İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü həkim kimi təqdim edənlərlə mübarizə başladı

1694 06.07.2023 08:40 Gündəm A A

Kosmetoloji mərkəzlər nəzarətə götürüləcək; “Müvafiq nəzarət mexanizmi zəif olduğu üçün adının qarşısına ”dr" yazıb özünü həkim kimi təqdim edənlər çoxalıb"

Ölkədə xaotik fəaliyyət sahələrindən biri də kosmetoloji mərkəzlərdir. Mütəmadi olaraq bu mərkəzlərdə sağlamlığını, hətta həyatını itirən, müxtəlif yoluxucu xəstəliklər qazanan insanlar olmasına, heç bir tibbi biliyi, təhsili olmayan şəxslərin burada tibbi prosedurlar, əməliyyatlar keçirməsinə dair məlumatlara rast gəlinir. Deyəsən, hökumət bu sahədə nizam yaratmaq niyyətindədir.

Son zamanlar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə kosmetoloji fəaliyyətlə bağlı çoxsaylı müraciətlər edilib. Mərkəzdən APA-ya verilən xəbərə görə, əhalini əsasən nazirlik tərəfindən kosmetoloji fəaliyyət göstərən mərkəzlərə, estetik klinikalarına nəzarətin necə aparılması, həmçinin bu mərkəzlərdə çalışanların təhsilinin (diplomu və s.) nəzərə alınıb-alınmaması maraqlandırır. Həmçinin kosmetoloji mərkəzin açılması üçün icazənin necə alınmasının və belə mərkəzlərə rəyin verilməsinin hansı qaydalara əsasən həyata keçirilməsi aktual məsələlərdəndir.

Analitik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət Şöbəsinin müdir müavini Ramik Quliyev bildirib ki, kosmetoloji xidmətin göstərilməsi tibbin bir sahəsi olub tibbi kosmetologiyaya daxil olan estetik problemlərin aradan qaldırılmasına yönəlib: “Plastik cərrahiyyəyə aid olan fəaliyyətlər tibbi kosmetologiyaya daxil deyil. Tibbi kosmetologiya prosedurlarına inyeksion prosedurları, lazer epilyasiyasını, müxtəlif növ aparat kosmetologiyasını aid etmək olar. Həmçinin bu prosedurlardan geniş yayılmış biorevitalizasiya, plazmaliftinq, mezoterapiyanı da aid etmək olar. Kosmetoloji iş üzrə ambulator xidmətin göstərilməsi özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısına aid olduğundan bu fəaliyyəti göstərən müəssisələr müvafiq lisenziyalara malik olmalıdırlar. Bu müəssisələrdə fəaliyyət göstərənlər ali tibbi təhsilli həkimlər, yəni həkim-dermatoloqlar və onların rəhbərliyi altında fəaliyyət göstərən orta tibbi təhsilli tibb personalı olmalıdır. Bu personal qanunauyğun olaraq 5 ildə bir dəfə sertifikasiyaya cəlb olunur. Bu məsələyə nəzarət Səhiyyə Nazirliyi tərəfindən planlı yoxlamalar və plandankənar yoxlamalar şəklində həyata keçirilir. Planlı yoxlamalar cari ilin sonunda növbəti il üçün qrafik şəklində müvafiq elektron resursa yerləşdirilir. Hər bir lisenziyaya malik müəssisə bu yoxlamaların siyahısı ilə tanış ola bilər. Plandankənar yoxlamalar isə ayrı-ayrı hüquqi və fiziki şəxslərdən əhalinin həyat və sağlamlığına təhlükəyə dair konkret faktlar əsasında müraciətlər daxil olduqda, habelə dövlət və yerli idarəetmə qurumlarından daxil olmuş rəsmi müraciətlər, eyni zamanda, mediada yayılmış məlumatlar əsasında təşkil olunur”.

Açıqlamadan belə görünür ki, kosmetoloji mərkəzlər nəzarətə götürüləcək, fəaliyyəti diqqətlə izləniləcək.

179730746_4095332860529409_8644236741628595577_n.jpg (64 KB)

Günay Mikayılova 

“Çöhrə” estetik klinikasının rəhbəri Günay Mikayılova “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə, Azərbaycanda kosmetologiya təhsili yoxdur. Baş həkim dermatovenirologiya ixtisasına yiyələnənlərin kosmetoloq kimi çalışmaq haqqı olduğunu qeyd etdi: “Kosmetologiya lisenziyasını almaq üçün bu ixtisasa sahib olmaq lazımdır və lisenziya alınarkən həm dermatologiya, həm də kosmetologiya ilə  məşğul olmaq seçimi əldə edilir. Qanunda hər bir məqam nəzərə alınıb. Estetik klinikanı, mərkəzi yalnız lisenziya aldıqdan sonra açmaq olar. Qanunvericiliyə görə, dermatologiya ixtisasına yiyələnmiş istənilən şəxs lisenziya ala bilər. Görünən odur ki, müvafiq nəzarət mexanizmi zəif olduğu üçün adının qarşısına "dr" yazıb özünü həkim kimi təqdim edənlər çoxalıb. Savadsız, tibbdən anlayışı olmayan şəxsləri sektordan uzaqlaşdırmaq üçün mütəmadi monitorinqlər aparılmalıdır. Məsələ burasındadır ki, belə “həkimlər” lisenziya almırlar. Estetik mərkəzdə çalışmaq üçün diplom, lisenziya mütləqdir.

O cümlədən rezidentura bitdikdən sonra 5 ildən bir sertifikasiya imtahanı keçirilir".

Bəs vətəndaş həkimin peşəkar olub-olmadığını necə anlaya bilər? G. Mikayılova hər bir vətəndaşın müraciət etdiyi klinikada, yaxud mərkəzdə çalışanlardan ixtisaslı olub-olmadığını müəyyən etmək üçün sənəd tələb etmək haqqı olduğunu vurğuladı: “Eyni zamanda həkimin danışığından, davranışından da  savadını müəyyən etmək olar. Ən önəmlisi, sosial şəbəkələrdə yayılan reklamlara inanmasınlar. Məsələn, lazer epilyasiyası üçün aparat demək olar ki, hər salonda var, amma qanunvericiliyə görə, bu aparat yalnız klinik lisenziyası olan mərkəzlərdə qoyula bilər. Yeri gəlmişkən, bu aparatlar o qədər də ucuz deyil. Şirkətlər də cihazları kimə satdıqlarına nəzarət edə bilərlər.  Təxminən 1 il öncəyə qədər el arasında "botoks" kimi tanınan botulinum toksin preparatı yalnız həkimlərə satılırdı. İndi isə hamı ala bilir".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR