İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda baltalı hücumlar seriyası – Psixoloq ŞOK TƏFƏRRÜATLARI AÇIQLADI

617 05.08.2024 14:33 Gündəm A A

Ötən gün Dəşkəsən xəstəxanasında 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanova dünyasını dəyişib.

Tahirə Qurbanovanın ölümünə səbəb aldığı balta xəsarətlərinin ağırlığı olub. Belə ki, iyulun 27-də Tahirə Qurbanova yaşadığı Dəşkəsən rayonu, Xoşbulaq kəndindəki evində gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənova ilə mübahisə edib. Bu zaman gəlini baltaya əl atıb və ona mübahisə zəminində balta ilə bir neçə xəsarət yetirib. Gəlin hadisədən sonra evdən qaçdığından hazırda axtarışları davam etdirilir.

BALTA.jpg (94 KB)

Xoşbulaqdakı hadisə Xalq artisti Ağadadaş Ağayevin “MedEra” klinikasına əlibaltalı hücumundan cəmi 5 gün sonraya təsadüf edib.

Həmin gün səhər Ağadadaş Ağayev özünə məxsus olan “Büsat” şadlıq evinə bitişik həyətindən çıxaraq yolun əks tərəfində olan “MedEra” hospitalının mühafizəçisi Nurəddin Cəlilova hücum edib. Xalq artisti hücum zamanı əlinə balta alıb və həmin baltanı mühafizəçi Nurəddin Cəlilova atıb. Xoşbəxtlikdən balta Nurəddin Cəlilova dəyməyib deyə, xalq artistinin niyyəti də baş tutmayıb. Balta mühafizəçidən yan ötərək “MedEra” hospitalının daxilində olan işçi Nəzakət Paşayevanın ayağına çırpılıb. Balta Nəzakət Paşayevanın ayağına kəsici hissəsi ilə dəyməyib deyə, səhhətində də ciddi problem yaratmayıb.

AGAF.jpg (238 KB)

Xalq artisti Ağadadaş Ağayev baltaya əl atmazdan 4 ay öncə, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirib. Ailəsinə qarşı törətdiyi dəhşətli qətliamda Əhməd Əhmədov baltadan istifadə edib.

AHMED DON.jpg (172 KB)

Baltalı cinayətlərin bir-biri ilə əlaqəsi varmı? Son 6 ay ərzində ölkədə balta ilə törədilən cinayətlər niyə artıb? Qətl və cinayət aləti kimi məhz baltanın seçilməsi təsadüfdür? Yoxsa burada bir psixoloji məqam var?

AZAD YENİ .png (1.15 MB)

Psixoloq Azad İsazadə Musavat.com-a deyib ki, cinayət və intiharlarda bir yoluxuculuq var:

“Bir nəfər özünü asan kimi sonrakı günlərdə belə ölümlərin sayı artır. Bir neçə il əvvəl “Koroğlu” metrosu yaxınlığındakı körpü intihar edənlərin “sevimli” məkanına çevrilmişdi. İntihar etmək üçün o körpüyə o qədər insan axışdı ki, məcbur olub ətrafına tikanlı məftillər çəkdilər, polis postu qoydular. Kimsə intihar etmək istəyirdisə, emosional halda həmin körpüyə üz tuturdu”.

Psixoloq bildirib ki, baltanın cinayət aləti olaraq seçilməsi də bu baxımdan təsadüfi deyil:

“Əhməd Əhmədovun ailəsinə qarşı qəddar cinayət törətdiyi zaman baltadan istifadə etməsi şüuraltına təsir edir. Psixoloji baxımdan bu, dəb xarakteri daşıyır. 100 faiz olmasa da, statistika göstərir ki, bir səs-küylü cinayət baş verirsə, sonrakı 3-6 ay ərzində, bəzən də daha artıq zaman kəsiyində oxşar cinayətlər törədilir. Bu belə baş verir – kimsə cinayət planlayır, amma necə, hansı silahla, alətlə cinayəti törədəcəyini özü üçün aydınlaşdıra bilmir. Belə bir vaxtda kimsə baltaya əl atırsa, cinayəti planlayan və ya belə niyyətdə olan digərləri avtomatik olaraq şüuraltına təsir etmiş balta olayından çıxış edir, baltaya əl atırlar. Belə hadisələr şüuraltında 3-6 ay ərzində qalır və sonradan tədricən aradan qalxır. Yeni dəb yaranarsa, vəziyyət də dəyişə bilər”.

Psixoloq deyib ki, belə cinayətlərin törədilməsində insanların sosial statusu rol oynamır:

“Cinayəti törədən cəmiyyətdə tanınan şəxsdir, tanınmayan biridir, bu, rol oynamır. Şüuraltında balta olayı qalır və tanınan şəxs və ya digəri hirslənirsə, bu zaman gözü balta axtarır. Bilir ki, həmin silahla ortaya çıxsa, qarşısındakı ondan çəkinəcək, qarşısından qaçacaq. Şüuraltında həmin an üçün balta ən effektiv silah kimi dayanır”.

Psixoloq bildirib ki, baltalı cinayətlər bir müddət sonra aradan qalxacaq:

“Bunun üçün piştaxtalardan baltaları yığmaq, balta satışını qadağan etməyə lüzum yoxdur. Çünki baltanı satışdan çıxarsalar, digər bir kəsici-deşici alətə, çəkicə, lingə əl atılacaq. Balta cinayət aləti kimi aradan götürülsə, digər silah dəbə düşəcək”.

Bu qəbildən olan cinayətlər, belə cinayətlərin qarşısının alınması ilə bağlı elmi araşdırmalar varmı? Məsələn, cinayətlərin 3-6 ay deyil, daha tez aradan qalxması, sıxışdırılıb çıxarılması üçün konkret elmi metodika işlənib hazırlanıbmı?

Azad İsazadə vurğulayıb ki, əsasən intiharlarla bağlı belə araşdırmalar aparılır:

“Sovet dövründə, ötən əsrin 60-cı illərində SSRİ-ni intiharlar dalğası bürümüşdü. İntihar edənlər qida sənayesində istifadə edilən sirkə essensiyası içirdilər, bu yolla özlərini zəhərləyib həyatla vidalaşırdılar. Bunun qarşısını almaq üçün satışdan 60 faizlik sirkə essensiyası yığışdırıldı, əvəzində daha az faizli sirkə essensiyası satışa çıxarıldı. Bu addımla sirkə essensiyası içib intihar edənlərin qarşısı alındı. Yenə də sirkə essensiyası içənlər olurdu, amma zəhərlənmirdilər, ölmürdülər. Bununla belə SSRİ-də intiharlar ümumilikdə aradan qalxmadı. İntihar edənlər digər üsullar axtarıb tapır və həyatla vidalaşdırdılar. Yəni sirkə essensiyasının satışdan yığışdırılması vəziyyəti nisbətən dəyişsə də, problemi radikal olaraq aradan götürmədi.

Balta ilə törədilən cinayətləri aradan qaldırmaq üçün bu gün satışdan bütün baltaları yığışdıraq. Bu, problemi aradan qaldırmayacaq. Bıçaqla törədilən qətllərin qarşısının alınması üçün bıçaqların tiyə hissəsini 4 barmaqdan az edirlər. Bunu ona görə edirlər ki, bıçaq hər evdə var, əsəbi, emosional halda kimsə bıçağa əl atarsa, qarşısındakına bıçaqla xəsarət yetirərsə, bıçaq gedib ürəyə çatmasın və ən azı qətlin qarşısı alınsın. Bununla belə, bu, tam olaraq çıxış yolu deyil. Qəsd törətmək istəyən, intihar üçün üsul axtaran gedib başqa bir yolunu tapacaq”.

NATİQ.jpeg (75 KB)

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, məişətdə istifadə olunan alətlər faktiki və vizual olaraq döyüş silahlarının tam analoqudur:

“Yəni evdə istifadə etdiyimiz bıçağın təyinatı əslində çörək, yağ və digər ərzaqların doğranması üçündür. Amma bıçağı əlinə alıb kiməsə hücum olunsa, qarşı tərəf əldəki bıçağı çörək bıçağı deyil, döyüş silahı kimi qəbul edir və bu mövqedən çıxış edərək ən güclü cavab aqressiyası sərgiləyə bilər. Kiməsə baltalı hücum olursa, eyni şəkildə qəbul olunur, qavranır. Fikir verdinizsə, Ağadadaş Ağayev baltanı əlindən mühafizəçiyə atana qədər o, qaçıb canını qurtarmağa çalışırdı. Çünki baltanı real döyüş silahı kimi qəbul edirdi. Qaçmağa imkanı vardı deyə, qaçıb canını qurtarmağa çalışırdı. Görəndə ki, balta daha ona hücum edən Ağadadaş Ağayevin əlində deyil, ən aqressiv tövrü nümayiş etdirdi. Balta ilə az qətl törədilməyib və bu, şüuraltında qalır. Əhməd Əhmədovun balta ilə doğmalarını doğraması yaddaşlara pərçimlənib”.

Natiq Ələsgərov bildirib ki, insanın öz təhlükəsizliyi, özünümüdafiə və münaqişə vəziyyətində adekvat davranış imkanları haqqında bu gün cəmiyyətdə yanlış təsəvvür formalaşıb:

“İnsanlar bir-biri ilə normal danışmağı dayandırıblar. Xırda, mənasız bir sözə görə dərhal əlini silaha tutub atəş açmağa, baltaya, bıçağa əl atmağa başlayıblar. Ünsiyyətdəki insani davranış aradan qalxır, yerinə silahlar “danışır”. Cəmiyyətlə sosial-psixoloji işlər aparmaqla durumu dəyişmək olar. Əks halda belə cinayətlərin davamının şahidi ola bilərik”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR