İnsanlara hürriyət, millətlərə istiqlal!

Noyabra qədər sülh sazişi, yoxsa yeni ərazi iddiaları?

1182 31.05.2024 10:25 Siyasət A A

Ermənistan paytaxtında revanşistlərin “at oynatması” suallar doğurur; bu ərazilər də Azərbaycana təhvil verilir...

Paytaxt İrəvanda etiraz aksiyaları davam edir. Ermənistanda həyatı iflic eləmək hesabına baş nazir Nikol Paşinyanı postundan əl çəkməyə vadar etməyə çalışan revanşçı qüvvələrin əsas məqsədi hakimiyyəti qəsb etməklə sülh anlaşmasını pozmaqdır.

Hələlik Paşinyanın özünü küçə uşağı kimi aparan etirazçı dəstələrə sərt təpki göstərməməsi, qanunazidd əməllərə güc strukturlarının dözümlü yanaşması da suallar doğurur. Sanki Paşinyan özü radikalların status-kvonun saxlanmasına yönəlik fəaliyyətinə şərait yaradır. Baxmayaraq ki, baş nazir özü də ara-sıra sülh çağırışları ilə çıxış edir. Paşinyan ermənilərə müraciətində deyib ki, onun hakimiyyəti ölkənin 29 740 kv.km ərazisinin legitimləşdirilməsi formulunu təklif edir və bu düstur ölkəni suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə aparır.

“Yeni Müsavat”ın məlumatına görə, baş nazir qeyd edib ki, rəhbərlik etdiyi hökumət “Real Ermənistan” strategiyasını hazırlayıb və bu yolla gedir: “Çətin qərarlardan keçən, lakin əsl vəd edilmiş torpağa, əsl Ermənistana aparan yeganə yol olan bu yolu birlikdə keçməliyik. Bu məsələlərlə bağlı strateji düşüncə məni sülh gündəminə və bir-biri ilə bağlı olan real Ermənistana baxışa gətirib çıxardı”. Sülh müqaviləsində Almatı bəyannaməsinə istinad edilməsi məsələsinin bəzi incəlikləri var. Bunu da  Paşinyan “Azərbaycan niyə Almatı bəyannaməsinin sülh sazişində yer almasına razı olmur” sualına cavab verərkən deyib: “Əslində sülh mətni üzərində iş çoxqatlıdır və bəzən onunla bağlı deyilən ifadələr, cümlələr, verdiyimiz şərhlər heç də sülh müqaviləsinin mətni və prosesin dinamikası ilə tanış olmayan insanlarda düzgün təəssürat yaratmır. Bəli, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi bu barədə danışdı, amma mən demək istəyirəm ki, mətn reallığı ifadə etmək baxımından bir qədər fərqli ola bilər. Artıq sülh müqaviləsinin razılaşdırılmış hissələrində Almatı bəyannaməsinə istinad var. Orada başqa bir şeydən danışırıq, indi açıqlamayacam, çünki bu, işlə bağlıdır. Bakıdan gələn mesajları izləyək. Bugünlərdə Azərbaycan Prezidenti bəyan etdi ki, Praqa anlaşması və Almatı bəyannaməsinə sadiqdirlər. Xarici işlər nazirlərinin görüşünün Almatıda baş tutması da simvolik idi. Bəzi nüanslar var ki, onların da öz nüansları var. İşlə bağlı problemlər var, amma bunları aradan qaldırmaq olar”. N.Paşinyan Azərbaycanla Ermənistan arasında müsbət atmosferin formalaşdığını da söyləyib: “Deyə bilərəm ki, bizdə indi atmosferdə ciddi dəyişiklik var, amma bu, hələ finişə çatdığımız anlamına gəlmir, imza atmaq qalır”.

Azərbaycan Ermənistandan Geqarkunik bölgəsində 12 müdafiə mövqeyini geri tələb edir.

Bu barədə isə “Hraparak” qəzeti yazıb. “Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin daha sonra hansı ərazini delimitasiya edəcəyi ilə bağlı müxtəlif proqnozlar var. Bəziləri deyirlər ki, bunlar Tavuş, bəziləri Sotk və Vardenis, digərləri isə Syunik adlanan anklavlardır. Mayın 29-da Geqarkunik rayonunun Çəmbərək icmasının Vahan kəndindən yaxınlıqdakı əkin sahələrində tədqiqatçıların göründüyü bildirilir. Onlar deyib ki, Azərbaycan bu sahədə Ermənistandan 12 müdafiə mövqeyini geri tələb edir və onların qaytarılacağına dair vəd artıq verilib”.

Yada salaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı Ermənistandakı son hadisələrə də münasibət bildirib. “Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”, - deyə İ.Əliyev bildirib. 

Paşinyanın delimitasiya prosesi fonunda “real Ermənstan” quruculuğuna başladığı ilə bağlı etdiyi müraciətdən hansı qənaət hasil olur? Revanşistlərlə bacara bilməzsə, Azərbaycana qarşı yeni ərazi iddiaları nə ilə nəticələnə bilər?

Deputat Sahib Alıyev: "Sağalmaq üzrəyəm" | 1news.az | Xəbərlər

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında öncə maraqlı bir giriş etdi. Bildirdi ki, Ermənistan baş nazirinin gələcək sülh anlaşması ilə bağlı açıqlamaları bəzən üskük oynadanın, yaxud da əlindəki ucuz malı qiymətindən xeyli baha sırımaq istəyən alverçinin davranışını xatırladır: “Bilmirəm,  kimi aldatmağa çalışır, amma söhbət Azərbaycandan gedirsə, bu, mümkün deyil. Sülh anlaşması 44 günlük savaşdan dərhal sonra belə bir təşəbbüs irəli sürən, onun prinsiplərini hazırlayan və ən əsası o haqda danışıqların ikitərəfli format çərçivəsində reallaşması üçün hərdən dəmir yumruğu da işə salmaqla gərəkən nə lazımdırsa edən Azərbaycanın təklif etdiyi kimi olmalıdır. Bizim təklif isə Ermənistan rəhbərliyinin 10-a yaxın xəritənin içərisindən tapıb çıxardığı hansısa birinə yox, beynəlxalq norma və təcrübəyə dayanır". Paşinyanın “real Ermənistan” ifadəsi işlətməsinə gəldikdə, S.Alıyev bunları söylədi: “Əlbəttə, bu, yaxşı haldır, amma onun "real Ermənistanı" ilə indiki Ermənistan arasında fərq var. Fərq var ki, imzalanacaq sülh anlaşmasından söz düşərkən “bəzi nüanslar var ki, onların da öz nüansları var” kimi dolaşıq, özündən başqa kimsənin anlamadığı fikirlər səsləndirir. Bax, o “bəzi nüanslar” və həmin o “bəzi nüansların öz nüansları” nüanssızlaşdıqdan sonra real Ermənistanla real sülh anlaşması mümkündür. Hazırda biz onun bir addımlığındayıq".

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, Ermənistanda Azərbaycana münasibətlə bağlı artıq iki mövqe aydın görünür: “Daha doğrusu, əvvəl də var idi, sadəcə, gücə, sosial bazaya söykənməyən tərəf yalnız söz səviyyəsində fikrini bildirirdi. İndi hakimiyyətə qarşı dayanan bu qüvvənin sosial bazasının olduğu ortaya çıxdı. Marginal olsa da, cəmiyyətin müəyyən təbəqəsindən dəstəyi bilindi. Paşinyan hakimiyyəti sülh müqaviləsində maraqlı olduğunu göstərir. Yerləşdikləri ərazini qoruyub saxlamağa çalışır, bu ərazilərlə kifayətlənir. Hər halda, belə görünür, amma müəyyən şərait yetişərsə, Azərbaycana qarşı yenidən ərazi iddiası ilə çıxış etməyəcəklərinə əmin deyilik”. 

A.Nağı qeyd etdi ki, hakimiyyət kənar qüvvə ilə ikinci tərəf kimi aydın şəkildə Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edir: “Amma hakimiyyətə gələrlərsə, bu mövqedə qalacaqları da inandırıcı deyil. Çünki Azərbaycanın gücü qarşısında o mövqedə qalmaq ağılsızlıq olardı. Qalarlarsa, Azərbaycanın bir az da irəliyə gedəcəyini bilməmiş deyillər. Birinci tərəfin hakimiyyətdə qalacağı daha realdır. Ona görə də noyabra qədər sülh müqaviləsi və ya çərçivə sazişinin imzalanacağı mümkün görünür”.

İlyas Hüseynov: Urmiya gölünün qurudulması siyasi prosesdir - AZƏRTAC

İlyas Hüseynov

STM-in sektor müdiri, politoloq İlyas Hüseynov bildirdi ki, baş naziri Nikol Paşinyanın “real Ermənistan” strategiyası onlar üçün ən uyğun seçim variantıdır: ""Dənizdən-dənizə Ermənistan" xəyalları ilə yaşamaq, utopik düşüncələr formalaşdırmaq indiki reallıqlarda ağılsızlıqdır. Bununla yanaşı, Azərbaycanın şərtlərini yerinə yetirməmək dövlətçiliyin itirilməsi ilə nəticələnə bilər. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın tələbləri beynəlxalq hüquqa və haqq-ədalətə söykənir". İ.Hüseynovun sözlərinə görə, Paşinyan anlayır ki, Azərbaycana qarşı yeni ərazi iddiaları və ya revanşizm dalğasının yaradılması çox təhlükəli nəticələr formalaşdıra bilər: “Paşinyanın Ermənistanda siyasi dayaqları və elektoral bazası kifayət qədər möhkəmdir. 2018-ci ildən bəri yürüdülən siyasət nəticəsində keçmiş rəhbərliyin bütün fəaliyyətinin ifşa olunması öz nəticəsini verir və praqmatik kəsim Paşinyanın arqumentlərini daha tutarlı hesab edir. Zatən, ölkəmizə qarşı bu gün Ermənistan o gücdə deyil ki, hər hansı iddia qaldırsın. Əgər ermənilər yenidən xam xəyallara düşərlərsə, layiqli cavablarını ala bilərlər”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR