İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən ay Rusiyanın taxıl ixracı 37 faiz azalıb

320 04.12.2023 20:43 Dünya A A

Bu ilin noyabr ayında Rusiyanın taxıl ixracı 4,017 milyon ton təşkil edib. Rusiya Taxıl İttifaqının monitorinqinə əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz azdır.

Birliyin analitik departamentinin direktoru Yelena Türinanın İnterfaks-a verdiyi məlumata görə, aylıq həcmlərin azalması mövsümün əvvəlindən (2023-cü il iyulun 1-dən) ilk dəfədir ki, baş verib. Buğda ixracı 44 faiz azalaraq 3,1 milyon tona, arpa 42 faiz azalaraq 334 min tona düşüb.

Eyni zamanda qarğıdalı ixracı 2,2 dəfə artaraq 518 min ton təşkil edib. Noyabr ayında çovdar və yulaf ixracı qeydə alınmayıb, halbuki ötən ilin noyabrında 25,5 min ton çovdar, 11 min ton yulaf ixrac olunmuşdu: “Ümumilikdə, mövsümün əvvəlindən 30,5 milyon ton əsas taxıl növü ixrac edilib ki, bu da ötən mövsümün eyni dövrü ilə müqayisədə 17 faiz çoxdur. O cümlədən buğda ixracı 25,4 milyon ton təşkil edib ki, bu da keçən illə müqayisədə 9 faiz çoxdur”.

Onun sözlərinə görə, ötən ay ixracın azalması ilk növbədə cənubda hava şəraitinin əlverişsiz olması, xüsusən də ayın sonunda fırtına səbəbindən daşınmaların dayandırılması ilə bağlı olub: “Nəticədə Rusiyanın Qara dəniz regionu limanları ilə yükdaşımalarda güclü azalma qeydə alındı. Xüsusən Novorossiyskdə ötən ilin noyabrında 2 milyon 099 min ton ixraca nisbətdə builki ixrac 29 faiz azalaraq 1 milyon 493 min tona düşüb. Avtomobil yolu ilə ixrac 1 milyon 578 min tona qarşı 46 faiz azalaraq 722 min tona düşüb. Rostov-na-Donu limanı vasitəsilə 578 min ton yük daşınıb ki, bu da bir il əvvəllə müqayisədə 24 faiz - 758 min ton azdır. Tamanda isə ixrac 54 faiz, Tuapsedə 35 faiz azalıb”.

Birliyə görə, noyabr ayında buğda alışında lider Türkiyə olub. Lakin alışlar bir il əvvəlki 999 min tona qarşı 22 faiz azalaraq 778 min ton olub. İkinci yerdə 302 min ton buğda ixrac olunan Banqladeşdir ki, bu da ötən illə müqayisədə (208 min ton) 45 faiz çoxdur. Üçüncü olan İndoneziyaya tədarük 174 min ton təşkil edib. Ötən mövsümün noyabrında bu ölkəyə ixrac olmayıb. Tanzaniya dördüncü yerdədir. Noyabrda bu ölkəyə 143 min ton buğda göndərilib ki, bu, keçən ilin noyabr ayı ilə müqayisədə dörd dəfə çoxdur. Beşinci yerdə bir il əvvəlki 803 min tondan 142 min tona qədər alışı azaldan Misir dayanıb.

Rusiyanın dekabrdan ixracını qadağan etdiyi bərk buğdanın əsas alıcısı Türkiyə olub. Noyabrda qardaş ölkə Rusiyadan keçən ilki 26 min tondan 55,7 min tona yüksəlib.

Rusiyadan buğda ixracatçılarının sayı kəskin azalıb. Ötən ilin noyabrında bu işlə 110 şirkət məşğul idisə, bu il say 42-yə düşüb.

Bazardakı qiymət konyukturasından danışan ekspert bildirib ki, noyabrda Avropa buğdasının qiymətləri ay ərzində cüzi dalğalanmalarla sabit olub. Noyabrın 1-də 1 tonu 248 dollar, dekabrın 1-də isə 247 dollar təşkil edib. Amerika buğdasının qiyməti 2,7 faiz artaraq bir ton üçün 262 dollar olub. Rusiya buğdasının (FOB Novorossiysk) qiyməti 6,2 faiz artaraq bir ton üçün 241 dollara çatıb ki, Türinanın sözlərinə görə, bu, pis hava şəraiti ilə əlaqədar tədarükün məhdud olması ilə bağlıdır.

Ay ərzində buğdanın dollarla ifadəsində ixrac rüsumu noyabrın əvvəlindəki 52,8 dollardan bir ton üçün 20 faiz azalaraq 42 dollara düşüb. Ekspert hesab edir ki, bu, ixracın gəlirliliyinin artmasına səbəb olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR