İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan niyə qarışdı: xarici müdaxilə, yoxsa... - rəylər

1157 12.05.2023 12:06 Siyasət A A

Azərbaycanın ən yaxın dostlarından olan Pakistanda gərgin vəziyyət yaranıb. Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xanın həbsinin ardınca nümayişlər başlayıb. Dərhal da Xanın tərəfdarları ilə polis, hökumət qüvvələri arasında toqquşmalar başlayıb. Sabiq baş nazirin tərəfdarları küçələrə çıxaraq, həbs qərarına etiraz ediblər. Paytaxt İslamabad, Ravalpindi, Lahor, Kəraçi, Qucranvala, Faisalabad, Multan, Pişəvər və Mərdanda tərəfdarlar küçələri döyüş meydanına çevirib.

Avtomobilləri yandıran etirazçılara polis dəyənək, su şırnaqları və gözyaşardıcı qazla müdaxilə edib. İğtişaşlar nəticəsində xeyli ölən və yaralananların, habelə həbs olunanların olduğu bildirilir.

Pakistanda vəziyyət dramatikləşə bilərmi? Yoxsa qısa müddət sonra etirazlar yatırılacaq? Burada xarici güclərin müdaxiləsi ehtimalı nə qədərdir? Bu ölkəni qarışdırmaq kimlərin marağındadır?

Azər Badamov: Azərbaycanda icra olunan sosial infrastruktur layihələri hər  bir vətəndaşın həyat şəraitini yaxşılaşdırıb

Azər Badamov: “Çətin dövrdə pakistanlı qardaşlara səbirli olmağı arzulayıram”

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov Pakistanda baş verən hadisələrdən təəssüflənir: “Azərbaycan-Pakistan münasibətləri tarixi köklərə malikdir və möhkəm  dostluq üzərində davam edir. Bu münasibətlər 100 il əvvəl də çətin gündə bir-birimizin yanında olmaqla davam etmiş, torpaqlarımızın işğaldan azad edilməsində də dostluğumuzun sarsılmazlığını bir daha sübut olunub. Pakistan torpaqlarımızı işğal etdiyinə görə Ermənistanın müstəqilliyini bu gün də tanımır və işğalçı ölkə ilə diplomatik münasibətlər qurmur. Qələbəyə imza atdığımızda xalqımız bayraqlarımızla yanaşı Türkiyə və Pakistan bayraqlarını da dalğalandıraraq sevincimizi qeyd etdi. Hakimiyyətdə kimin təmsil olunmasından asılı olmayaraq Pakistan Azərbaycanla möhkəm dostluğa hər zaman böyük dəyər vermiş və sadiqliyini nümayiş etdirib. Bu gün Pakistanda baş verən hadisələri təəssüf hissi ilə  qeyd etmək istəyirəm. Keçmiş baş nazir İmran Xanın həbs olunması ilə bağlı ölkə daxilində ciddi narazılıq baş qaldırıb. Ola bilsin ki, bu narazılığın geniş miqyas almasında xarici dairələrin əli olsun. Çünki Pakistan müstəqil siyasətini yürüdən nüvə ölkəsidir. Həm də Pakistanın Hindistanla da uzun illik problemi var. Pakistanın müsəlman nüvə ölkəsi olması çoxlarının xoşuna gəlmir. Ona görə də hesab edirəm ki, ictimai-siyasi sabitliyin pozulmasında xarici faktorlar da rol oynayır. Bu çətin dövrdə pakistanlı qardaşlara səbirli olmağı arzulayıram. İğtişaşlar, infrastrukturun dağıdılması, canların qurban verilməsi heç də çıxış yolu deyil. Baş verən hadisələr ölkənin ancaq zəifləməsinə təsir göstərir. Hesab edirəm ki, tezliklə ümumi bir qərar qəbul olunar və narazılıqlar başa çatar, qardaş Pakistana sabitlik  qayıdar”.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli: “İmran Xan Azərbaycan və Türkiyə üçün ekstra vacib bir siyasi personadır”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli İmran Xanı iki qardaş ölkə üçün çox önəmli fiqur sayır: “Əvvəla, onu deyim ki, dünyada qardaş Türkiyədən sonra Azərbaycana ən yaxın ölkə dost Pakistandır. Bu cür yanaşmanın ciddi əsasları var. Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra dünyada 3 ölkə var ki, Ermənistanla indiyə qədər heç bir diplomatik əlaqə qurmayıblar. Onlardan biri də qardaş Pakistandır. 44 günlük haqq müharibəmizdə də Pakistan yenə Azərbaycanın yanında oldu. Pakistanın rəhbəri kimi İmran Xanın da burada xüsusi xidmətləri oldu. İmran Xan Pakistanın baş naziri olan dönəmdə İslamabad bütün məsələlərdə qeyd-şərtsiz Ankara və Bakının yanında oldu. Ona görə İmran Xan Azərbaycan və Türkiyə üçün ekstra vacib bir siyasi personadır. Əvvəlcə İmran Xan baş nazir postundan getdi, indi isə onu həbs etdilər. O, baş nazir postundan gedəndən sonra onun həbsinin anonsu verilmişdi və məhz indiki anda tutulması məndə bəzi fikirlər yaratdı. İmran Xanın həbsinin Türkiyədəki taleyüklü seçkilərə bir neçə gün qalmış baş verməsini təsadüfi saymıram. Ərdoğanın ən yaxın dostlarından, tərəfdaşlarından birinin tutulmasını rəisə kürəsəl güclər, dünya imperializminin təzyiqi kimi qiymətləndirirəm. Bu, Azərbaycan üçün də yaxşı hal deyil. Ümid edək ki, İmran Xan çox həbsdə qalmaz. İnşallah, Ərdoğan seçiləndən sonra İmran Xan azadlığa çıxar, dost, qardaş Pakistanda da əmin-amanlıq bərqərar olar. Türkiyə və Azərbaycana güclü, sabit Pakistan lazımdır. Kürəsəl güclər, dünya imperializmi, göründüyü kimi, Pakistanı da qarışdırmaq istəyir. İblisin dostlarına güclü müsəlman ölkəsi lazım deyil. Ələlxüsus da əgər bu ölkə digər güclü müsəlman ölkəsi Türkiyənin dostudursa. Unutmayaq ki, Pakistan hələlik atom bombası olan yeganə müsəlman ölkəsidir və digər nüvə derjavası Hindistanın hərbi gücünə alternativ gücdür. O Hindistan ki, düşmənimiz Ermənistana silah verir. Pakistan nə Suriya, nə də Əfqanıstandır, Muhəmməd Əli Cinnahın qurduğu ölkə qarışsa, bu, təkcə region deyil, bütün müsəlman coğrafiyası üçün çox xoşagəlməz bir vəziyyət yaradar. Yuxarıda qeyd etdiyim kimi, Pakistan hələlik yeganə müsəlman ölkəsi olaraq nüvə derjavasıdır. Və belə bir ölkədə vəziyyətin qarışması ciddi kataklizmlər yarada bilər. Bütün İslam dünyasına güclü Türkiyə-Pakistan ittifaqı indiki halda hava-su kimi lazımdır və bütün müsəlman ölkələri də bu müttəfiqliyin ətrafında sıx birləşməlidirlər. Təbii ki, bu cür birlik nə ABŞ, nə Avropa, nə Çin, nə Hindistan, heç Rusiyanın da maraqlarına cavab vermir. Ona görə də bütün qeyri-müsəlman sömürgəçi güclər Pakistanı qarışdırmaqda maraqlı ola bilərlər. İnşallah, Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçiləndən sonra dost-qardaş Pakistanda sülhün, sabitliyin bərqərar olmasında əlindən gələni əsirgəməyəcəyinin ümidindəyik”.

Türkiyə və Qərb yaxınlaşdıqca Ermənistan təlaşlanır - Səbəb

Şəhla Cəlilzadə: “Onun hazırkı vəziyyətdə hakimiyyətə qayıtma ehtimalı zəifdir”

Beynəlxalq əlaqələr üzrə ekspert Şəhla Cəlilzadə İmran Xan ətrafında cərəyan edən proseslərdə bir sıra səbəblər görür: “Pakistanda əvvəlki baş nazir İmran Xan ətrafında cərəyan edən hadisələr onun birdəfəlik siyasətdən uzaqlaşdırılmağına hesablanıb. Belə ki, onun siyasi yol xəritəsi bir çox qlobal aktorların maraqları ilə toqquşur. Məhz elə bu amilə görə də o, hakimiyyətini itirdi. Hazırda ona qarşı 90-dan çox cinayət işi açılıb. Lakin onun ölkə daxilində olduqca ciddi və geniş ölçülü tərəfdar kütləsi var. İndiyədək bu tərəfdar kütləsinin qarşı çıxması və qoruması ilə İmran Xan həbs olunmurdu. Hazırda isə hadisələr bir az daha irəliləyib, o həbs edilib və etirazçı kütləyə qarşı silah istifadə edilib. Görünür, ona qarşı olan yerli və beynəlxalq güclər qan tökməkdən çəkinmədən, Pakistanın öz ənənəvi xarici siyasi kursundan sapmasından narahatdırlar. Çünki İmran Xanın cəbhəsi olduqca güclüdür və onun həbsinə etiraz və azadlığını tələb edərək, hərbi hissəyə hücum edib-yandıracaq qədər qəti qərarlıdır. İmran Xan həbsdən azad olunmasa da, onun siyasi xəttini davam etdirməsi üçün mart ayında öz partiyası Tahrik-e-İnsafın 6 nəfər üzvündən ibarət komitə təsis edib və təcili anlarda bu komitəyə səlahiyyət haqqı tanıyıb. Odur ki, partiya fəaliyyətinə və Pakistan siyasi həyatında rol oynamağa davam edəcək. Xatırladım ki, o, məhz 24 fevral 2022-ci il tarixində, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlandığı gündə Rusiyaya səfər edərək Putinlə görüşmüş və bundan sonra da hakimiyyətini itirmişdi. Bu səfər onun dramatik siyasi dəyişiklikləri bərabərində gətirən qlobal və regional siyasi baxışlarının nəticəsi olaraq da dəyərləndirilə bilər. Onu bu çərçivədə dəyərləndirən Qərb məhz hakimiyyətə qayıtmasının qarşısını almaq üçün əlindən gələni edir, xüsusilə illərdir ki, Kəşmir məsələsində Pakistanı dəstəkləyən Ukraynaya qarşı bu davranışı "xəyanət" olaraq təqdim edir. Belə ki, 2019-cu ildə BMT Təhlükəsizlik Şurasının Kəşmir mövzulu qətnaməsində Ukrayna Hindistana qarşı çıxmışdı. Odur ki, Pakistanın yox, Hindistanın Rusiyaya yaxınlığı anlaşılan ola bilərdi. Çünki Rusiya Hindistanın ən böyük silah tədarükçüsüdür, sovet dövründən gələn bir isti münasibətləri var, Rusiya BMT Təhlükəsizlik Şurasında Kəşmir məsələsində bir neçə dəfə Hindistanı dəstəkləyib. İmran Xanın hakimiyyətə qayıdışı və balanslı xarici siyasi baxışları gələcəkdə Pakistanda ciddi hadisələrin yaşana biləcəyindən xəbər verir. Lakin onun hazırkı vəziyyətdə hakimiyyətə qayıtma ehtimalı zəifdir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR