Xəbər verdiyimiz kimi, Bakıda yaşayış binasının liftində autizmli azyaşlıya qarşı zorakılıq edilməsi cəmiyyətdə ciddi narahatlıq doğurub.
Hadisə Əliəşrəf Əlizadə küçəsi 57 ünvanında yerləşən yaşayış binasında baş verib. Sosial şəbəkələrdə yayılan müşahidə kamerasının görüntülərində 29 yaşlı Ayxan Ağalarovun liftə minmək istəyən autizmli uşağı itələyərək yerə yıxdığı əks olunub. Hadisədən sonra azyaşlıya fiziki zor tətbiq edən 29 yaşlı A.Ağalarov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Zərərçəkmiş uşağın anası Fidan Abdulla bildirib ki, hadisədən sonra oğlu ağır psixoloji sarsıntı keçirib və bir neçə saat danışa bilməyib:
"Oğlumu heç vaxt tək qoymuram. Sadəcə mən gələnə qədər liftə girirdi. Mən çatanda gördüm ki, ağlayır, özündə deyil və danışa bilmir. Nə baş verdiyini soruşdum, amma heç nə cavab vermədi. Evə apardım. Təxminən 4-5 saat danışmadı. Sonra dedi ki, liftdə onu bir oğlan vurub. Əvvəl düşündüm ki, bunu başqa uşaq edib. Sonradan öyrəndim ki, bunu edən 29 yaşlı şəxsdir".
Onun sözlərinə görə, görüntüləri paylaşmaqda məqsədi digər valideynləri də xəbərdar etmək olub:
"İstədim valideynlər bilsinlər ki, belə insanlar aramızda yaşayır. Qısa müddətdə polis əməkdaşları onu saxladı. Dispanserə yerləşdirilib. Valideynlər uşaqlarını nəzarətsiz qoymasınlar"
Fidan Abdulla əlavə edib ki, hadisədən əvvəl həmin şəxsi tanımayıb:
"Mən həmin gün öyrəndim ki, bizim belə bir qonşumuz var. Onu tanıyanlar deyirlər ki, özünü qəribə aparırdı".
Şahanə Rəhimli
Musavat.com






