İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Bakının hərbi direktivlərinə tabe olacaq: Əks halda, antiterror əməliyyatları genişlənəcək

2429 04.08.2022 19:25 Analitika A A

Rəsmi Bakı istənilən halda, Azərbaycanın rus sülhməramlıların müvəqqəti dislokasiya edildiyi Xankəndi və ətraf bölgəsindən Ermənistan silahlı birləşmələrinin çıxarılmasına mütləq nail olacaq... Araik Arutyunyan və onun separatçı-terrorçu dəstələri isə əvvəl-axır qaçmaq məcburiyyətində qalacaqlar...

Azərbaycan ordusunun Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə reallaşdırdığı “Qisas” əməliyyatının geopolitik əhəmiyyəti artıq ortaya çıxmağa başlayıb. Belə ki, Cənubi Qafqazda maraqları olan supergüclər bu regionda əsas siyasi iradə sahibinin məhz Azərbaycan olduğuna növbəti dəfə əmin oldular. Və rəsmi Bakının Azərbaycanın milli maraqlarından heç bir halda, güzəşt etməyəcəyini dəqiqləşdirdilər.

Eyni zamanda, Azərbaycan ordusunun antiterror əməliyyatı Ermənistan cəmiyyətinə də ağır siyasi-psixoloji zərbələr vurdu. Hazırda erməni toplumu sosial şəbəkələrdə bu əməliyyatı və onun nəticələrini müzakirə edir. Ermənistan mətbuatı isə Xankəndi və ətraf bölgədə yaranmış vəziyyətə görə Paşinyan hakimiyyətini və Rusiyanı ittiham edir.

Təbii ki, Paşinyan hakimiyyəti də Azərbaycan ordusunun “Qisas” əməliyyatına münasibətdə Ermənistan cəmiyyətinin eşitmək istədiyi məzmunda açıqlamalar verməyə məcbur qalır. Hələlik baş nazir Nikol Paşinyan ənənəvi “erməni məntiqi” üzrə danışmağa üstünlük verir. Və hətta Azərbaycan ərazisində Ermənistan silahlı birləşmələrinin olmadığını vurğulayır.

Halbuki, bir müddət öncə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan silahlı birləşmələrinin sentyabr ayına qədər Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxarılacağıni bəyan etmişdi. Bu, Azərbaycan ərazisində Ermənistan ordusunun qalıqlarının hələ də mövcudluğunun rəsmən etiraf edilməsi anlamına gəlir. Baş nazir N.Paşinyan bunu indi inkar etsə də, Azərbaycanın hərbi-siyasi qərarlarında heç bir şey dəyişməyəcək, əlində silah olan bütün ermənilər Xankəndi və ətraf bölgədən çıxarılacaq.

3fdc23ab-eca4-47df-a1d5-d758188a54b5.jpg (256 KB)

Bütün bunlar heç şübhəsiz ki, rəsmi İrəvanın təxribatlara və yalan üzərində qurulan mifik hədəflərə indeksləşmiş siyasətinin təzahürüdür. Çünki, Ermənistan 10 noyabr üçtərəfli anlaşmasının imzalanmasından ötən müddət ərzində yekun sülh sazişinin hazırlanması və imzalanması prosesini ləngitməyə çalışırdı. Hətta rəsmi İrəvanın əsas hədəflərindən biri də məhz vaxtı uzatmaqla, sülh sazişinin imzalanmasından ümumiyyətlə, yayınmaq idi.

Son vaxtlara qədər Paşinyan hakimiyyəti ATƏT-in Minsk Qrupu vasitəsilə sülh danışıqlarının 30 ilə yaxın bir müddətdə uzadılması ilə bağlı öz “ənənə və vərdişlər”ini növbəti dəfə sınaqdan çıxartmağa çalışırdı. Rəsmi İrəvanın üçtərəfli anlaşmalara riayət etmək əvəzinə israrla Minsk Qrupunun fəaliyyətinin bərpasına can atması da məhz həmin “mifik hədəflərə” xidmət edirdi. Paşinyan hakimiyyəti vaxtı uzatmaqla, 44 günlük II Qarabağ savaşının yekun nəticələri ilə bağlı Cənubi Qafqazda yaranmış yeni geopolitik şərtləri və situasiyanı dəyişə biləcəyinə ümid bəsləyirdi.

Ancaq baş verənlər onu göstərir ki, Paşinyan hakimiyyətinin ümidlərinin doğrulması qətiyyən mümkün deyil. Rəsmi Bakının daha 30 illik səbri yoxdur. Üstəlik, Azərbaycanın səbri tamamilə tükənib və ümumiyyətlə,Ermənistanın “kaprizlər”inə meydan vermək niyyətindən də çox-çox uzaqdır. Azərbaycan ordusunun Xankəndi və ətraf bölgədə reallaşdırdığı qısamüddətli antiterror əməliyyatı da bunu təsdiqləyir.

“Qisas” adlandırılan bu antiterror əməliyyatı bir çox önəmli məqamları aydınlaşdırdı. Birincisi, məlum oldu ki, rəsmi Bakı Ermənistana cəmisi iki seçim variantı tanıyır. Yəni, Ermənistan ya 10 noyabr üçtərəfli anlaşmasını tam şəkildə yerinə yetirəcək. Ya da rəsmi Bakı həmin sənədi qüvvədən düşmüş hesab edərək, savaşa qaldığı yerdən davaş edəcək.

Digər tərəfdən, “Qisas” əməliyyatı təsdiqlədi ki, rəsmi Bakı öz mövqeyini Ermənistanın beynəlxalq himayədarlarını nəzərə almadan müəyyən edir. Azərbaycan Prezidenti bir müddət öncə 10 noyabr üçtərəfli anlaşmasının icra olunmamasına görə Ermənistanla yanaşı, Rusiya sülhməramlı qüvvələrini də ittiham etmişdi. Azərbaycan ordusunun antiterror əməliyyatı başlayarkən də Rusiyanın mümkün reaksiyasına əhəmiyyət verilmədi. Rəsmi Bakı ABŞ-ın da verəcəyi reaksiyanı ciddiyə almadı.

5d30573c-99af-4ab5-8464-2eabbdb50f27.jpg (136 KB)

Əslində, rəsmi Bakı tamamilə haqlıdır. Birincisi, “Qisas” əməliyyatı Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərində silahlı erməni terror dəstələrinə qarşı keçirilib. Buna heç bir xarici ölkənin və ya beynəlxalq qurumun etiraz etmək hüququ yoxdur. Rəsmi Bakının Xankəndi və ətraf bölgədə erməni terrorizmi ilə mübarizəsi Azərbaycanın daxili məsələsidir.

İkincisi, rəsmi Bakı Azərbaycanın hazırda həm ABŞ və Avropa Birliyi, həm də Rusiya üçün nə qədər əhəmiyyətli dövlət olduğunu tam dəqiqliyi ilə bilir. Ona görə də, mövcud situasiyadan Azərbaycanın milli maraqları çərçivəsində yararlanmağa çalışır. Bu baxımdan, rəsmi Bakının yeni geopolitik, geostrateji və geoiqtisadi şərtlərdən Azərbaycanın hədəfləri üçün maksimum səviyyədə istifadə edəcəyi qətiyyən şübhə doğurmur.

Böyük ehtimalla Paşinyan hakimiyyəti də artıq anlayır ki, Ermənistan növbəti dəfə Azərbaycanın qarşısında təklənmiş vəziyyətə düşüb. Hətta Ukrayna savaşında ağır durumda olan Rusiya belə, Azərbaycanın “Qisas” əməliyyatına tolerant yanaşmaq məcburiyyətində qaldı. Ona görə də, hazırda Ermənistanın rəsmi dairələri, xüsusilə də baş nazir Nikol Paşinyan çaşqın vəziyyətdə Rusiyanı və rus sülhməramlılarını ittiham edirlər. Və bu, hələ başlanğıcdır.

Məsələ ondadır ki, əgər, rəsmi İrəvan Azərbaycanın “Qisas” əməliyyatından doğru nəticələr çıxartmazsa, bu, Ermənistan üçün böyük hərbi-siyasi fəlakət, hətta sonun başlanğıcı ola bilər. İndi rəsmi İrəvan mümkün qədər tez bir zamanda Azərbaycanla yekin sülh sazişinin imzalanmasına çalışmalıdır. Əks halda, rəsmi Bakı üçtərəfli anlaşmaların icra edilmədiyini səbəb göstərməklə, Azərbaycan ordusunun hərbi əməliyyatlarını bərpa edə bilər.

“Qisas” əməliyyatı da bir daha göstərdi ki, Rusiya erməni terrrorizmini daha müdafiə edə bilmir. Ermənistanın Rusiya sülhməramlı qüvvələrinə güvənməsi də artıq öz əhəmiyyətini tamamilə itirib. Və bu baxımdan, rəsmi İrəvanın Azərbaycanın 5 maddəlik sülh sazişi şərtlərinə uyğun addımlar atmaqdan başqa çıxış yolu qalmayıb.

ade012ed-5500-4e6d-844e-ce5f1444d60d.jpg (236 KB)

Ona görə də, yaxın gələcəkdə bərpa oluna biləcək daha genişmiqyaslı hərbi əməliyyatlardan yayınmaq üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımalıdır, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamalıdır, üçtərəfli anlaşmaları tam şəkildə yerinə yetirməklə, yekun sülh sazişinin imzalanmasına nail olmalıdır. Əks halda, Azərbaycan ordusu Ermənistanı buna istənilən halda, məcbur edəcək. Və bu halda, rəsmi İrəvan Ermənistan üçün daha ağır şərtlər ilə üzləşə də bilər.

Hələlik isə baş nazir Nikol Paşinyanın Azərbaycanın antiterror əməliyyatına Ermənistan cəmiyyətinə hesablanmış məzmunda açıqlamalarla münasibət bildirməyə çalışdığı müşahidə olunur. Yəqin ki, bir neçə gündən sonra erməni baş nazir daha realist mövqedən çıxış etməyə başlayacaq. Azərbaycanın şərtləri daxilində sülh sazişinin imzalanmasının vacibliyindən danışmağa üstünlük verəcək.

Çünki Cənubi Qafqazda və region ətrafında mövcud olan situasiya məhz bunu diqtə edir. Əks halda, Rusiyanın artıq müdafiə edə bilmədiyi Ermənistan dövlətçiliyinin ümumiyyətlə, süqutu da qaşılmaz ola bilər. Hər halda, Azərbaycan ordusunun son antiterror əməliyyatından sonra ortaya çıxan nəticələr proseslərin məhz belə istiqamətlər ala biləcəyinin ilkin əlamətləridir.   

Bütün bunlar onu göstərir ki, rəsmi Bakı istənilən halda, Azərbaycanın Xankəndi və ətraf bölgəsindən Ermənistan silahlı birləşmələrinin çıxarılmasına mütləq nail olacaq. Araik Arutyunyan və onun separatçı-terrorçu dəstələri isə əvvəl-axır qaçmaq məcburiyyətində qalacaqlar. Və Ermənistan da bu variantın alternativinin olmadığını nə qədər tez qəbul etsə, öz gələcək perspektivlərini xilas etmək istiqamətində önəmli addım atmış olar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR