İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölü daşıyan oliqarx

2220 22.09.2022 09:40 Yazarlar A A

 

Gömrük Komitəsində Anar Həsənov adlı polkovniki işdən qovublar, çünki o, administrasiyada keçmiş şöbə müdiri Əli Həsənovun qardaşı oğlu imiş. Bu dəqiqə Əli Həsənovun qohumu, qardaşı, tələbəlik yoldaşı kimi vəzifələri daşımaq təhlükəlidir. Ancaq məni düşündürən bu deyil. Mənə Əli müəllimin qardaşının adı gülməli gəldi. Təsəvvür edin, onun adı İsa imiş. Nə qədər gözəl təsadüfdür. Azərbaycan müxalifətinin iki tanınmış simasının adaşları bir ailədə mehriban şəkildə böyümüşdür, bəlkə uşaq vaxtı hansısa o birinə kəllə atıb, deyə bilmərik.

O cümlədən İsa Həsənovun (bu da Əli müəllim fıs çıxana qədər Sabunçuda icrabaşının müavini olmuşdur) öz gömrükçü oğluna Anar adı qoyması maraqlı təsadüfdür. Çünki İsa Qəmbər də eynilə, AYB sədri Anarın yaradıcılığını əzbərləyibdir. Milli Düşüncə Mərkəzinin seminarlarından biri Təhminə və Spartakın münasibətlərinə həsr edilibdir.

Nəsə, keçmişi qurdalamayaq, gələcəyə nikbin nəzərlərlə baxaq. Keçmiş MTN zabitlərinə 10-12 il yamadılar, hakim onların duzlu göz yaşlarına inanmadı. Keçmiş “Sabes” naziri Səlim Müslümovun (nə qədər müsəlman bir söz birləşməsidir!) məhkəməsi isə davam edir, orada yeyinti faktları, mexanizmləri açıqlanıb. Səlim müəllim nazirlik sistemində cənazə maşını sürən adamın, mühasibinin gözəllik salonunda dırnaq yonan qızının adına şirkətlər açırmış, sonra dövlət büdcəsindən ayrılan milyonları o saxta şirkətlərin adına köçürüb qapazlayırmış. Görünməmiş hadisədir. Heç indiyə qədər bizim ölkədə şapka, otkat əhvalatları qeydə alınmamışdı.

Burada bir az da simvolik işlər olubdur, çünki Səlim müəllim kimi oliqarx məmurların sayəsində bu gün iqtisadiyyatımız elə cənazə maşınında aparılan meyitə oxşayır. Yaxşı ağıçı arvadlar, ulayan manıslar lazımdır ki, iqtisadiyyatımızı qabağına qoysun, üstündə ağlasın, zırlasın, saç yolsun. Qəbirqazan da lazımdır, ölünü axırda dəfn eləmək üçün, ortalıqda qalsa iqtisadiyyatımız iylənər.

Şekspirin “Hamlet”indən bu məqamda sitat verək, yoxsa oxucular elə bilər biz ancaq Əli Həsənovun taleyini izləyirik, ciddi ədəbi zövqdən məhrumuq:

“Ulu Sezar çürüyərək torpaq oldu məzarda,

Hökmü ilə gərdişin o, suvaq oldu divarda".

Bəli. Heç kim dünyanı tutub getməyəcək. Gəlin Səlim müəllimə rəhmət oxuyaq.

Ancaq ölü maşını sürənin və dırnaq yonanın adına çoxlu şirkətlərin çıxması bəzi tənqidçiləri (Əli, İsa və başqaları) susmağa vadar etməlidir. Çünki yeri gəlsə, bu faktlar iqtisadi azadlıq, rəqabət məcəlləsi, liberal bazar kimi şeylərin ölkəmizdə isbatı olaraq xaricdən maliyyələşən qara qüvvələrin gözünə girməlidir. Gör bizdə adamların kimliyinə fikir verən varmı? Günortaya qədər ölü maşını sür, nahardan sonra “Sobes” üçün evlər tikən şirkəti idarə elə. Bir gün gözəllik salonunda şellak elə, o biri gün şıllaq ata-ata yoxsullara penisiya payla. (Yəqin oxucular burada şübhə ilə düşünürlər ki, görəsən müəllif şellak sözünü hardan bilir. Əlbəttə, mənim də Səlim müəllimlə əlbir şirkətim var idi).

Sonda onu da qeyd edim ki, başımıza gələn proseslər xalqın universitetlərə qəbul zamanı ixtisas seçimində həmişə səhvə yol verdiyini göstərir. Mən dəqiq bilirəm, o ixtisaslar arasında cənazə maşını sürən və gözəllik salonu işlədən ixtisasları yoxdur. Ancaq görürsən, əlləri pulnan oynayırmış. 

Dəqiq bilmirəm, bəlkə də “oliqarx” sözü qədim türk sözü olub “ölü daşıyan” deməkdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR