İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüfuzunu qızıl sırğaya dəyişən müəllimlər: çıxış yolu nədir? - rəylər

497 13.06.2023 09:05 Gündəm A A

Son günlər hər fürsətdə məktəbin, müəllimlərin gözdən salınması kampaniyası aparılır. Sosial şəbəkələrdə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin 4-cü sinfinin müəllimi Yaqut Ağamalıyevaya valideynlərin qızıl əşyalar hədiyyə etməsini özündə əks etdirən görüntülər yayılıb. Abşeron-Xızı Regional Təhsil İdarəsi sözügedən məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın müəllim nüfuzuna xələl gətirən davranışını qınayıb və belə halların yolverilməz olduğunu vurğulayıb. Xırdalan şəhər 9 saylı tam orta məktəbdə də analoji hadisə yaşanıb. “Əlifba” bayramında müəllimə qızıl bilərzik hədiyyə edilib. 

Xırdalan 1 və 9 saylı məktəbin ibtidai siniflərinin buraxılış mərasimində valideynlərin ibtidai sinif müəllimlərinə qızıl-zinət əşyası hədiyyə etmələrinə dair yayılan görüntülərə aydınlıq gətirilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma davam etdirilir.

“İlkin məlumat belədir ki, bu, sırf valideynlərin şəxsi təşəbbüsü və istəyi əsasında baş verib. Ortada heç bir məcburiyyət yoxdur. Həmçinin bu hadisə dərs zamanı deyil, dərsdənkənar olub. Valideynlərdən də izahat alınıb. Onlar da müəllimi müdafiə edərək, bunun şəxsi təşəbbüsləri olduğunu ifadə ediblər”, - deyə cavabda qeyd olunub.

Digər  videogörüntüdə Binəqədi rayonunun 179 saylı məktəbinin qadın müəllimlərinin ölkənin rayonlarının birində maşını saxlayaraq yolun ortasında əylənməsi qeydə alınıb. Məktəbin direktoru Tural Hətəmov yayılan video ilə bağlı Musavat.com-a bildirib ki, yolda rəqs edən şəxs 179 saylı məktəbdə çalışmır: “Biz bununla bağlı hüquq-mühafizə orqanlarına da müraciət etmişik ki, məktəbimizlə bağlı qarayaxma kampaniyası aparılır. Konkret olaraq həmin şəxs bizim məktəbin müəllimi deyil. Biz araşdırmışıq ki, ümumiyyətlə, o adam heç müəllim də deyil. Sadəcə olaraq, kimsə bu videonu sosial şəbəkələrdə yayıb və əlaqəsi olmadığı halda bizim məktəbin adı hallanıb”.

Sözügedən hadisələr görüntülərlə təsbit edilsə də, bəzi hallarda əhəmiyyətsiz hadisələr ölkənin əsas problemi kimi qələmə verilir. Bu isə məktəbin az qala heç bir funksiya daşımadığını sanki təsdiqləyir. Belə getsə, valideynlər arasında “oxutmuram, əl çəkin” tendensiyası başlayacaq və bəzi yerlərdə yeniyetmə qızları məktəbə buraxmayacaqlar, oğlanları təhsildən ayırıb “bir işin qulpundan yapışmağa” göndərəcəklər. Zatən illərdir oxumaq istəyən şagirdlər uğurlarını repetitor yanına getməklə əldə edə bilir...

Müəllimlər haqqında elə bir təsəvvür yaradılır ki, sanki onlar bizim uşaqlıq təsəvvürümüzdəki kimi çörək yeyib, su içməməlidirlər, toyda-nişanda oynamamalıdırlar, daima hərbçilər kimi standart mundirdə gəzməlidirlər, şəxsi həyatları olmamalıdır və s. Məktəb və müəllimlər haqqında bu yaramaz antitəbliğata necə son vermək olar?

meleyke.jpg (66 KB)

Məleykə Əlizadə: “Dürüst cəmiyyət qurmaq üçün müəllimlərin nüfuzunu qorumaq lazımdır”

Tarix elmləri üzrə fəlsəfə doktoru, təhsil eksperti Məleykə Əlizadə “Yeni Müsavat”a bildirdi ki, müəllimlər sağlam cəmiyyətin qurucuları hesab olunurlar. Ekspert hesab edir ki, azad, demokratik, dürüst cəmiyyət qurmaq üçün müəllimlərin nüfuzunu qorumaq lazımdır: “Müəllimlərə hədiyyə verilməsi ilə bağlı kadrları sosial mediada valideynlər yayırlar. Onların məqsədi nədir? Düşünürəm ki, müəllimlərə hədiyyə verilməsi qeyri-adi hadisə deyil. Bəzi valideynlər övladları ilə məşğul ola bilmirlər, onların əziyyətini müəllimlər çəkir. İldə iki dəfə-müəllimlər günündə, 8 mart bayramında bahalı olmayan, kiçik hədiyyə verilməsində pis heç nə yoxdur. Düşünürəm ki, qızıl hədiyyə edilməsini ictimailəşdirmək doğru deyil. Müəllim qulağına sırğa taxılmasına və bunun videosunun da çəkilib yayılmasına icazə verirsə, o, müəllim adını daşımağa layiq deyil. Onun yetişdirdiyi şagirdlər onu o vəziyyətdə gördükdə düşünürlər ki, onlar da müəllim olub bahalı hədiyyə qəbul edə bilərlər. Bir sözlə, müəllimin nüfuzunu salan müəllimin özüdür. Özünə hörmək etməyən müəllimlər nəzərə almırlar ki, onların yanlış hərəkətləri yaxşı müəllimlərin nüfuzuna da mənfi təsir edir”.

M.Əlizadə vəziyyətdən çıxış yolu haqqında danışarkən qeyd etdi ki, ilk növbədə müəllimlər özləri dəyişmək üçün cəhd etməlidirlər, əks halda, heç bir tədbir effekt verməyəcək: “Yanvardan aprelə qədər respublika üzrə 5 min müəllimə təlim keçilib. Bu rəqəm daha artıq ola bilərdi, lakin müəllimlər istəmədilər. Təlim məktəbdə sağlam psixo-sosial mühitin formalaşdırılması ilə bağlı idi. İstədik ki, müəllimlər təlimdə könüllü iştirak etsinlər, nəticədə layihəni az sayda iştirakçı ilə həyata keçirdik. Qeydiyyatdan keçənlər mövzunu öyrəndikdən sonra "biz bunu bilirik" deyə təlimdə iştirak etməkdən imtina etdilər. Onlar üçün müəllimin təmiz adının olub-olmaması maraqlı deyil. İştirak edənlər isə nüfuzunu qorumağa çalışan müəllimlər idi. Onların rüşvət almaqda adları hallanmır, hədiyyə alarkən videoları paylaşılmır. Müəllimlər bahalı hədiyyə qəbul edən iş yoldaşlarını tənqid etməlidirlər. Elm və Təhsil Nazirliyinin görməli olduğu çox işlər var. Problemləri qısa zamanda həll etmək qeyri-mümkündür. Təhsil sahəsində radikal islahatlar etmək mümkün deyil. Bu gün görülən işlərin nəticəsi 10 ildən sonra görünəcək".

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov 

Millət vəkili Ceyhun Məmmədov mövzunu şərh edərkən  bildirdi ki, müəllimlərin nüfuzuna mənfi təsirin məsuliyyətini həm özləri, həm də valideynlər daşıyır: “Müəllimlər də, valideynlər də müəllimlərin nüfuzuna xələl gətirə biləcək addımlardan uzaq olmalıdırlar. Heç bir halda buna şərait yaratmaq olmaz. Bizim qarşımızda duran əsas məsələlərdən biri məktəbin, müəllimin nüfuzunun qorunmasıdır. Hər müəllim nəzərə almalıdır ki, atdığı yanlış addım bütün müəllimlərin adına yazılır. Eyni zamanda hər neqativ hadisənin ciddi şəkildə araşdırılmasının və ictimaiyyətə dəqiq məlumat verilməsinin tərəfdarıyam. Əgər qanunsuz hərəkətlərə yol verilirsə - rüşvət alınırsa, vəzifədən sui-istifadə edilirsə, lazım gəlsə, sərt, radikal addımlar atılmalıdır. Elm və Təhsil Nazirliyi də neqativ halların qarşısını almaq üçün çevik reaksiya verməli, ciddi tədbirlər görməlidir ”.

Abşeron rayonu Xırdalan şəhər 1 və 9 nömrəli tam orta məktəbin direktorları barəsində intizam tənbehi tədbiri tətbiq olunub.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hər iki məsələ ilə bağlı xidməti araşdırma aparılıb: “Araşdırmanın nəticəsi ilə bağlı bildiririk ki, 10.06.2023-cü il tarixində Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın, 11.06.2023-cü il tarixində Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Cəlalə Abdullayevanın iştirakı ilə tədbir keçirilib. Tədbirlə bağlı yayılan videogörüntülərdə valideynlər tərəfindən ibtidai sinif müəllimlərinə qiymətli hədiyyənin təqdim olunması əks edilib.

Qeyd edilib ki, bu tipli tədbirlərin təşkilinə ciddi nəzarətin olmamasına görə Abşeron rayonu Xırdalan şəhər 1 və 9 nömrəli tam orta məktəbin direktorları barəsində intizam tənbehi tədbiri tətbiq olunub. Eyni zamanda müəllimlərlə söhbət aparılıb.

Bildiririk ki, sözügedən hərəkətlər müəllimlərin etik davranış qaydalarını, xüsusilə ictimai etimad prinsipini pozmaqla müəllimin peşə nüfuzuna xələl gətirir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində müəllimlərin peşə fəaliyyətinə zidd olan belə hallara yol verilməməsi ilə bağlı dəfələrlə məktəb rəhbərlərinə təlimat və tapşırıqlar verilib, bu və ya digər hallarla əlaqədar müxtəlif cəza tədbirləri həyata keçirilib.

Göstərilən halların yenidən baş verməməsi üçün valideynləri belə təşəbbüslərdən çəkinməyə çağırırıq".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR