İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il qapı-qapı gəzib qaz istəyirdilər, bu il isə...

4576 25.11.2023 10:40 İqtisadiyyat A A

Avropa İttifaqı cənub-şərq qanadının enerji təhlükəsizliyinə diqqəti nə vaxt artıracaq?

Noyabrın 7-dən anbarlardakı qazdan istifadəyə başlayan Avropa İttifaqı ölkələri bu prosesi getdikcə sürətləndirirlər. “Gas Infrastructure Europe”nin məlumatına görə, noyabrın 22-də Aİ ölkələrindəki anbarlardan 328 milyon kubmetr qaz götürülüb, 13 milyon kubmetr vurulub.

Noyabrın 7-dən bəri  Aİ ölkələri anbarlardan 1,94 milyard kubmetr qaz götürüblər.  Eyni zamanda yeraltı qaz anbarlarından onların maksimal doldurulmasına çatdığı andan 16-cı gündəlik qaz götürülməsi həcmləri əvvəlki beş il ərzində bu günə olan orta göstəricidən 20 faiz azdır.

Hazırda Avropanın qaz anbarları  98,4 faiz doludur bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 11,19 faiz bəndi yüksəkdir. Anbarlarda 108,47 milyard kubmetr  qaz var. Bu həftə Mərkəzi və Qərbi Avropada havaların əhəmiyyətli soyuması gözlənilir. Bir sıra ölkələrdə temperatur mənfi zonaya keçəcək. Eyni zamanda külək enerjisinin Aİ elektrik enerjisi istehsalında payı noyabrda 24 faizə yüksəlib.

Noyabrda terminallardan Avropa qaz nəqli sisteminə LNG daxilolmaları oktyabr ayı ilə müqayisədə 23 faiz artıb. Hazırda mayeləşdirilmiş qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə vurulması gücünün 62 faizindən istifadə olunur. Oktyabrda Avropada qazın orta alış qiyməti 1 min kubmetr üçün 513 dollar təşkil edib, noyabrda isə 516 dollara qədər artıb.

Avropanın aparıcı iqtisadiyyatlarına malik Fransa və Almaniyada sənaye istehsalının azalması qaza tələbatı aşağı salır. Ötən il Avropa İttifaqı üzrə qaz istehlakında 10 faizə yaxın azalma qeydə alınıb, bu il istehlakda artımın olacağı gözlənilmir. Bu vəziyyətdə Avropa İttifaqı  əlavə qaz həcmlərini əldə etmək üçün hərəkət etməyə tələsmir. Bu passivlik xüsusilə boru qazı idxalı sahəsində daha güclü hiss olunur. Ötən il Azərbaycan, Əlcəzair, Norveç kimi boru qazı tədarükçülərinə ardı-arası səfərlər edərək mümkün qədər çox əlavə qaz həcmləri əldə etməyə çalışan Avropa rəsmiləri hazırda çox rahat görünürlər. Diqqətlər maye qaz mənbələrinə yönəlib, Avropa ölkələri müxtəlif mənbələrdən maye qaz alışına dair müqavilələr imzalayırlar.

Hazırda əsas maye qaz istehsalçıları olan ABŞ, Qətər, Avstraliyada yeni və böyük istehsal güclərinin yaradılması layihələri icra olunmaqdadır. Beynəlxalq Enerji Agentliyinin (IEA) illik “World Energy Outlook” hesabatının müəllifləri hesab edirlər ki, bu layihələr üzrə istehsalın başlanması 2030-cu illərə doğru qaz bazarında təklif bolluğu yaradacaq. Təklif bolluğu isə bazarda təbii qazın qiymətindəki volatilliyin qarşısını alacaq, onun ucuzlaşmasını şərtləndirəcək. Onların fikrincə, qısa müddətdə təbii qaz qiymətlərindəki dəyişkənlik davam edəcək, lakin 2025-ci ildən sonra yeni LNG layihələrinin tətbiqi ilə vəziyyət dəyişəcək ki, bu da “bazarların tarazlığını pozacaq və tədarüklə bağlı narahatlığı aradan qaldıracaq”.

Hesabatda qeyd edilir ki, artıq tikintisi davam edən və ya yekun investisiya qərarı qəbul edilən layihələr 2030-cu ilə qədər LNG istehsalını ildə 250 milyard kubmetr artırmalıdır ki, bu da bugünkü qlobal tədarükün yarısına bərabərdir. Qlobal maye qaz təklifində ən əhəmiyyətli artım 2025-ci ildən 2027-ci ilə qədər gözlənilir. Yeni layihələrin yarıdan çoxu ABŞ və Qətərdə yerləşir.

BEA-nın fikrincə, yeni LNG istehsalının tətbiqi qlobal qaz bazarında tarazlığa nail olmağa imkan verəcək, lakin onun istehlakının artım tempi yavaşıyı. Tələb və təklif 4,3 trilyon kubmetrə qədər artacaq ki, bu da 2022-ci illə müqayisədə 161 milyard kubmetr və 140 milyard kubmetr (təxminən 4 faiz) çoxdur. Eyni zamanda, 2050-ci ilə qədər analitiklər qaza tələbat və təklifin 3 faiz azalacağını və ildə 4,17 trilyon kubmetrə düşəcəyini proqnozlaşdırırlar.

BEA-nın icraçı direktoru Fatih Birol Almaniyanın “Sueddeutsche Zeitung” qəzetinə bildirib ki, yaxın illərdə qlobal bazarlara maye qazın böyük axını baş tutacaq. Bu axın əsasən ABŞ və Qətərdən reallaşacaq - hazırda hər iki ölkədə maye qaz istehsalının kəskin artımını nəzərdə tutan nəhəng layihələrin icrasına başlanıb. Həmin layihələr çərçivəsində istehsal olunacaq əlavə maye qaz həcmləri 2025-ci ilin əvvəllərindən bazara daxil olmağa başlayacaq ki, bu da qiymətləri kəskin şəkildə aşağı çəkəcək. BEA rəhbərinin fikrincə, yeni təbii qaz hasilatı layihələrinə pul yatırmaq böyük risklər yaradır: “Kim belə layihələrə sərmayə qoyacaqsa, onu itirmək təhlükəsi ilə üzləşəcək”.

Qeyd edək ki, ötən il Avropa Komissiyasının əlyandıda üz tutduğu təbii qaz ixracatçılarından biri də Azərbaycan idi. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Bakıya gələrək Azərbaycanla enerji əməkdaşlığına dair memorandum imzaladı, Bakıdan 2027-ci ilədək Avropaya qaz nəqlini ikiqat artırmağı xahiş etdi. Hazırda Azərbaycan bu memorandumda nəzərdə tutulan müddəaların icrası üçün real addımlar atır, lakin müəyyən ehtiyatlar toplayan Avropa İttifaqından əvvəlki aktivlik müşahidə olunmur. Üstəlik, bir sıra Qərb mənbələri Azərbaycanın qaz ixracını artırmaq potensialının olmadığı görüntüsü yaratmaqla məşğuldular.

Azərbaycan isə öz planlarını həyata keçirmək üçün fəaliyyətlərini davam etdirir. 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 40,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 21,8 milyard kubmetri “Şahdəniz”dən, 0,5 milyard kubmetri “Abşeron”dan,  7,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz, yəni 1,6 milyard kubmetr artımla qaz hasil edilib.

Azərbaycan Avropaya nə qədər qaz ixrac edib: Diqqət çəkən rəqəmlər -  01.11.2021, Sputnik Azərbaycan

Bu iln 10 ayında Azərbaycan 11 milyard 409 milyon 531,09 min dollar dəyərində 20,4 milyard kubmetr qaz ixrac edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə idxalımız 326 milyon 571,79 min dollar dəyərlə 2 milyard 96 milyon kubmetr təşkil edib. Ötən ilin eyni dövründə qaz idxalımız 79 milyon 372,04 min dollar dəyərlə 680 milyon 244,22 min kubmetr olmuşdu. Bu ilki idxalın 182 milyon 801,16 min dollarlıq 1 milyard 281 milyon kubmetri Türkmənistandan, 143 milyon 225 min dollarlıq 800 milyon 666 min kubmetri Rusiyadan, 541,09 min dollarlıq 14 milyon 255 min kubmetri İrandan reallaşıb. Bu dövrdə Rusiyaya 55 milyon 510,51 min dollarlıq 326 milyon 532,4 min kubmetr, İrana isə 434,98 min dollarlıq 11 milyon 460,13 min kubmetr qaz ixracımız qeydə alınıb.

Bundan əlavə, Avropaya 9,8 milyard kubmetr, Türkiyəyə 8,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 4,7 milyard kubmetr qaz nəql olunub.

Bu günlərdə energetika naziri Pərviz Şahbazovun Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və energetika naziri Csaba Lantos ilə görüşlərində Azərbaycan qazının bu ölkəyə nəqli məsələsi müzakirə olunub. İyun ayında SOCAR ilə Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.” arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb.

Avqustda isə Siyarto 1 milyard kubmetrlik qaz alışına dair razılaşma əldə olunduğunu elan edib

Bundan əlavə, Azərbaycan imzalanmış sazişə uyğun olaraq gələn ildən Serbiyaya qaz nəqlinə başlayacaq. Bu ilin fevralında Bolqarıstan və Serbiyanın qaz nəqli sistemlərini birləşdirmək üçün nəzərdə tutulmuş interkonnektorun tikintisinə başlanılıb. Bu ilin sonuna, ən geci yeni ilin birinci rübünün sonuna kimi onun tikintisinin başa çatdırılacağı gözlənilir. Müvafiq olaraq, interkonnektor hazır olduqdan sonra Azərbaycan Serbiyaya 400 milyon kubmetr qaz ixrac etmək iqtidarındadır. Bu kiçik həcmdir. Gələcəkdə Serbiya Azərbaycandan hər il 1,5 milyard kubmetr qaz idxal etmək istəyir.

Azərbaycan qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəmərinin (IGB) illik ötürücülük gücü 2025-ci ildə indiki 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırıla bilər. Bolqarıstan mətbuatının yazdığına görə, qaz kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsinə bu ilin yayından başlanılıb. Prosesin yekunlaşdırılması istiqamətində növbəti addımlar ICGB tərəfindən qonşu ötürücü sistem operatorları ilə razılaşdırılaraq həyata keçirilir.

Qaz kəmərinin Yunanıstan və Bolqarıstanın qonşu ötürücü sistemləri ilə birləşdirilməsi nöqtələrində ötürücülük qabiliyyətinin artırılması üçün birgə texniki tədqiqatların başlanması gözlənilir.

Azərbaycan cari ildə 826,6 milyon dollarlıq təbii qaz ixrac edib - AZƏRTAC

Xatırladaq ki, Bolqarıstanın “Bulgargaz” şirkəti “Şahdəniz-2" layihəsi çərçivəsində ”Şahdəniz" konsorsiumu ilə ildə 1 milyard kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb.

Avropanın şimalı və mərkəzindən fərqli olaraq Cənubi Avropa ölkələri qaz təchizatında ciddi problemlərlə üzləşirlər. Ukrayna Rusiya qazının öz ərazisindən nəqlini 2024-cü ilin dekabrından sonra tam dayandıracağını açıqlayıb. Bu isə Cənub- Şərqi Avropa ölkələri üçün böyük problemlər yaradacaq. Azərbaycan qazı bu problemlərin aradan qaldırılmasında böyük rol oynaya bilər...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR