İnsanlara hürriyət, millətlərə istiqlal!

Paltarda doğulanlar - dinimiz niyə ölünü dərhal basdırmağı vacib sayır?

6250 25.02.2023 08:05 Mənəviyyat A A

Suriyada ilginc hadisə qeydə alınıb. Belə ki, bu yaxınlarda baş verən güclü zəlzələnin nəticəsində çökmüş binanın dağıntıları altından ölü çıxarıldığı zənn edilən suriyalı gəncin qəbiristanlıqda sağ olduğu bilinib.

İngiltərənin “Dailystar” qəzeti xəbər verir ki, gəncin heç bir həyat əlaməti olmadığı üçün öldüyü düşünülüb. Axtarış-xilasetmə qrupları cansız cəsədin şəxsiyyətini müəyyən etmək üçün morqa aparıb. Morqda saxlanılan gənc suriyalı Əhməd əl-Mağribinin ailəsi ilə iki gün sonra əlaqə saxlanılıb. Ailə şəxsiyyəti yoxlanıldıqdan sonra dəfn mərasimi üçün qəbiristanlığa gedərkən, o vaxta qədər öldüyü güman edilən Əhməd əl-Məğribi hərəkət etməyə başlayıb. Ailə üzvləri gənci yenidən xəstəxanaya aparıblar.

Antibiotik soyuqdəymə və öskürək dərmanı deyil": Pediatr Vaqif Qarayevlə  müsahibə - (VİDEO)

Həkim: “Əgər insanın müalicəsi olmayan xroniki xəstəliyi varsa...”

Əlbəttə, belə hallar dünyanın müxtəlif yerlərində vaxtaşırı baş verir. Təbabətdə oxşar faktlara az da olsa, rast gəlinir və bu hadisəyə klinik ölüm deyilir. Hərçənd ölünün dirilməsi kütləvi hal sayılmaz. Bununla yanaşı, belə fikirlər var ki, xristianlar düz edir ki, meyiti 3 gün saxlayır, sonra dəfn edirlər. Yəni ki, birdən dirildi. İslam isə buyurur ki, elə həmin gün (insan gecə dünyasını dəyişibsə, ertəsi gün günəş batanadək) basdırılsın. Dinimiz niyə bunda təkid edir? Ümumiyyətlə, hansı “ölülər” dirilə bilir və hansı xəstəliklər zamanı bu baş verir?

Tanınmış həkim-pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əgər insanın müalicəsi olmayan xroniki bir xəstəliyi varsa, onun ölümü təbii qəbul olunur: “Misal üçün, beyin, onkoloji xəstəliklər buna aid edilə bilər. Türkiyədə də belə bir hadisə olmuşdu, bir gəncin başına beton düşmüşdü, ”öldü" yazmışdılar, sabahı günü sağ olduğu deyildi. Bizdə də buna bənzər hadisələr olub. İndi bu ölüm o biri ölümdən fərqlidir.

Mən bu cür hadisələri əsasən Təcili Tibbi Yardımda işlədiyim vaxtlarda görürdüm. Məsələn, həkim ölümü təsdiq edib, amma az vaxtdan sonra yenidən zəng edirlər ki, adam sağdır. Buna mən həkim tələskənliyi deyərdim. Əslində “beyin ölümü” deyilən bir anlayış şar. Yəni sonda beyin ölür. İnsanın ölümü beyinin ölümü ilə təsdiq olunur. Beyin ölümünün də göstəriciləri var. Xəstəxana şəraitində bunu nevroloq təyin edir, beyin yatıb, yoxsa yox. Düzdür, aparatlar ürəyin fəaliyyətini-filan göstərmir. Amma müalicə həkimi, nevroloq və reanimotoloq bir yerdə artıq beyinin ölümünü təsdiqləyirlər. Xəstəxanada asandır. Çünki xəstə aparat altındadır. Həm beyinin, həm də ürəyin fəaliyyətini göstərən aparatlar var. Bunlar reanimasiya şəraitində edilir.

Amma baxır harada bunu təsdiq edirsən. Çox vaxt bunun evdə, küçədə, parkda olduğunu heç kim bilmir. Sadəcə, həkim xəstənin nəbzini yoxlayır, reaksiyaları yoxdursa, ölümü təsdiq edib, çıxır gedir. Mən deməzdim bütün hallarda həkimlər günahkardır, amma bu bütün dünyada var. O da bütün dünyada var ki, “həkim ölüdür deyın şəxs sonradan dirilib. Amma qan dövranının kəskin dayanması deyilən bir şey də var. Burada vaxt faktoru çox önəmlidir. Nə qədər vaxtdan sonra sən təsdiq edirsən ki, qan dövranı dayanıb. Ola bilər, sən baxanda dayanıb, yenə o ölümün altındakı səbəblər mütləq öyrənilməlidir. Onkoloji xəstə son terminal vəziyyətdədirsə, artıq hüceyrələrdə geri dönmə prosesi başlayıb, bütün müdaxilələrə reaksiya vermir. O heç vaxt həyata geri dönə bilməz.

Amma qəfləti ölümlərdə, xüsusən gənc yaşlarında ehtiyatla yanaşmaq lazımdır. Ola bilər, bu dəqiqə gördüyün, beş dəqiqə sonra başqa cür olsun. Əvvəldə dediyim, qan dövranının kəskin dayanması çox çəkmir. Bir neçə dəqiqənin ərazində dayanıb, sonra bərpa oluna bilir. Amma yenə də deyirəm, altındakı səbəbi gərək bilək ki, nədən olub".

Qaziyə yaxşılıq elə, minnət qoyma!.. - Bəs reklam?

İlahiyyatçı: “Meyitin uzun müddət qalması bəzi xoşagəlməz halları üzə çıxara bilər”

İlahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, “torpaqdan yaradılan insan bir gün mütləq torpağa dönür. Başqa sözlə, bu da insan bədəninin əslinə qovuşması anlamına da gələ bilər. İslam dininin adətlərindən biri də dünyasını dəyişmiş insanın dəfn edilməsi ilə bağlıdır. İslam dininin yayılmasına qədər bir çox adətlərdə insanların müxtəlif şəkildə dəfn edilməsi mərasimi mövcud olub. İslamın dəfn mərasimi ilə bağlı söykəndiyi dəlil Qurani-Kərimdir. Bununla bağlı ayələr Həzrət Adəmin övladları olan Qabilin Habili öldürməsi ilə dəfninin necə edilməsini izah edir. Dinimizdə dünyasını dəyişmiş insanın cənazəsinin uzun müddət saxlanılmaması tövsiyə edilir. Lakin bu da ölən adamın dərhal dəfn edilməsi anlamına gəlməz. Suriyada baş verən həmin hadisə isə istisna hallardan biridir. Bu hal başqa dinlərdə, hətta dinsiz cəmiyyətlərdə də ola bilər. İnsanın öldüyünü, yaxud onun bədənində yaşam əlamətlərinin olduğunu müəyyən etmək üçün müasir vasitələr mövcuddur. Ola bilər ki, zəlzələnin gətirdiyi kütləvi fəlakətlər ölülərin çoxluğu ilə onların dəfn edilməsi işlərini də sürətləndirmək istəyiblər. Minlərlə ölən adamların içərisində bu, bir hadisədir. Bu hadisə ilə də xristianların ölən adamın cənazəsinin üç gün saxlanılmasını müdafiə etmək olmaz. Xristianlıqda bu məsələ daha çox adətlərə söykənən mərasimdir. Bu ənənə ölkə və millətlərə görə də dəyişə bilər. Elə yaxın keçmişdə xristian ölkələrində dünyasını dəyişmiş məşhur şəxslərin bəzilərinin nəşinin üç gündən də artıq saxlanılması halları olub”.

İlahiyyatçı əlavə edib ki, İslam dini ölmüş insanın meyitinin uzun müddət saxlanılmamsını tövsiyə etməklə dünyasını dəyişmiş insanın cansız vücuduna əziyyət edilməməsi faktını əsas tutur. Meyitin uzun müddət qalması bəzi xoşagəlməz halları üzə çıxara bilər".

Qeyd edək ki, alimlərin çoxu klinik ölümün ürəyin müvəqqəti dayanması və beyinə oksigen çatmaması səbəbindən baş verdiyini deyir. Miçiqan Universitetindən Cimo Borjigin kliniki ölüm keçirən hər kəsin eyni səhnəni təsvir etdiyini deyir: “Onların hamısının parlaq işıq gördüklərini deməsi, görmə hisslərinin hələ də aktiv olması deməkdir”.

Borjigin və onun həmkarları 9 siçovul üzərində təhqiqat aparmaq qərarına gəliblər. Onlar elektro-ensefaloqramın köməyi ilə siçovul beyninin altı müxtəlif nahiyəsində neyronların fəaliyyətini izləyiblər və aktivliyin əsasən beyinin emosional cavabı qavrama və yaddaşın yerləşdiyi hissəsində qeydə alıb. Beynin elektrik məlumat bazası heyvanların ayıq və narkoz verilmiş vəziyyətində toplanıb.

Alimlərin dediyinə görə, ölüm inyeksiyası və ya kalium xlorid vurulan heyvanların beyinlərində ölümdən sonrakı 30 saniyəlik fəaliyyət müşahidə edilib. Doktor Borjiqinin dediyinə görə, həmin 30 saniyəlik müddətdə beynin fəaliyyəti ayıq beyinlə müqayisədə olduqca yüksək olur. Alimlər bunu oksigen çatışmazlığı ilə izah edir ki, eyni proses insan beynində də müşahidə olunur.

Afaq MİRAYİQ,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR