İnsanlara hürriyət, millətlərə istiqlal!

O tayı poliqon olan Arazın bu tayı da poliqon oldu – Qardaşların güc nümayişi

3517 05.12.2022 15:36 Analitika A A

Uzun illər İranla Azərbaycan arasında qarşılıqlı anlaşmaya, ikitərəfli əməkdaşlığa, mehriban qonşuluq münasibətlərinə dair diplomatik cümləpərdazlığa bürünən ifadələrlə danışmaq dövrü artıq arxada qalıb.

İran ordusu bir neçə ay fərqlə Bəndər-Abbas, Yəzd, Kirman, Fars\Ərəb körfəzinə yaxın tərəfləri qoyub, basa-basa gəlib cənub sərhədlərimizdə hərbi təlim keçirəndə, Araz çayının bir qolunun üzərindən ponton körpü ataraq, “düşmən üzərində çaydankeçmə hücumu” təşkil edəndə artıq qarşılıqlı anlaşmanı da, mehriban qonşuluq münasibətlərini də sıfırlamış oldu. Bu hərəkətlər Tehrandan səslənən bəyanatların nə qədər saxta olduğunu bir ləhzədə göz önünə sərdi.

Azərbaycan hökuməti və xalqı heyrət içində bu təlimləri izləyərkən, nə baş verdiyini, bu düşmənçilik aktının haradan, nədən qaynaqlandığı anlamağa çalışarkən 125 ildir xalqımızla düşmənçilik havasına girmiş ermənilər əllərini bir-birinə sürtərək gedişatı məmnunluqla izləyirdilər. Onlar durduq yerdə güclü bir müsəlman ölkəsinin simasında müttəfiq tapdıqlarına sevinirdilər və oturub-durub arzu edirdilər ki, münasibətlər bir az da gərginləşsin, iki ölkə öz aralarında hərbi əməliyyatlara başlasın, su bulansın, özləri isə yenidən Həkəridə, Qaragöldə balıq tutsunlar.

Bu, o müsəlman-şiə ölkəsidir ki, prinsipcə, Azərbaycanın ən böyük-arxa dayağı olmalıydı. Olmalıydı, amma olmamışdı, əksinə, İran dövləti Arazın o tərəfində durub silah və söz oynatmaqla, ermənilərə dəstək ifadə etməklə, ölkəmizdəki mənfi reputasiyasını bir az da korlamaqla məşğul idi.

 9dc6386f-129a-4fc2-9098-089050d41ec4.jpg (113 KB)

Xalqımızı hiddətləndirən, hakimiyyəti narahat edən, Azərbaycanın müttəfiqlərini əndişələndirən təlimlərin sözlü (bəyanatlar, açıqlamalar) cavabıyla yanaşı, tam adekvat cavabı da verilməliydi. Nəhayət, bu günlərdə Azərbaycan ordusu Türkiyəni təmsil edən hərbçilərlə birlikdə hərbi təlim keçirərək, göstərdi ki, bizim tanklar da səhra şəraitində tozanaq qopara bilirlər. Onlarla yanaşı, hər kəsə görk oldu ki, desantlarımız çay üzərindən ponton körpü sala, xüsusi təyinatlılarımız silahla ustalıqla davrana, artilleriya batarayelarımız şərti hədəfi son dərəcə dəqiqliklə vurmağı bacarırlar.

Bu təlimlər, əlbəttə, təkcə İrana cavab deyil, eyni zamanda 44 günlük müharibənin ağır-acısını, məğlubiyyət qəhərini birtəhər udub, unudub özünə gələn və yenidən əlindəki silahlara dartınan, orda-burda atəşkəsi pozaraq, “hələ ölməmişik, buradayıq, təslim olmaq istəmirik” tövrü sərgiləyən ermənilərə də cavabdır. Bir qardaşın şapalağına tab gətirməyərək şil-küt olan düşmən bu görüntülərə baxaraq, o biri qardaşın yumruğunu dadmağın necə iztirablı olacağını bəri başdan anlamalıdır.

30937ef1-47a3-4774-92e3-ac9f19b98e6e.jpg (150 KB)

Bu, həm də onun göstəricisidir ki, Azərbaycan 2 il 2 ay öncə olduğu kimi, döyüş meydanında yenə də tək deyil, qardaş Türkiyə yenə də onun yanındadır və öz müttəfiqlik borcunu, öhdəliyini yerinə yetirmək əzmindədir.

Hərbi təlimlərə dair videolardan görünür ki, əsgərlərin bacarığı, səriştəsi ilə yanaşı, döyüş əhval-ruhiyyəsi, qətiyyətləri də yerindədir və onlar müvafiq əmr alacaqları təqdirdə bir saniyə belə tərəddüd etmədən döyüş meydanına atılacaqlar.

Məkrli, qisasçı qüvvələr, nəhayət, özlərinə yığışmalıdırlar, öz güclərini də, qarşılarındakının qüvvəsini də düzgün hesablamalıdırlar ki, xam xəyallara qapılmasınlar. İndi nə Azərbaycan 30 il əvvəlki zəif, bərpa etdiyi dövlətçiliyinin ömrü 1 ilə çatmayan, əliyalın ölkədir, nə də Türkiyə hər dəfə həlledici məqamda okeanın o tayına boylanan, NATO-nun icazə vermədiyi təqdirdə qulağının dibindəki hərbi münaqişələrə qarışmayan, səssiz qalan iqtidar komandalarına sahibdir. Hər şey çox dəyişib – bizim üçün yaxşılığa doğru, düşmənlərçün pisliyə sarı.

0d1eefdc-7d3f-463b-b162-01fe752665c2.jpg (53 KB)

Bu təlimlər heç də o demək deyil ki, Azərbaycan və Türkiyədən İrana hər hansı bir təhlükə mövcuddur. Elə deyil. Bu ölkələr İranda yaşayan müsəlman-türk xalqına qarşı hər hansı bir aqressiv kampaniyada iştirak etməzlər, ancaq o ölkədən gələn təhdidi də cavabsız qoymazlar.

Yaxşı olar ki, İran öz gücünü onunla qatı düşmənçilik aparan və vaxtaşırı “vuraram, vuraram” deyə təhdid sovuran qüdrətli dövlətlərə qarşı cəm eləsin, onlara güc göstərməyə, daha dəqiqi, anlaşmağa çalışsın.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR