İnsanlara hürriyət, millətlərə istiqlal!

"Niyə ABŞ-ın Ermənistana kömək etmək ehtimalı azdır?"

758 11.09.2023 22:55 Son xəbər A A

“Ermənistan çox uzaqdır, çox əlçatmazdır, çox kasıbdır. Amerikanın vaxtını və ya pulunu sərf etməsi üçün çox əhəmiyyətsizdir”

“Bangordailynews.com” saytı Böyük Britaniya krallığına daxil olan Uelsdən yayımlanır. Saytda gedən “Why it’s unlikely the US will help Armenia” (Niyə ABŞ-ın Ermənistana kömək etmək ehtimalı azdır?”) adlı məqalədə son dərəcə ilginc məqamlar var. Qərb mətbuatında bəlkə də ilk dəfədir ki, bəzi önəmli məqamlar etiraf olunur. Həmin məqaləni diqqətinizə çatdırırıq.

Məqalənin müəllifi Gwynne Dyer yazır ki, ermənilər çox qədim bir xalqdır - ilk erməni çarlığı eramızdan əvvəl VIII əsrdə yaranıb. Onlar çətin bir bölgədə sərt qonşuların arasında yaşadılar və çox uzun müddət tək-tənha qaldılar. Müstəqilliklərini farslara, sonra Makedoniyalı İsgəndərə, daha sonra Romalılara və Bizans imperiyasına, Səlcuq türklərinə və Osmanlı imperiyasına və ruslara qurban verməli oldular. Hər bir mərhələdə də əllərində olan əraziləri itirdilər. Ermənistanın sərhədləri Rusiya imperiyası və Sovet İttifaqı dövründə sabitləşdi, lakin 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra ermənilər müstəqilliklərini geri aldılar və sərhəd problemləri yenidən başladı. Bir müddət qonşulara qarşı güclü müqavimət göstərdilər, amma indi isə bağışlanılmaz səhvə yol verirlər. Ermənistan və Azərbaycan 1991-ci ildə Rusiyadan müstəqillik əldə ediblər. O vaxt Azərbaycanın daxilində Dağlıq Qarabağ adlı ərazidə 150 min erməninin yaşadığı anklav və Ermənistanın bir kənarında elə bir o qədər ərazidə yarım milyon azərbaycanlının yaşadığı eksklav vardı. Beləliklə, dərhal müharibə oldu (1991-1994) və ermənilər bu müharibədə qalib gəldilər. 

xankendi-yeni1 (1).jpg (68 KB)

Rusiya keçmiş imperiya gücü kimi atəşkəslə bağlı danışıqlara kömək etdi və ona zəmanət verdi. Dağlıq Qarabağ erməniləri sovet dövründə əllərində olan bütün torpaqları üstəlik onun ətrafında yenə də bir o qədər torpağı nəzarəti ələ aldılar. Ermənistana gedən dəhliz isə rus qoşunları tərəfindən mühafizə olunurdu.

Sonrakı illərdə bütün mövcud sərhədləri yerbəyer etmək və sülh müqaviləsi bağlamaq üçün bir neçə fürsət var idi, lakin Ermənistanın təlatümlü daxili siyasəti onları sabotaj etdi. 2020-ci ilə qədər Azərbaycan öz neft sərvətindən ordusunu qurmaq və Türkiyədən dronlar almaq üçün istifadə etdi və müharibəni yenidən başladı.

Dronlar gündəmi dəyişdi. Faktiki olaraq Ermənistan tərəfindən idarə olunan Dağlıq Qarabağdakı erməni qoşunları məhv edildi və atəşkəs zamanı (Vladimir Putinin vasitəçiliyi ilə) anklavın əsas ərazisinin böyük hissəsi Azərbaycan tərəfindən ələ keçirildi. Buna baxmayaraq rus qoşunları anklavı Ermənistana birləşdirən yolu açıq saxladılar. 

putin_telefon.jpg (30 KB)

Daha uzun illər belə qala bilərdi, amma keçən il Putin Ukraynaya hücum etdi. Dekabrda azərbaycanlılar başa düşdülər ki, ruslar Ukrayna müharibədən yayınıb Ermənistan haqqında düşünmək iqtidarında deyillər. Azərbaycan bu imkandan istifadə edərək Ermənistandan Dağlıq Qarabağa aparan yolu blokadaya aldı və rus qoşunları heç nə etmədilər. 

İndi Dağlıq Qarabağda ciddi ərzaq qıtlığı var. Çarəsizlik içində olan Ermənistanın baş naziri Nikol Paşinyan yardım üçün ABŞ-a müraciət edib.

Ermənistanda hələ də Rusiyanın hərbi bazaları var, bu yaxınlarda Ermənistan və Amerika qoşunlarının birgə hərbi təlimə başlayıb.
Ermənistan Rusiyaya məhəl qoymadan Ukraynaya ilk dəfə humanitar yardım göndərdi və Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması haqqında müqaviləni (Putini hərbi cinayətkar kimi ittiham edən) ratifikasiya etməyə qərar verdi.

Ermənilərin qəzəbi başa düşüləndir, çünki ruslar onilliklər ərzində onların yeganə faydalı müttəfiqi olublar, lakin onlar yadda saxlamalıdırlar ki, Rusiyanın Ermənistanda elə bir strateji və iqtisadi marağı yoxdur. Rusiya Ermənistanı yalnız imperiya nostaljisindən və xristian həmrəyliyindən dolayı dəstəkləyə bilməz. Bunların hər ikisi olduqca kövrək motivasiyadır.

Buna görə də Paşinyanın ABŞ-ın Rusiyanın yerini tutacağını təsəvvür etməsi sadəlövhlükdür. Vaşinqton üçün Ermənistanın bu yanaşması rusları pis vəziyyətdə qoymaq üçün bir fürsətdir, lakin Ermənistan çox uzaqdır, çox əlçatmazdır, çox kasıbdır və Amerikanın vaxtını və ya pulunu sərf etməsi üçün çox əhəmiyyətsizdir. Mən hələ bu işdə amerikalı əsgərlərin həyatının dəyərindən danışmıram.

Azərbaycan yenidən müharibəyə başlamaq istəmir və şübhəsiz ki, erməni soyqırımı da planlaşdırmır. “Blokada” qeyri-qanunidir, lakin bu, yalnız Ermənistandan gələn yoldadır. Dağlıq Qarabağdakı insanlar onu Azərbaycanın qalan hissəsi ilə birləşdirən yollarla istədikləri vaxt ərzaq gətirə bilərlər. Bunu etmirlər, amma bu, sadəcə prinsip məsələsidir. 

d9e4ddc7-d9dd-4630-98b4-6261c822a826.jpg (127 KB)

Əgər nə vaxtsa Dağlıq Qarabağı Ermənistanın bir hissəsi etmək şansı var idisə, o, illər arxada qalıb. Azərbaycandakı erməni azlığı üçün yaxşı sövdələşmə hələ də mümkündür – və əgər Ermənistan hökuməti buna inanmırsa, deməli, ruslara daha çox ehtiyacı var. 

Putin həmişə dəhşət doğuran birisi olub və indi o, erməniləri tərk edib, lakin ermənilər üçün Rusiya hələ də şəhərdəki yeganə oyun mərkəzi kimi bir şeydir. Ermənilər amerikalılara stavka etməmişdən əvvəl kürdlərlə söhbət etməlidirlər.

Məqalə beləcə də bitir. Müəllif Gwynne Dyer-in kürd məsələsini yada salması, əlbəttə, təsadüfi deyil. Sözünün canı odur ki, Amerika kürdləri yarıtmayıbsa, erməniləri heç yarıtmayacaq...

Təbii ki, bu məqalədə bu və ya digər məqama, xüsusən ermənilərin bizim əsrdən əvvəl XIII əsrdə dövlətə sahib olması kimi fikirlərə etiraz etmək olar. Ancaq etiraf edim ki, son zamanlarda Qərb mətbuatında bu qədər obyektiv və rasional məqalə oxumamışdım...

Yazının orijinalını buradan oxuya bilərsiniz.

 

Elbəyi Həsənli, Sürix

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR