İnsanlara hürriyət, millətlərə istiqlal!

On günə 30 min artım  

2714 02.10.2023 12:19 Yazarlar A A

 

Livanda Hizbullah təşkilatı güclü olduğundan, çoxlu sayda şiə qərdeşlərimiz yaşadığı üçün ermənilərin səfirliyimizə hücumu bizi təəccübləndirmədi. İran da belə bir yerdir. Neçə vaxtdır əziz-xələf Ermənistanı öpüb gözlərinin üstünə qoyurlar. Deyirlər Zəngəzur dəhlizi açılsa özümüzü partladarıq. Cənabi Allah hər kəsə belə qonşu qismət eləsin, amin.

Bəlkə İranı yola vermək olar, ancaq bu Livanın ermənipərəstliyi anekdot kimi zaddır. Ərazisi cəmi-cümü 10 min kvadart kilometr olan, oyuncaq bir dövlətdir Livan. Müqayisə üçün: təxminən bizim əski Dağlıq Qarabağ boydadır. Yəni, Azərbaycan istəsə bu Livanın aşını 24 saata bişirər. (Son vaxtlar belə şeylər yazmaq və oxumaq adama xoş gəlir, görünür uzun müddət əzginlik içində qalmağımız səbəbindəndir). Getsinlər dua eləsinlər – qonşumuz olmadıqları üçün. Hərçənd, İsrail da bəs eləyir, başqasına ehtiyac yoxdur. Vaxtaşırı girib Livanda kim lazımdırsa tutub şapalaqlayırlar. Ancaq yenə də Livan ermənilərinin Beyrutdakı səfirliyimizə hücumu adamın pisinə gəlir. 3 il qabaq Beyrut limanında gübrə anbarı partlamışdı, Livan dövləti faktiki sıfırlanmışdı. Hökumət-zad hamısı qaçmışdı. Hal-hazırda da Livanın 100 milyard dollarlıq xarici borcu var, gələcəyi naməlum bir yerdir. Bu yerdə bir ata sözümüz yada düşür: “Hamıya gələr gözü qara, qələm qaş, Bizə gələr sallaq burun, keçəl baş”.

Livan orda İrəvanla qardaş dursun, nəql edək başqa xarici düşmənlərdən.

Bu yaxında Qarabağ erməniləri Gorus yaylağına qalxanda Ermənistan hökuməti 70 min adamın ərazini tərk etdiyini açıqladı. Sonrakı günlərdə bu rəqəm 100 minə çatdırıldı və səhv eləmirəmsə, orda dayandılar. Ancaq hələ 70 min olanda mən yarızarafat yazmışdım ki, azdır, bunu qaldırıb 700 min eləmək lazımdır. 1915-ci il haqda erməni yalanlarına nəzərən bunu yazmışdım. Bildiyimiz kimi, orda köç zamanı ölən Osmanlı erməni sakinlərinin sayı zamanla şişə-şişə gedib və hazırda ermənilər və onların yalançı havadarları milyon yarım rəqəmi üzərində dayanıblar. Guya bu qədər erməni öldürülüb. Türk tarixçiləri o iddialara vaxtaşırı elmi, tarixi, dəqiq cavablar verib puça çıxarıblar, üstündə durmaq istəmirəm, kimə maraqlıdırsa internetdə minlərlə yazı, süjet tapa bilər. Sadəcə, həmişə bizi düşündürürdü ki, yalanı nə cür şişirdib bu vəziyyətə gətirmək olar, axı hamı faktları bilir?! İndi biz tarixə bu Göbbelsvari yanaşmanın canlı şahidləriyik. 29 sentyabrda Nyu York Tayms qəzetində ermənilərin Qarabağdan köçü haqda yazı dərc edilib. “Qafqazda uzun və qanlı münaqişənin qəfil, sarsıdıcı sonu” başlıqlı məqaləni rus İvanla (həqiqətən adı İvandır, qəzetin Moskva müxbiridir – Z.H) ingilis Endrü yazıb. Bunu ona görə xüsusi vurğulayıram ki, mahiyyətcə ABŞ və Rusiyanın bizə, bizim haqlarımıza münasibətlərində böyük fərqlər olmadığını görürük.

Yazıda əleyhimizə çoxlu böhtanlarla yanaşı, maraqlı nəticələr, faktlar da var, insafən. Məsələn, deyir 2001-ci ildə Ki Vest danışıqlarından sonra ABŞ prezidenti Corc Buş bu münaqişə ətrafındakı nəticəsiz, uzun danışıqlardan o qədər bezibmiş ki, köməkçilərinə tapşırıbmış: “Mənim yanımda nədən danışırsınız danışın, bircə Qarabağın adını çəkməyin”. Yazıq Buş. Onu başa düşürük.

Müəlliflər və onlara intervü verən beynəlxalq erməni ekspertləri isə əməliyyatın cəmi 24 saat çəkməsindən, effektivliyindən şoka düşüblər. Belə gözləmirmişlər. “Mən elə bilirdim ermənilər dağlara çəkilib döyüşəcəklər” – biri elə bu cür deyir.

Ancaq mövzumuz olan cümləyə keçirəm, bəsdir: “Keçən həftəyə qədər əhalisi 150 000 nəfərə qədər olan bu kiçik, öz müstəqilliyini elan etmiş respublika keçmiş Sovetlər Birliyinin siyasi və diplomatik landşaftının ayrılmaz hissəsiydi”. Sitatın sonu.

Buyurun. Heç “dqr”in qırxı çıxmayıb, artıq Nyu Yorkda onun miqrasiyasını 150 min nəfər elan ediblər. Baxmayaraq hətta separatçıların özləri də həmişə uzağı 120 mindən dəm vurardılar. On günə 30 min artım – bərəkətli miqrasiyadır.

İl mərasiminəcən sayın neçəyə qalxacağını proqnoz edirsiniz? Mən 250 min iddia edirəm. Sonrasına baxacağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR