İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbəti rüşvət qalmaqalı Avropada bu strukturlara inamı azaldır - ŞƏRH

385 31.05.2024 13:34 Siyasət A A

Xəbər verdiyimiz kimi, Avropa parlamenti növbəti rüşvət qalmaqalı ilə üz-üzə qalıb.

“Politico” nəşrinin məlumatına görə, Belçika polisi parlamentin ofisində “Russiagate” işi ilə bağlı axtarış aparıb. Hesab edilir ki, Avroparlamentin deputatlarına Rusiya təbliğatının “Avropanın səsi” saytı vasitəsilə aparılmasına görə rüşvət verilirmiş. İddialara görə, araşdırma mərkəzləri Avropa Parlamentinin deputatlarına “Avropanın Səsi” internet saytı vasitəsilə Rusiya təbliğatını təşviq etmək üçün pul alıblar. Polis reydləri Brüsseldəki şəxsi iqamətgahda, Avropa Parlamentinin Strasburq və Brüsseldəki ofislərində keçirilib.

Digər mənbənin verdiyi məlumata görə, Brüsseldəki şəxsi iqamətgahda, Avropa Parlamentinin Strasburq və Brüsseldəki ofislərində aparılan axtarışlar “Avropanın Səsi” internet saytında Rusiya təbliğatını təbliğ etmək üçün Avropa Parlamentinin deputatlarına müraciət edildiyi və onlara pul ödənildiyi iddia edilən “Russiagate işi” ilə bağlıdır. “Avropa Parlamentinin müvafiq əməkdaşının bunda mühüm rol oynadığına dair əlamətlər var” deyə Belçika hüquq-mühafizə orqanları bildirib. Həssas məsələni müzakirə etmək üçün anonimlik icazəsi verilmiş istintaqla tanış olan iki nəfərin sözlərinə görə, Belçika polisi mübahisəli siyasi partiya olan “Almaniya üçün Alternativ” (AfD) üçün çalışmış deputat köməkçisinin əlaqələrini araşdırır. Həmin şəxs niderlandlı Avropa Parlamentinin üzvü, ifrat sağçı Marsel de Qraaffın yanında çalışıb.

metin.jpg (38 KB)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Musavat.com-a bildirib ki, avropalı siyasətçilərin adının rüşvət qalmaqallarında hallanması yeni məsələ deyil:

“Əvvəllər də Avropa Parlamentinin deputatları, Avropa Şurasında təmsil olunan ayrı-ayrı ölkələrin nümayəndələrinin adları rüşvət qalmaqallarında hallandırılıb. Sözügedən deputatlara qarşı hüquqi müstəvidə addımlar da atılıb. Sadəcə olaraq bu dəfə məsələni fərqləndirən və mürəkkəbləşdirən məqam ondan ibarətdir ki, avropalı siyasətçilərin adı Rusiyadan rüşvət almaqda hallandırılır. Məlumdur ki, Rusiya və Avropa İttifaqı, Kollektiv Qərb arasında kəskin geosiyasi qarşıdurma var. Belə olan halda tərəflərdən birinin əks tərəfdən rüşvət alması məsələni həqiqətən mürəkkəbləşdirir. Bu baxımdan ictimai rəydə böyük maraq yaranır”.

M.Məmmədlinin fikrincə, avropalı siyasətçilərin adının rüşvət qalmaqallarında hallandırılması Avropa Parlamenti, Avropa Şurası kimi strukturların nüfuzuna ciddi zərbə kimi dəyərləndirilə bilər:

“Sözügedən faktları ilk növbədə Avropa ictimai rəyində bu strukturlara inamı azaldan faktlar kimi dəyərləndirə bilərik. Əlbəttə, unutmaq olmaz ki, Azərbaycan Avropa Parlamentindən də, Avropa Şurasından da son illərdə xeyli ədalətsiz mövqe görüb. Bu mənada rüşvət qalmaqalları bizim üçün təəccüb doğurmur. Hesab edirəm ki, Azərbaycana qarşı atılan qərəzli, ədalətsiz addımlarda da xeyli sayda şübhəli məqam var. Rusiya təbliğatını təşviq etməklə bağlı rüşvət qalmaqalı da bu strukturların fəaliyyəti ilə bağlı düşünməyə vadar edir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR