İnsanlara hürriyət, millətlərə istiqlal!

On milyon deputat

1945 27.05.2022 09:20 Yazarlar A A

“Ziyarət ucuz olanda, savabı az olar”

(modern ata sözü)

Bir Hacı olaraq Həcc ziyarəti qiymətlərinin adambaşına 10 min manata qalxmasına etiraz edən zəhmətkeşlərimizə qoşuluram. O da maraqlıdır ki, belə bahalaşmaya etiraz edənlər adətən ziyarətə getməyə heç bir imkanı olmayan adamlardır. Pis çıxmasın, özümüzü ağzı ətə çatmayan pişik kimi aparırıq. Yəni Səudiyyə sabah ziyarətin qiymətini lap 1000 manata salsın, guya uca millətimizin neçəsində ora getməyə pul tapılacaq? Ərəblər bunu yaxşı bilirlər, ona görə də qiyməti qaldırırlar. Rəislər, prokurorlar, icra hakimləri, JEK müdirləri, bələdiyyə sədrləri, o cümlədən bu şəxslərin valideynləri və kliplərinə sponsorluq elədikləri manıslar - bizim dini ziyarət kontingenti adətən çox cüzi istisnaları çıxmaq şərti ilə, bu cürdür. Məsələn, şeyxin bir qudası vardı, həmişə lovğalanırdı ki, 27 dəfə Həccə gedib. İndi onun üçün 28, 29, 30... -cu dəfə Məkkəyə getmək nə problemdir? Malını çırpışdırdıqları adamların canı sağ olsun. Camaatın axırıncı eşşəyini əlindən alıb, bahalı avtomobillər qarajı saxlayanlar bizim əsas dindarlarımızdır.

Hərçənd indi nə qədər fikirləşdim, heç yadıma düşmədi: Xudayar bəy Həcc ziyarətində olmuşdumu, yoxsa bu arzu ancaq Məmmədhəsən əmiyə xas idi? Əsəri təzədən oxumalıyam.

Biz adətən səbəbi qoyub, nəticəni müzakirə edirik. Bələdiyyə sədrinin oğlu əsgərlikdən yayınıb avtoşluq eləmişdi, bu mövzuda da heç kim adiministrasiyadan, MSK-dan, Ədliyyə Nazirliyindən hesabat istəmədi. Ki, bu yoldaş hansı yollarla bələdiyyə sədri qoyulubdur, niyə ona medal vermisiniz, camaatın canına salmısınız?

Hazırda “Referendum olacaq, konstitusiyanı dəyişmək, parlament üzvlərinin sayını artırmaq istəyirlər” temasının müzakirəsi də bu müzakirələr zəncirində növbəti qırıq həlqədir. Guya indiyə qədər olan konstitusiyadakı hansı haqlarımız tanınmışdı? Parlamentdə deputat sayı 125 olanda, neçəsini seçməyimizə imkan verilirdi? 5 nəfər - bir əlin barmaq sayı qədər belə deputatı saya bilərsinizmi? İndi referendum edib deputat sayını 150-yə qaldıraq. Lap 1500 deputat olsun. Hətta radikal təklif edirəm xalqımızın hamısını deputat elan edək, dünyada ilk dəfə deputat-xalq kimi tarixə düşək. 1989-da meydana düşüb “ilin xalqı” adı almağımız kimi. Səsvermə düymələri də internetdə, hansısa saytda qoyulsun, xalqımız asudə vaxtlarında - körpünün altındakı qul bazarından evə gələndə gedib qanun projelərinə səs versin. İşsiz əhalinin qanunları da işsiz və dişsiz olur. 

Referendumu da ildə dörd-beş dəfə keçirək. Onsuz konstitusiyamızın 1995-ci ildəki variantından, deyəsən, bircə gülməli maddeyi-cümlə salamat qalıb: “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır”. Hansı xalq? Yox bir, fisincan-plov, sarımsaqlı doğramac...

Təzə idman naziri gəlir, köhnə nazirin qaynını hovuzun müdirliyindən qovur. Köhnə baş maşinist gedir, onun yerinə müavinini dövlətdən xəbərsiz “təyin edirik”, məlum olur bu yoldaş da köhnə müdirin yerlisidir, bəlkə lap qahımıdır. O səbəbdən, məncə, konstitusiyamızı referendum üsulu ilə dəyişməkdənsə, dünyanın hansısa ölkəsindən bizimkinə oxşar, qohum konstitusiyanı götürüb işlədək. Kim nə deyəcək? Bu bizim suveren hüququmuzdur.

Ümumiyyətlə, guya qanunlar olmasa sabah açılmır? Britaniyada, İsveçdə, Kanadada, İsraildə konstitusiya yoxdur, acından ölmürlər ki? Elə müqəddəs dinimizin hökm sürdüyü Səudiyyə və Liviyada da həmçinin, konstitusiya yerli-dibli olmamışdır. Nəticədə vaxtaşırı referendum qayırıb bunu dəyişməyə də lüzum görmürlər. Həccə gedəndə bu təcrübəni öyrənmək, qayıdıb Hacı Məzahir müəllimlə bölüşmək lazımdır. Sözgəlişi, yaxşı olar zəvvarlarımızla bərabər MSK və başqa əlaqədar orqanların nümayəndələri də ziyarətə göndərilsin. Çünki vəziyyətimiz belə göstərir ki, orada bəziləri şeytana atdığı daşın üzərinə ultrabənövşəyi mürəkkəb yaxmır. Bu da ölkəmizin rifah halına mənfi təsir edir, əlləm-qəlləm işlərin artmasına səbəb olur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR