İnsanlara hürriyət, millətlərə istiqlal!

Öz kölgəsi ilə baş-başa qalan Hayastanın harayı – hayların hayına kim hay verəcək?

2371 29.09.2022 14:09 Analitika A A

Bundan öncəki yazılarımızda Ermənistanın təxribatlarının məqsədlərinə dair yazmışıq. Təkrar etməkdə yarar var ki, bu təxribatlar regionda müharibə vəziyyətinin davamlı qalmasına xidmət edir.

Açıq-aşkar ortadadır ki, 2020-ci ildəki acı məğlubiyyətdən və hərbi-diplomatik iflasdan sonra Ermənistanda revanşizm meylləri getdikcə güclənir. Əslində bu paradoksal haldır.

Bir tərəfdən sadə erməni xalqı məruz qaldığı şəxsi itkilər üzündən apatiya durumundadır, gözü qorxmuş, itkilərin davam edə biləcəyini düşünən insanlar İrəvanın militarist siyasətinə qarşıdır, digər tərəfdən, qisasa çağıran qüvvələrin də sırası genişlənir.

Ermənistanı idarə edənlər reallığı, dövlətin gücünü, ordunun potensialını, xalqın psixoloji durumunu yaxşı bilirlər, ona görə də revanşist qüvvələrin fitvasına gedərək yenidən aktiv müharibəyə başlamaq istəmirlər. Ancaq hakimiyyət onu da başa düşür ki, revanş ovqatında olmasalar, qisas tələb edənlərin səsinə səs verməsələr, xalqın sınmış qürurunun bərpası istiqamətdə çalışdıqlarını göstərməsələr, sona qədər işləyə bilməyəcəklər.

1578462311_ateskes8.jpg (293 KB)

Ona görə də erməni rəhbərlər yenidən “aktiv olmayan müharibə” fazasına, "snayper savaşı"na keçmək, sərhədlərdə, təmas xətlərində atəşkəsi vaxtaşırı pozaraq, düşmənçiliklərini davam etdirmək, eyni zamanda hər atışmanı Azərbaycan tərəfinin üstünə yıxaraq beynəlxalq aləmdə təbliğat aparmaq, “Ermənistan sürəkli hərbi təcavüzə məruz qalır” qənaəti yaratmaq fikirindədirlər.

Bu, faktiki olaraq, Ermənistanın üçtərəfli bəyanatda əksini tapmış tələblərin icrasından boyun qaçırmasıdır. Bu gərgin atmosferi saxlamaqla ermənilər Azərbaycan ərazisində hələ də qalmış hərçilərini və texnikasını çıxarmamaq üçün bəhanə arayır, Qarabağda hərbi mövcudluğunu davam etdirməyə, hətta mümkün olarsa, göcləndirməyə çalışır.

Bu ilin əvvəlindən yüksələn xətt üzrə davam həmin məkrli siyasət sentyabrın 13-14-də Kəlbəcər-Zəngilan istiqamətində baş verən hadisələr zamanı fiaskoya uğradı. Azərbaycan ordusu, nəhayət, təxribatlara qətiyyətli cavab verdi və erməni ictimaiyyəti 44 günlük müharibədən sonra ikinci dəfə sarsıntıya məruz qaldı, ancaq ötən həftə təmas xəttində atəşkəsin yenidən pozulması bu anlama gəlir ki, ermənilər hələ də lazımi dərs çıxarmırlar, sülh haqqında düşünmürlər.

543.jpg (50 KB)

Orta ranqlı erməni siyasilərin, müxalifət liderlərinin, eləcə də erməni fəalların müxtəlif platformalarda açıqladıqları mülahizələrdən görünür ki, onlar superdövlətlərin həlledici yardımına, “verməyə borclu olduqları” hərbi, maddi, siyasi dəstəyə ümid edir, hər şeyin 30 il öncəki kimi bir gün öz xeyirlərinə dəyişəcəyini gözləyirlər. Onlara bu cür ümidlər verənlər də var. Bu faktor ermənilərə yaranmış reallıqları olduğu kimi qəbul etməyə imkan vermir.

Onlar anlamırlar ki, “böyük dövlət” qurmaq arzuları artıq utopik xarakter alıb. Bu, olmayacaq. İndi aktual olan erməni dövlətinin mövcudluğunu qorumaqdır və bunun yolu qonşularla anlaşıb sülhə gəlməkdən keçir. Müharibənin davam edəcəyi təqdirdə isə Ermənistanın öz mövcudluğunun təhlükə altına düşməsi təbiidir. Çünki heç kəs oturub gözləməyəcək ki, Ermənistan ordusu fasiləsiz hücumlara keçsin və öz ərazisi döyüş poliqonuna çevrilməsin. Dünyada elə müharibə olmayıb ki, güclü vaxtı hücuma keçən aqressor vurulub zəifləyəndən, geri çəkilməyə məcbur ediləndən sonra gəldiyi yerə qədər qovulmasın.

654.jpg (137 KB)

Hazırda Ermənistan o qədər zəifləyib ki, Azərbaycan onu lazımi yerə qədər geri çəkilməyə vadar edə bilər. Bunu Ermənistanda da anlayırlar, məhz ona görə haray-həşir salır, yeni himayədar axtarırlar.

1988-2020-ci illər arasında Ermənistan Rusiyaya arxalanaraq, işğalçılıq siyasəti yeridirdisə, 2020-ci ildən sonra Rusiyanın siyasi rəhbərliyinin nisbi neytrallığı üzündən artıq öz kölgəsi ilə baş-başa qalıb, ona görə də yalvarma üçün üz tutduğu istiqaməti dəyişib. İndi bu ölkə açıq şəkildə Qərbdə dəstək axtarır, ABŞ və Fransa isə hayların hayına yetəcəkləri barədə vədlər verirlər.

Əslində tarixi və müasir siyasəti bilən şəxslər onu da bilməlidirlər ki, nə ABŞ-ın, nə də Fransanın ipi ilə quyuya enmək olmaz. Əfqanıstanda on minlərlə insanı özünə işlədən, axırda isə onları “Taliban” silahlılarının gülləsi qabağında qoyub Əfqanıstandan çıxan ABŞ üçün Ermənistan kimi ölkələr müvəqqəti forpostdan başqa bir şey deyillər.

Bu baxımdan bu ölkənin siyasi xadimləri ermənilərin sülh içində yaşamasını istəyirlərsə, uzaq paytaxtlardan kömək ummamalıdırlar, öz qonşuları ilə dinc, yanaşı yaşamağı öyrənməlidirlər. Bütün qonşulara ərazi iddiası irəli sürməklə yalnız onların nifrətini qazanmaq olar . İndi Ermənistan beş qonşusundan üçü ilə analoji münasibətdədir, şimal qonşusunun yanında etibarını itirib, cənub qonşusu isə onun dostlarının qatı düşmənidir. Yəni İranla Ermənistan arasındakı “dostluq büsatı”ının perspektivi yoxdur, ilk tələbdə İrəvanın üzü Tehrandan dönəcək.

0009.jpg (72 KB)

Bir sözlə, ermənilərin xilası öz əllərindədir, yetər ki, öz başları ilə düşünsünlər və artıq ağla-kamala gəlmiş liderlərini eşitsinlər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR