Nyu-Yorkun keçmiş meri ətrafında qalmaqallar davam edir.
Musavat.com xəbər verir ki, "Politico" saytının məlumatına görə, Nyu-Yorkun keçmiş meri Erik Adamsın yaxın çevrəsinə daxil olan şəxsə qarşı ciddi ittihamlar irəli sürülüb.
ABŞ-ın Nyu-Yorkun Cənub Dairəsi üzrə prokurorluğu Jan “Conni” Petrosyantsı sığorta fırıldağı, şəxsiyyət oğurluğu və çirkli pulların yuyulması ittihamları ilə məhkəməyə verib. 44 yaşlı Petrosyantsın 2018–2023-cü illər ərzində avtomobil sığortası sistemindən istifadə edərək milyonlarla dollar vəsaiti mənimsədiyi bildirilir.
O, Nyu-Yorkun Con F. Kennedi Beynəlxalq Hava Limanında saxlanılıb.
“Petrosyants mürəkkəb sxem quraraq sığorta şirkətlərini milyonlarla dollar zərərə salıb. Bu cür fırıldaqlar bütün vətəndaşlara əlavə maliyyə yükü yaradır”,-deyə ABŞ prokuroru Cey Kleyton bildirib.
"Politico" yazır ki, Petrosyants Adamsın mer olduğu dövrdə onun ən yaxın adamlarından biri hesab olunub. Adams tez-tez onun və qardaşının restoranlarına gedir, hətta bəzən Manhettendə yerləşən mənzildə qalıb. Həmçinin onların Nyu-Cersidə bir-birinə yaxın ərazilərdə mənzilləri olduğu qeyd olunur.
İstintaq materiallarına görə, Petrosyants və tərəfdaşları müxtəlif şirkətlər vasitəsilə saxta sığorta iddiaları təqdim edir, tibbi mütəxəssislərin məlumatlarından istifadə edir və pulları hüquq firması ilə əlaqəli maliyyə strukturları üzərindən dövriyyəyə buraxırdılar.
Qeyd olunur ki, bu, onun ilk cinayət işi deyil. O, 2014-cü ildə də oxşar fırıldaq sxeminə görə günahını etiraf edib və şərti cəza alıb. Qardaşı Robert Petrosyants isə həmin iş üzrə həbs olunmuşdu.
Bundan əlavə, Petrosyants daha əvvəl sığorta nəhəngi GEICO ilə bağlı başqa bir işdə də diqqət mərkəzində olub. Həmin işdə onun əlaqələrinin Nyu-Yorkdakı hüquq firması və siyasi dairələrlə bağlı olduğu iddia edilirdi.
Məlumatda həmçinin qeyd olunur ki, Adamsın keçmiş aparat rəhbəri Frank Karone ilə bağlı da paralel araşdırma aparılır, lakin ona qarşı rəsmi ittiham irəli sürülməyib.
Musavat.com






