İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nokaut"la təmiz Qələbənin Xankəndi akkordu - erməni yenə axmaqlıq eləsə...

1646 09.11.2023 13:28 Siyasət A A

“Nokautla təmiz qələbə...” Tanınmış rusiyalı politoloq Sergey Markov Azərbaycanın Ermənistan və erməni separatizmi üzərində qalibiyyətini idman termini ilə belə ifadə edib. “Azərbaycan Ermənistan üzərində nokautla təmiz qələbə qazanıb. Bu, dünya tarixində nadir hadisədir”, - politoloq vurğulayıb.

Həm də “heç bir pis qatqısı olmayan” təmiz, halal bir Qələbə! Azərbaycan Prezidentinin dünən – Zəfər Günü münasibətilə Xankəndindəki hərbi paradda etdiyi tarixi çıxış bu Qələbənin son akkordu sayıla bilər. Erməni tərəfi təzədən məğlub, rəzil duruma düşmək istəmirsə, gərəkdir ki, həmin çıxışı məkan, zaman amili də nəzərə alınmaqla diqqətlə dinləsin, onu emosiyasız-zadsız təhlil edib öz dərsini götürsün. Çünki Müzəffər Ali Baş Komandanın bu mükəmməl çıxışında “nokaut”u doğuran səbəblər bir-bir sadalanıb.

Biri və birincisi, İlham Əliyevin vurğuladığı kimi, erməni nankorluğudur:

84a19725-e3e3-3cc7-9185-971dccd54c12.jpg (225 KB)

“Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir. Onların bəlaları təkcə üç il bundan əvvəl başlamayıb, hələ 1990-cı illərin əvvəlində başlayıb. O vaxt Azərbaycanın çörəyini yemiş, Azərbaycanın suyunu içmiş nankor kütlə Azərbaycana qarşı, bax, bu meydanda ərazi iddiası qaldırmışdır”.

Prezidentin qonşulara digər qiymətli mesajı erməni toplumunun daima fitnəkar siyasi-hərbi rəhbərlərin ardınca getməsi ilə bağlı idi: “Bax, bu binada - Azərbaycan dövləti tərəfindən vaxtilə inşa edilən binada Azərbaycana qarşı məkrli planlar hazırlanırdı. Erməni xalqının bəlalarının səbəbkarları Ermənistana rəhbərlik etmiş şəxslərdir. Onlar hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlayacaqlar. Özləri buna o qədər inanmışdılar, xarici tərəfdaşları da inandırmağa çalışırdılar ki, onların güclü orduları var, onların güclü potensialı var, güclü himayədarları var və Azərbaycan heç vaxt torpaqları hərbi yolla azad etməyə cürət etməyəcək. Onların dəyirmanına su tökənlər, bu gün də onların arxasında dayanmış bəzi ölkələr bu məsuliyyəti onlarla 100 faiz bölüşürlər”.

Dövlət başçısının ermənilərə növbəti ciddi ismarışı da elə bu idi ki, əgər bu xalq rifaha qovuşmağı arzulayırsa, onda xarici güclərin, erməni havadarları qismində çıxış edən məkrli çevrələrin və ölkələrin əlaltısı, maşası olmaqdan imtina etməlidir. Əks halda, altını yenə özü çəkəcək. Məgər Ermənistanın hazırkı acınacaqlı, miskin durumu bunun bariz təsdiqi deyil?..

f455aad5-f97a-3238-9580-4136653f5643.jpg (486 KB)

Belə bir dərk baş verərsə, sonrası asandır. Ardınca qonşu Azərbaycan və Türkiyə ilə sülh müqavilələri, barışıq tezləşəcək. Yox, deməli, ermənilərin bəla-müsibətləri, faciələri bitməyəcək. Ona görə ki, sərsəm “mitasum” ideyası bir daha “xortlayan” deyil. Prezidentin söylədiyi kimi, Azərbaycan müharibə istəmir, amma müharibəyə də həmişə hazırdır və bütün hallarda ordunuza diqqət zərrəcə zəifləməyəcək: “Bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında duran manipulyasiyaya öyrəşmiş ölkələr yenə Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin... Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.

Yaxud Ali Baş Komandanın aşağıdakı ciddi xəbərdarlığı: “Bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın!”

Aydındırmı, cənab haylar, radikal-revanşistlər və hələ də onlara cinayətkarcasına öyrədib üstümüzə qısqırtmağa çalışan xarici havadarlar, “sülh” bağırıb əslində sülhə qənim kəsilən qlobal şər qüvvələr, hələ də “Böyük Ermənistan” haqda “çəhrayı yuxular” görən erməni lobbisi?!

c6ce4b4c-72c0-30f5-87c6-97a2572c1147.jpg (546 KB)

Ağıllı olun. Məsləhətdir ki, bir də eyni axmaqlığı edib Azərbaycan xalqının səbrini, ordumuzun gücünü sınağa çəkməyəsiniz! “Dəmir yumruq” artıq hər yerdədir - Qarabağda, Şuşada, Laçında, sərhəddə, göydə, yerdə, qulağınızın dibində!...

Yazıya S.Markovun bənzətməsi ilə başladıq. Onun başqa bir sitatı ilə də yekun vururuq: “Ölkələrin qələbəsi adətən xala görə olur. Lakin bu müharibədə Azərbaycan elə möhtəşəm, təmiz qələbə qazanıb ki, təkcə Azərbaycanın dostları yox, bütün dünya heyranlıq içindədir. Hamı heyranlıq içində Azərbaycanın bu problemin öhdəsindən 30 il sonra necə gəldiyini düşünür. Azərbaycan bu müddətdə təkcə Qarabağı geri qaytarmadı, həm də ölkəni regionun lider ölkəsinə çevirdi. Bütün bunlar Azərbaycan xalqının əməyi və Azərbaycan əsgərinin şücaəti sayəsində mümkün oldu”.

Bir də əlbəttə ki, ölkənin maddi və mənəvi resurslarını, demoqrafik, siyasi-diplomatik potensialını, bütövlükdə milləti vahid hədəf ətrafında müdrikcəsinə, səbir və ağılla, yumruq təki birləşdirib möhtəşəm Zəfərə aparan, düşmənə və onun dəstəkçilərinin topasına göz dağı verən Prezident İlham Əliyevin, qalib Ali Baş Komandanın sayəsində. Eşq olsun! Dövlətimiz, millətimiz, ordumuz və bayrağımız zaval görməsin!..

Siyasət şöbəsi,
Müsavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR