İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Baydenə “atdı” - Ermənistanın daha bir özünüifşası

1111 01.04.2023 09:17 Siyasət A A

İrəvan Rusiyanın təcavüzünü pisləyən sənədi dəstəkləməyib, əvəzində utanıb-qızarmadan bizi Ermənistan ərazisini “işğal etməkdə” günahlandırır; ekspertlər isə deyir ki...

Əsasən ABŞ-ın moderatorluğu ilə keçirilən ikinci virtual “demokratiya sammiti”ndə Ermənistan özünü “yandırıb”. Daha dəqiqi, Türkiyə və Azərbaycanın qərəzli şəkildə dəvət almadığı tədbirdə ”qərbçi" və “demokrat” baş nazir Nikol Paşinyan prezident Co Baydenə “atıb”.

Belə ki, Ermənistan sammitin yekun bəyannaməsinin “xüsusi əməliyyat”la bağlı bəndini dəstəkləməkdən imtina edib. “Yeni Müsavat” qeyd edir ki, ABŞ Dövlət Departamentinin mətnini yaydığı bəyannamənin həmin bəndində Rusiya təcavüzünün humanitar nəticələri pislənilir və Kremldən öz qüvvələrini Ukrayna ərazisindən çıxarmaq tələb edilir. Qısası, İrəvan Rusiya işğalını pisləyən sənədi dəstəkləməyib. Amma Paşinyan “demokratiya sammiti”ndə çıxışı zamanı utanıb-qızarmadan Azərbaycanı guya Ermənistan ərazisinin bir hissəsini “işğal etməkdə” ittiham edirdi. 

Beləliklə, Ermənistan Rusiyanın forpostu olduğunu bir daha nümayiş etdirdi. Rusiyanın forpostu, satelliti isə demokratik ölkə ola bilməz! Bundan əvvəl də Ermənistan Rusiyanın Avropa Şurasından çıxarılması ilə bağlı səsvermədə qərarın əleyhinə çıxmışdı. Digər platformalarda da İrəvan Moskvanın yanında olub. Təbii ki, Paşinyan Putindən qorxduğu üçün belə mövqe sərgiləyib. Amma özünü demokrat adlandıran və sammitə çağırılan bir siyasi lider ikiüzlü, riyakar siyasət yürüdürsə, əsla demokrat statusu qazana bilməz.

Maraqlıdır, Paşinyanın anti-Rusiya sənədini dəstəkləməməsinin Qərblə (ABŞ-la) münasibətlərə hansısa neqativ təsiri mümkündürmü?

ALDP MƏTBUAT XİDMƏTİ: Fuad Əliyev: İnanmıram ki, hakimiyyətdə olan yeni  komanda onu qəbul etsin

Fuad Əliyev

ALDP sədri Fuad Əliyevin bildirdiyinə görə, Paşinyan qorxaq və hiyləgər baş nazir olduğunu nümayiş etdirib. Partiya sədri hesab edir ki, sənədi imzalamaqdan imtina etməsi Vaşinqtonun nəzərindən yayına bilməz: “Amma amerikalılar başa düşə bilərlər ki, Ermənistan Rusiyanı daha da qəzəbləndirmək istəməyib. Çünki Ermənistan Konstitusiya Məhkəməsi Putin haqda Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı həbs orderindən dərhal sonra Roma Statutuna qoşulmaqla kifayət qədər Moskvanı hövsələdən çıxarıb. Rusiya rəsmiləri sərt reaksiyalar verir, rus ekspertlər Kremlə Ermənistanı cəzalandırmağa çağırış edir. Yəni İrəvan gedişatı görməkdədir. Üstəgəl, KTMT-dən çıxmaqla bağlı bəyanatların səslənməsi də Rusiyanı yetərincə əsəbləşdirib. Bunun ardınca Paşinyan həmin sənədə qol çəksəydi, öz siyasi ölümünə fərman vermiş olacaqdı. Onsuz da Rusiya-Ermənistan əlaqələrində gərginlik pik həddə çatıb”.

F.Əliyevin fikrincə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını işğalçılıq adlandırmaqdan çəkinən Ermənistan, bununla Moskvaya mesaj verib ki, bu məsələdə Qərb koalisiyasına qoşulmayıb: “Əlbəttə ki, Paşinyan məkrli gediş edib. Amma həm də Qərbin gözündən düşməkdədir. Avropada və Amerikada görürlər ki, Nikol onların heç də hər sözünü eşitmir. Ona olan ümidlər özünü doğrultmadıqca, baş nazirin sonunu Saakaşvili kimi təsəvvür etmək mümkündür. Sadəcə, buna zaman lazım olacaq. Qərbdə anlayırlar ki, ”demokratiya sammiti"nə dəvət edilən Paşinyan Rusiya məsələsində onların mövqeyini bölüşmür. Deməli, bu adam demokrat sayıla bilməz. Təəssüf ki, onu tədbirə dəvət edən Bayden administrasiyası Azərbaycanın ədalətli mövqeyini görməzdən gəlir. Bayden gah “Dağlıq Qarabağ xalqı” ifadəsini işlədir, gah Bakıya Laçın yolu ilə bağlı çağırışlar olunur. Halbuki kimin işğalçı, kimin hərbi eskalasiya həyata keçirdiyi göz qabağındadır. İşğalçı isə demokrat ola bilməz".

Oxu.az - Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə  ekstradisiya edilən terrorçu görünmür” - MÜSAHİBƏ

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova Paşinyanın buna görə Rusiyadan bir “5" alacağını gözləyir: ”Putin gördü ki, Haaqa Məhkəməsinin qərarına qoşulmuş İrəvan günahını yumaq üçün belə bir jest elədi. Yəni Paşinyan Kreml lideri qarşısında özünü bağışlatmağa çalışıb. Belə adamdan isə siyasətçi olmaz. “İki stul”da oynayanların aqibəti yaxşı olmur. Nə Rusiyada, nə Amerikada bu cür siyasəti sevmirlər, zarafatı xoşlamırlar. Sözsüz ki, Ermənistanın sənədə qoşulmaması Moskvanı nisbətən yumşalda bilər. Amma münasibətlərdə olan problemlər bitməyib. Paşinyan yenə antirus siyasətini davam etdirməli olacaq, çünki ondan belə tələb edirlər. Ona görə Rusiya Paşinyanla haqq-hesab çürütməyi başa çatdırmayıb".

Təhlilçinin fikrincə, Putin Ermənistanda hakimiyyəti dəyişənə qədər hazırkı iqtidara təzyiqləri davam etdirəcək: “Bizə bu iki ölkə arasında əlaqələrin korlanması faydalıdır. Azərbaycan sahədə vəziyyətdən yararlanır. Sadəcə, bizə ən sərfəli ermənidir, onun devrilməsi planları poza bilər. Paşinyan təsdiqləmişdi ki, Rusiya ilə münasibətlərdə problemlər mövcuddur, amma bunu böhran adlandırmamışdı. Görünən budur ki, həmin sammitdə bəyanata qol çəkməsə belə Moskva-İrəvan gərginliyi tam aradan qalxmayacaq. Çünki Paşinyan ölkəsini rus peykindən uzaqlaşdırmağı hədəf götürüb. Bu kurs davam edəcək. Bayden və tərəfdaşları isə Paşinyanın son hərəkətini bir şərtlə unudub keçə bilərlər, Nikol Putinə qarşı antirus ritorikasını cəmiyyətdə daha da gücləndirsin”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR