İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbədənkənar cızmaqara

1747 17.06.2022 09:50 Yazarlar A A

Milli Məclis növbədənkənar iclas çağırmışdır. Nə üçün? Zəhmətkeşlərimiz adətən “növbədənkənar” sözünü görəndə canlarına vicvicə düşür. Qorxurlar. Fikirləşirlər, görəsən, nə baş vermişdir ki, deputatlarımız növbədənkənar toplaşacaqdır. Bəlkə birdən dava təzədən başladı, neçə deputatımız və məmur uşaqları ana yurdun yolunda canından keçdi? Biz, açığı, bunu istəmirik, heç hazır da deyilik. Keçən dəfəki davalarda itirdiyimiz deputatların yerinə təkrar seçkilər keçirməyə vaxtımız olmamışdır, təzə davanı niyə başlayaq? Deputatsız dairə isə çox pis, mənfi, hətta deyərdim neqativ haldır. (Görəsən, biz niyə qəzetdə yazarkən “deyirəm”, “deyərdim” kimi sözlərdən yararlanırıq? Böyük ehtimal bu, aşıq ədəbiyyatının təsiridir. Milli Məclis hansısa növbəti, təkrar edirəm, növbəti iclasında bu istiqamətdə qanun qəbul etsə, yaxşı olar. Yoxsa bəzən qəzeti, saytı oxuyursan, sanki televizora baxırsan. Xalqı aldatmaq nəyə gərəkdir?) Deputatı olmayan seçici toy günü üzüqara çıxıb atası evinə göndərilən gəlinə oxşayır. Deputatsız dairə boşalmış təkər kimi bir şeydir. Ölkənin məclisinə nümayəndə göndərməyən camaat adam içinə çıxmasa yaxşıdır. Bunların hər biri ata sözləridir əslində, ora-burasını yonmağa vaxtım yoxdur.

“Növbədənkənar” sözü zəhmətkeşlərimizdə iqtisadi baxımdan da narahatlıq yaradır. Ötən günləri yadımıza salır. AXC- Müsavat dövründə biz dükanda çörək, ət, yağ, demokratiya, azadlıq növbəsinə dururduq, saatlarla ayaq üstdə qalırdıq, lakin birdən görürdün böyürdən əli silahlı hansısa cəbhəçi çıxdı, növbəyə kənardan, iznsiz girdi, çörəyi aldı getdi. Xalq qalırdı yana-yana.

Həmçinin parlamentariya tariximizdə deputatların növbədənkənar iclas çağırıb hansısa deputat həmkarını mandatdan məhrum etməsi, onu əlaqədar orqanların od püskürən ağzına qurban atması hadisələri olmuşdur.

Lakin təşvişə ehtiyac duymuram. Deputatlarımız bu dəfə, görünür, çox xoş məramla, məqsədlə toplaşırlar. Belə qənaətə gəlməyimə iclasın gündəliyini öncədən oxumağım səbəb oldu. Orda bir neçə qanun-filanın ikinci, üçüncü oxunuşu mövzuları yazılmışdı.

Deməli, bunlar nədirsə artıq birinci oxunuşu olmuşdur və xalqı narahat eləməmişdir. Ardından niyə qorxaq? Yaxşı olar, inşallah. Molla demişkən, pis olsaydı səsi artıq çıxmalıydı.

İkincisi, mən orada elə bir qanunun müzakirəsini gördüm ki, dərhal bu iclasın nədən növbədənkənar olduğunu qandım, anladım: “Əhalinin sağlamlığının qorunması haqda” qanuna dəyişikliklər olacaqdır.

Bəli. Mövzu budur. Bizim hökuməti, millət vəkillərini, deputatları daim narahat edən birinci mövzu əhalinin sağlamlığıdır. Ona görə növbədənkənar iclas düzəldilir. Ona görə insan ömrü uzanır, əvvəl 45 yaşda ölənlər indi 50 yaşda ölürlər. Koronaya necə qalib gəldiksə, meymun çiçəyi sərhədimizdən adlamağa qorxur. Tibbi sığorta haqda qanun həyata keçirilib, əhali sığortalı şəkildə ölür, ta salamat qalmağa heç bir qarantiya yoxdur. Fani dünyadan qopub haqq dünyasına növbədənkənar qovuşmağımıza dövlət tərəfindən hər cür dəstək var, buna görə minnətdarıq (müəllif minnətdarlıq teleqramı vurmaq üçün poçta getdi, siz də fasilədən istifadə edib özünüzə çay tökün - red.)

Elə Dünya Səhiyyə Təşkilatının müdiri Tedros müəllimin dünən ölkəmizə rəsmi səfərə gəlməsi Azərbaycanın səhiyyə islahatlarına, əhalinin sağlamlığına göstərdiyi qayğıya dünya miqyasında böyük diqqətin bariz təzahürüdür. Gəlmişkən özünü Semaşkoda ətraflı yoxlatdırıb, daxili orqanlarını müayinə etdirəcəkdir.

Ancaq hər halda, adamın ürəyinə qurd düşür. Fikirləşirsən, ayə, axı bu əhalinin sağlamlığı haqda qanunumuz dini kitablar kimi mükəmməl, gözəl,  müqəddəs, dəyişməz vəhylərdən ibarət idi, bəs indi deputatlar niyə növbədənkənar toplaşıb onu dəyişdirmək istəyirlər?

Bircə bu adamı narahat eləyir. Qalan hər şey əladır, maşallah. Namxuda.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR