, inandırıcı deyil ki, Rusiya prezidenti Paşinyanın Minskə gəlməməsini xüsusi dərd etsin, bunu açıq dilə gətirib, hətta qəzəblənib “onu qalstukundan asaram” desin. Rusiya prezidenti Moskvaya top-tüfənglə gəlmək istəyən Priqojinin qiyamında soyuqqanlığı ilə təəccübləndirmişdi. Paşinyan erməni kimi gönüqalın adamdır, ona ağır söz belə təsir etmir, bunu 44 günlük müharibə zamanı gördük. Şübhə yoxdur ki, Putin onunla bir neçə dəfə tetatet danışanda maskasının altındakı gerçək kimliyini də çözüb, onun bu sifətdə yəqin “stajorları” olub, belə məqamlar KQB məktəbinin yetirməsinin gözündən qaçmaz. Ona görə də hələ ki, heç nə olmamış kimi KTMT-nin baş katibi Minskdə imzalanmış sənədləri sabah İrəvana-Paşinyana aparacaq. O da nəyisə imzalayacaq, nələrisə imzalamayacaq, bu artıq o qədər də əhəmiyyətli deyil. Bundan sonrası isə maraqlıdır... 

000019_1700737641_601367_bmain2.jpg (129 KB)

Hərbi təşkilatın yaranmasından ötən 31 ildə Özbəkistan iki dəfə bu qurumdan çıxıb, indi də yoxdurlar. 1999-cu ildə Özbəkistan KTMT-dən ilk dəfə çıxanda əsas səbəblərdən (daha doğrusu, bəhanələrdən)biri “təşkilatın strateji planları ilə razılaşmaması” göstərilirdi. Özbəkistanın təşkilatda fəaliyyəti zatən formal xarakter daşıyırdı, hərbi və antiterror təlimlərində iştirak etmirdilər, qəbul olunan sənədlərin də bir çoxunu ümumiyyətlə, imzalamırdılar. İslam Kərimov o zaman amerikalılarla çox yaxınlaşmışdı və 2001-ci ildən Amerika Özbəkistanın SSRİ vaxtından fəaliyyətdə olmuş Karşi -Xanabad aviabazında yerləşməyə başladı. Bu əməkdaşlıq 2005-cı ilin mayında Əndican hadisələrinə qədər davam etdi.

Əndican hadisələri bütün dünyanın diqqətini Özbəkistana çəkdi. 2 minə yaxın adamın ölümüylə nəticələnən hadisələr İslam Kərimovun hakimiyyəti üçün ciddi sınaq oldu. İslam Kərimov daxildəki klanların qaldırdığı üsyanı qanla boğdu. Bu üsyanda Rusiyanın barmağı olub-olmadığı sirr kimi qaldı. ABŞ və Avropa Əndican qırğının qarşılığında susa bilməzdi. Qərbdən İslam Kərimova ciddi basqılar başladı, onu “Asiya diktatoru”kimi tanıtmağa və sanksiyalar tətbiq etməyə başladılar. Özbəkistan bu səbəbdən ABŞ-a hərbi bazanı tərk etmək üçün 6 ay möhlət verdi. 2005-ci ilin noyabrında ABŞ bazanı tərk etdi. İslam Kərimov isə tək qalmaq qorxusundan 2006-cı ildə yenidən KTMT-yə qoşulmağa məcbur oldu. 

1020572758_0_0_2683_1686_1920x0_80_0_0_83a86376e01e95d8ebd4af014ff77d93.jpg (199 KB)

2009-cu ildə-sonuncu dəfə KTMT-ni tərk edəndə isə ABŞ və Avropa Birliyinin İslam Kərimova münasibəti yumşalmışdı. Özbəkistan qurumdan sonuncu dəfə çıxanda artıq o Qərb üçün o qədərdə “qəddar diktator” obrazında deyildi. ABŞ və müttəfiqləri üçün Əfqanıstanla sərhəddə Özbəkistan kimi bir dövlətlə əlaqələr vacib idi. Amma Özbəkistanın KTMT-dən getməsinə razılıq verən dövlət başçıları bu dəfə bir şərt də qoşdular. KTMT-dən çıxan ölkə digər hərbi bloklara və ya ərazisində xarici ölkə bazası yerləşdirmək istəsə, mütləq əvvəlki müttəfiqlərinin(əsasən də qonşularının) razılığını almalıdır.

Amerikalıların əvvəlki kimi bazaya yerləşmək planı yəqin ki, yox idi, sadəcə aeroportlarından istifadə etmək üçün anlaşdılar və Kərimov KTMT-yə geridönüş etmədi.

Ermənistan indi “Özbəkistanın yolu ilə” getməyə çalışır ki, KTMT-dən ayrılması ağrılı olmasın və o, Paşinyan da İslam Kərimov kimi bir daha təşkilata qayıtmaq zorunda qalmasın. Putin əlbəttə ki, real vəziyyətin onun üçün pis nəticələ biləcəyinin fərqindədir, Ermənistanda Qərbin hərbi gücü, xüsusən də ABŞ və Fransanın iştirakı arta bilər. Paşinyan artıq bunu birbaşa nümayiş etdirir. 

80938f4c3be7b851258fc685c005100d (1).jpg (275 KB)

Amma burada Ermənistanın uduzma ehtimalı daha çoxdur. Putini arxayınlaşdıran səbəb nədirsə, elə bu “uduzmaq ehtimalıdır”. Ermənistandan çağırışlar səslənir ki, rus qoşunları da Gümrüdən çıxmalıdır. Bu da Rusiya və KTMT üçün narahatverici məqamdır. Yeni dünya düzəni oturuşuna qədər gərginliklər artacaq, müttəfiqlər rəqibə çevriləcək, düşmənlər barışmağa məcbur olacaq. Rusiya üçün KTMT-ni qoruyub saxlamaq vacibdir, amma Moskva bu müttəfiqlilikləri, hərbi əməkdaşlıqları təşkilatdan kənarda da başlayıb. BRİKS və ŞƏT iqtisadi birliklər olsa da, Rusiya onun daxilindəki ölkələrlə hərbi əməkdaşlığı genişləndirir. NATO da öz təsirini genişləndirməyə çalışacaq. Artıq Ermənistanla açıq iş gedir. 

Screenshot_1.png (768 KB)

Minskdə diqqətçəkən hadisə də oldu. İclasdan dərhal sonra Lukaşenko Minski tərk etməyə tələsən Putinin maşınına oturdu. 40 dəqiqəlik yolda nə danışdılar, bilinməz. Lukaşenko Putinin ən kritik məqamlarda işə qoşduğu dostudur. Sonuncu dəfə Priqojinlə danışıqlar üçün ona belə bir görəv verilmişdi. Sonuc məlum. Olmaya Rusiya lideri bu dəfə Paşinyanı ağıllandırmaq üçün Lukaşenkonu görəvləndirdi? Sonundan Paşinyan qorxsun, bizə nə?

 

Nazim SABIROĞLU
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR